(Mərdanovun manifesti)
Qələndər Muxtarlı
Müəllim
Yeni tədris ili başladı, hələ üstəlik, Müəllimlər Günü də də gəldi. Təxminən 4523 məktəbdə 150 min, 59 kollecdə də 6 min 536 nəfər “Şərəfli müəllim” adını doğrultmaq üçün bu gündə 45 dəqiqə tər töküb, təmiz, vicdanı pak cibi boş evinə döndü. Sonra gördüyü fədakarlıqdan meyxoş oldu, məktəb adlı “müqəddəs məbədi” xəyalında canlandırıb qurtarmamış, yadına “Access bank”, “Bank of Baku”, “Dəmir bank” və onların ödənişləri düşəcək. Yarandığına, oxuduğuna, ali təhsil aldığına lənət yağdırıb çıxış yolu üçün variantlar axtaracaq. Başqa çarə tapmayıb bu kreditləri bağlamaq üçün “yandım aman” fəlsəfəsinin amansız çarəsizliyindən qurtarmaqdan ötrü sinfə girməmişdən öncə mühasibatlığa növbəti arayış üçün gedəcək. Beləcə, qayğılar içərisində məktəbi “məbəd” bilib yaşamaq məcburiyyətində qalacaq…
Yeni tədris ilində təhsil nazirimizin müəllimlərə xoş müjdəsi müəllimlərin sosial problemlərinin həllinə dair Milli Təhsil Konsepsiyasının aktual məqamları barədə söylədikləri oldu. Söhbət bundan gedirdi:
“Şərəfli müəllim” adını müəllim yalnız özü qazanmalıdı. Məktəbi “məbəd” bilin və buna şükür edin! Başqa fikrə düşməyin!
Bir dəfə bədahətən müəllimin maaşı, onlara dövlət qulluqçusu statusunun verilməsi haqda bir-iki söz dedim, o gündən gecəm-gündüzüm yoxdu.
Yəni, müəllimin yüksək maaş barədə fikirləşməsi seçki prosesinə az qalmış, təqribən 2013-cü ilin sentyabrına qədər ağlabatan deyilmiş. “Şərəfli müəllim” adı da ancaq müəllimə aid məsələdir. Onun nəinki hökumətə və nazirə, heç direktorlara da dəxli yoxdur.
Amma Adəm oğlu olduğumuzdan xoş xəbər eşitmək kimi hisslərə bizim də əşhədü ehtiyacımız var. Günah da olsa, hərdən adamın xəyalına gəlir ki, budur, cənab nazirimiz televizora çıxır və özünəməxsus təbəssümlə deyir:
“Çox hörmətli müəllimlər!
Bayramınız mübarək!
Təhsil Hazirliyi ciddi mücadilədən sonra bütün müqavimət göstərən qüvvələrə qalib gələrək, Müəllimlər Gününə xüsusi hədiyyəsilə əsl tarix yaratmışdır. Müəllimin “Şərəfli” adının qaytarılması məsələsinin yolunu tapmış və problemi birdəfəlik həll etmişdir. Azərbaycan müəllimi nəhayət, 1000-1500 manat maaş alacaq. Nəhayət, bu zəngin ölkəmizin sərvətindən sizə də pay ayrıldı. Azərbaycan müəllimini sosial problemlərinin həlli üçün qaz, işıq, su, xüsusən, zibil və digər kommunal xərclərdən azad edən Prezident fərmanı oxunmaq üzrədir. Artıq 10 il müəllim işləmiş şəxslərə Heydər Əliyev Fondunun hesabına təzə təmirli “novostroyka”dan mənzil, gənc, məbədə (bağışlayın, yəni, məktəbə) təzə ayaq basan müəllimlərə dərhal ev növbəsi, güzəştli ipotekalar veriləcək, 3 aylıq tətil dövrünü doğma və zəngin vətənimizdə keçirmələri üçün pulsuz istirahət düşərgələri, bağ evləri üzünüzə taybatay açıq olacaq.
Əziz Müəllimlər!
Amma təəssüf ki, qan qaraldacaq yeniliklər də var. Təhsil Hazirliyindəki bəzi müavin və idarə rəislərinin zaman-zaman etdikləri səbatsızlığın nəticəsində Azərbaycan məktəblərinə saxta diplomlar ayaq açmağa başlamışdır. Biz 29 minə qədər belə neqativ halı aradan qaldırmağa cəhd etsək də, məsələ həllini tapmayıb. Savadsız və saxta diplomlu müəllimlər nəinki dərs deyir, hətta savadlı, ləyaqətli, məktəbi “məbəd” bilən, son 19 ilin amansız həngamələrinə dözən müəllimlərə də rəhbərlik edirlər. Eşitdiyimə görə, bəzi Orta İxtisas Təhsil Müəssisələrinin direktorları 1 milyon dollar pulu bir ilə yığa biliblər. Odur ki, müəllimlərin də attestasiyasını keçirməliyik. Savadsız, saxta diplomla ləyaqətli müəllimləri “üstələyən” saxtakarları müəllimləri nəhayət, öz yerlərində oturtmalıyıq. Sizi və xalqımızı böyük gələcək, firavan həyat gözləyir. Bu həm də bizim nəhayət, xalqımıza ağlasığmaz töhfəmiz oldu”.