Bakı və Sumqayıtda ekoloji monitorinq

Monitorinqi həyata keçirən “Ekoleks”in məqsədlərindən biri də əhalinin ekoloji məlumatlılıq səviyyəsinin artırmaqdır

Ölkənin iri şəhərlərindən olan Bakı və Sumqayıda atmosfer havası yüksək dərəcədə çirklənməyə məruz qalır. Son illər ölkədə, əsasən də Bakıda və Sumqayıtın da yerləşdiyi Abşeron yarımadasında nəqliyyat vasitələrinin sayının artması səyyar mənbələr tərəfindən atmosferə atılan zərərli qazların da  miqdarını artırıb. Təsəvvür edin ki, 2009-cu ildə avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələr ümumi tullantıların 70 faizini təşkil edib.
Digər tərəfdən, hər iki şəhərdə yolların tikintisi, elektrik nəqliyyatından imtina, binaların fasadının üzlük materiallarla bəzədilməsi və s. atmosfer havasında tozun miqdarını daha da artırıb.
Bütün bu hallar insan orqanizmi üçün təhlükəli nəticələrə gətirib çıxarır və şəhər ictimaiyyətinin haqlı narazılığına səbəb olur. Bu narazılıqların elmi əsasını formalaşdırmaq üçün müstəqil tədqiqatların aparılmasına zərurət yaranıb.
“Ekoleks – ekoloji hüquq mərkəzi” ictimai birliyi ABŞ səfirliyinin maliyyə dəstəyilə “Bakı və Sumqayıtda “EcoWatch” səyyar laboratoriyası vasitəsilə əldə edilmiş informasiyalar üzrə əhalinin gündəlik ekoloji vəziyyət barədə məlumatlandırması və əldə edilmiş məlumatların, onların təhlilinin “ecowatch.az” internet səhifəsində yerləşdirilməsi” layihəsini həyata keçirir.
Layihənin məqsədi ictimai ekoloji monitorinq hesabına əhalinin ekoloji məlumatlılıq səviyyəsinin artırılmasına nail olunmasıdır.
Bu məqsədlə səyyar laboratoriya əldə edilmiş, Sumqayıt və Bakı şəhərlərində, xüsusən, əhalinin sıx yaşadığı massivlərdə monitorinq nöqtələri müəyyən olunmiş, tədqiqatlara başlanmışdır. Tədqiqatların nəticələrinin ictimailəşdirilməsi məqsədilə http://ecowatch.az internet səhifəsi yaradılır.
Toplanmış məlumatın rəsmi və müstəqil ekspertlər tərəfindən şərhi təmin ediləcək, mövcud problemlərin müzakirəsi və aradan qaldırılması yolları araşdırılacaq.