suriya-turkiye-bombalama

Türkiyə Suriya ilə müharibənin bir addımlığında

suriya-turkiye-bombalamaƏsədin əsgərləri sərhəd qəsəbəni bombaladı; Türk ordusu cavab zərbələri endirdi; ABŞ və NATO ayaqda

Türkiyə  ilə Suriya arasında müharibə təhlükəsi yaranıb. Səbəb Suriya diktatoru Bəşər Əsədə sadiq hərbi qüvvələrin daxildəki üsyançılara zərbələr endirərkən Türkiyənin sərhəd qəsəbəsi Ağçaqalanı da bombalaması və insane tələfatına yol açmasıdır.

Oktyabrın 3-də Əsədin əmrindəki əsgərlərin üsyançılara atdığı top mərmiləri Suriya ilə sərhəddəki Şanlıurfa vilayətinin Ağçaqala qəsəbəsinə düşüb. Mərmilərinin partlaması nəticəsində 5 nəfər Türkiyə vətəndaşı ölüb, 9 nəfər isə yaralanıb. Yayılan məlumatlara görə, mərmilər Suriyanın Rakka şəhərinə bağlı Təl Abyad qəsəbəsindən atılıb.
Türkiyə buna qarşılıqlı top atəşləri ilə cavab verib. Ölkənin Nazirlər Kabineti adndan yayılan məlumatda deyilir ki, Suriya hökumətinə aid silahlı qüvvələrin Ağçaqala qəsəbəsinə endirdiyi zərbələrə cavab verilib: “Bu mənfur hücuma sərhəddə yerləşən silahlı qüvvələrimiz anında cavab verib. Suriya ərazisində radarla müəyyən edilmiş nöqtələrə dərhal zərbələr endirilib, hədəflər vurulub”.

Bu gün səhər saatlarından etibarən Türkiyə-Suriya sərhəddində yenidən atəş səsləri eşidilməyə başlayıb. Türkiyə mətbuatının verdiyi məlumata görə, top səsələri Şanlıurfa şəhərinin Akçakale bölgəsi və ətrafından gəlib. Məlumata görə, Türkiyə vaxtı ilə 06.45-dən (Bakı vaxtı ilə saat 08:45) etibarən Türkiyədən Suriya tərəfinə top atışı edilib.

Suriya tərəfindən atılan top mərmilərinin şəhid etdiyi Akçakala sakinlərinin yaxınları Bəşər Əsəd rejiminə qəzəbləndiklərini bildiriblər. Qəsəbə bələdiyyəsinin sədri Akçakala sakinlərinin Suriya ilə müharibə etmək istədiklərini söyləyib.

Rəsmi məlumata görə, baş verənlərlə əlaqədar Türkiyə Xarici İşlər Nazirliyi dərhal diplomatik məlumatlandırmaya başlayıb. BMT baş katibi Ban Ki Mun və BMT Təhlükəsizlik Şurasının üzvü olan bəzi ölkələrin xarici işlər nazirləri ilə telefon danışıqları aparılıb.
Bu çərçivədə NATO baş katibi Anders Foq Rasmussenlə də telefonla danışılıb, NATO Baş Məclisinin dərhal toplaşması barədə razılıq əldə edilib.
Türkiyə bu olaya görə sərt təpki verərək, məsələyə beynəlxalq hüquq çərçivəsində yanaşılmasına çağırıb.
Ankara Bəşər Əsəd rejiminin türk xalqının təhlükəsizliyini təhdid edən hərəkətlərini cavabsız buraxmayacağını bəyan edib.

Baş verən olay Vaşinqtonla da müzakirə edilib. Türkiyə xarici işlər naziri Əhməd  Davudoğlu amerikalı həmkarı Hilari klintonla bu barədə danışıb. Türkiyə mediası xəbər verir ki, ABŞ dövlər katibi Bəşər Əsəd rejiminin bu aksiyasını “qəti şəkildə pislədiklərini” deyib və öz ölkəsinin, o cümlədən NATO və BMT-nin bu məsələdə Türkiyəyə tam dəstək verəcəyini vəd edib.

Bu arada Türkiyə ordusunun sərhəddənkənar hərbi əməliyyatlara başlaması ilə bağlı qərar layihəsini Nazirlər Kabineti təsdiqləyib. Layihə Türkiyə Böyük Millət Məclisinə göndərilib. TBMM sənədin müzakirəsinə bu gün Bakı vaxtı ilə saat 12.00-də müzakirəyə çıxarılıb. Gərgin keçən müzakirələrdən sonra layihənin qapalı müzakirəyə çıxarılmasına qərar verilib.