«Bu, ya siyasi oyundur, ya da maliyyə fırıldağıdır»
«Prezidentin qəbuluna getmək, abırsızlığıma salıb baş verənlər haqda danışmaq istəyirəm»
Heydər Əliyevdən bəhs edən “Ən adi soyad” adlı filmin çəkilişləri dayandırılıb. Filmin rejissoru Ramiz Fətəliyev bu haqda danışmaq istəməsə də, onun “Facebook” sosial şəbəkəsində yazdığı əsəbi statusdan başa düşmək olur ki, qarşı tərəfin arqumentləri onu razı salmayıb. Film Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilir. Rejissor yazır ki, mahiyyət, arqument və məntiq baxımından bu qərara bənzəyən qərarla qarşılaşmayıb. O, bu işin arxasında duranları tapacağını və hər şeyi o zaman danışacağını deyir.
Filmdə Heydər Əliyevin cavanlığını oynayanÿAlekandr Nikitinÿisə “Azadlıq” radiosuna danışıb: “Filmi dondurublar, onu dayandırıblar, mənə məlum olmayan səbəblərdən. Bu səbəblər izah olunmur. Mən bilmirəm orda nə baş verir, kim orda neyləmək istəyir. Bu ya siyasi oyundur, seçkilər öncəsi cənab prezidentin ayağının altını qazırlar, ya da bu, maliyyə fırıldağıdır. Bakıda mətbuat yazıb ki, guya, mən hər çəkiliş günümə 30 min manat alıram. Bu, böhtandır. Sənədlər var ortada axı. Mən o qədər almamışam. Mən, açığı, prezidentin qəbuluna getmək, abırsızlığıma salıb baş verənlər haqda danışmaq istəyirəm.
A.Nikitin hesab edir ki, prezident işə qarışmasa, yəqin ki, filmin davamı olmayacaq: “Çünki layihəni dondurmaq ölümə bərabərdir. Qrup dağılır, heyət dağılır. Sonra yığmaq olacaqmı? Ən başlıcası məni filmdən götürüblər. Mən indi çəkilmirəm. Məni kimlə əvəz edəcəklər? Nə baş verir, bilmirəm, ya maliyyə məsələsidir, ya siyasi oyundur. Çünki film prezidentin atası haqdadır. Bu haqda prezidentlə danışmaq istərdim. Məncə, bu, filmi xilas edərdi.
Mədəniyyət Nazirliyindən məktub gəldi və orda yazılırdı ki, filmi dondururlar. Səbəblər aydın deyil. Məktubda o da deyilirdi ki, gördükləri xoşlarına gəlib. Xoşlarına gəlibsə, niyə dondururlar? Film 2 səbəbə dondurulur. Ya film yararlı deyil və ona daha artıq vəsait xərcləməyə dəyməz, ya da maliyyə bitir.ÿBu filmi Mədəniyyət Nazirliyi maliyyələşdirir və inanmıram ki, onların pulu qurtarsın. Ikincisi də, bu film bağlanmağa layiq deyil, orda hər iş ədalətlə görülüb”.ÿ
Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru ÿMüşfiq Hətəmovÿda “Azadlıq” radiosuna bildirib ki, film dayandırılmayıb, konservasiya olunub. Yəni dondurulub. Heydər Əliyev haqda film çəkmək çətindir və bu, güclü bədii həll tələb edir. Biz çalışırıq ki, Heydər Əliyev dövlət qurucusu kimi görünsün, tarixi hadisələr olduğu kimi verilsin. Amma bədii həllini düzgün tapsın. Təxminən biz 4 min metr çəkməyi nəzərdə tutmuşduq. Artıq ondan çox çəkib başa çatdırmışıq. Sonradan iş prosesində nəzərə alındı ki, bunu daha da inkişaf etdirmək, artırmaq lazımdır. Ona görə də, film konservasiya olunub, dayandırılmayıb. Çalışacağıq ki, ulu öndərin adına layiq bir sənət əsri ortaya qoyaq.
Filmin nə zaman təhvil veriləcəyi hələlik bəlli deyil”. M.Hətəmov baş rolun ifaçısının işinin öhdəsindən gəldiyini deyir: “Azərbaycan auditoriyası Heydər Əliyevi tanıyır. Biz nəzərdə tuturuq ki, bu film xarici tamaşaçılar üçün də maraqlı olsun. Məqsəd cənab, mərhum prezidentimizi dövlətin qurucusu kimi hansı çətinliklərdən keçdiyini göstərmək üçün düzgün bədii həlli tapmaqdır. Biz onu nə tərifləmək, nə tənqid etmək istəyirik. Biz çalışırıq ki, tamaşaçı özü Heydər Əliyevin gördüyü işə qiymət versin. Bu, bir Azərbaycan oğludur. Biz film çəkirik, maraqlı mövzumuz var, tamaşaçı cəlb etmək istəyirik”.
“Ən adi soyad” filminin neçəyə başa gəlməsi haqda suala isə Müşfiq Hətəmov cavab vermədi və bunu “kommersiya sirri” adlandırdı: “Film dövlət hesabına çəkilir”.