Almurad Əliyev: “Istəyir ki, onun haqqında bildiklərimi açıb deyim, amma vaxtı var”
“Hafiz Hacıyevin nə vaxt doğru sözü olub ki, indi də olsun?!”. Bunu, Əbülfəz Elçibəyin qardaşı Almurad Əliyev Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin onun barəsində səsləndirdiyi ittihamlara münasibət bildirərkən deyib. H.Hacıyev eks-prezidentin ölümündə Almurad Əliyevi də günahlandıraraq onun kiminsə tapşırığı ilə müəmmalı ölümün səbəblərinin açılmasını istəmədiyini bildirib.
Və A.Əliyevi qorxaqlıqda ittiham edib:ÿ”Mən əlimdə olan faktlardan çıxış edirəm. Görünür, Almurad bəyin özünün də Elçibəyin necə öldüyündən xəbəri olub. Əslində əvvəl onun da marağı var idi bu işin üstünün açılmasında. Indi nə məcbur etdi ki, fikrini dəyişdi? Almurad bəyin bu işdə günahları çoxdur. Çalışır ki, günahlarını yusun”.
A.Əliyev “Azadlıq”a açıqlamasında H.Hacıyevin fikirlərinin başdan-ayağa böhtan olduğunu deyib: “Ağlı necə işləyir, elə də danışır. Qoy, hələ ittihamlar səsləndirsin. Hər şeyin vaxtı var. O istəyir ki, mən onun haqqında bildiklərimi açıb deyim. Deyən deyiləm, vaxtını gözləyirəm. Vaxtı gələndə deyəcəm. Mən bir qohumumu iki dəfə onun ofisinə göndərmişəm, üzə çıxmayıb. Deyirlər ki, ofisdə deyil. O mənim qabağıma çıxa bilər?”.A.Əliyev deyir ki, H.Hacıyev ittihamlarını davam etdirəcəyi təqdirdə, hüquq-mühafizə orqanlarından tutmuş, prezidentə qədər hər kəsə müraciət edəcək: “Lazım olsa, gedib prezidentin özü ilə görüşəcəm. Bilirlər ki, mən yalan danışan adam deyiləm. Düzdür, mən demişəm ki, Elçibəy zəhərləndi, ona görə də dünyasını dəyişdi. Amma mən onu xəstəliyinin zəhərlədiyini bildirmişəm. Bu xəstəlik uzun müddət davam etdiyinə görə, zəhərlənmə verib. Indi ”Elçibəyi filankəs zəhərlədi” deyib qışqırmaq lazım deyil. Yalan məlumat yaymağa, nağıl uydurmağa ehtiyac yoxdur. Əgər Hafiz Hacıyev bu əməllərindən əl çəkməsə, özü həbsxanaya gedəcək”.