İrəvan Qarabağın “müstəqilliyini” tanımağı təxirə saldı

Parlamentə çıxarılan qanun layihəsinə baxılmayıb

Ermənistan hökuməti bu gün parlamentin iclasında qondarma Dağlıq Qarabağ Respublikasının müstəqilliyinin tanınması haqqında qanuna baxılmasını təxirə salıb. Ölkənin xarici işlər nazirinin müavini Şavarş Köçəryan iclasın gedişatı zamanı bildirib ki, hazırki dönəmdə Dağlıq Qarabağın müstəqilliyini qəbul edilməsi məqsədəuyğun deyil. (ANSPRESS)

Bu qanun sentyabrın əvvəlində baxılması üçün Ermənistan parlamentinə göndərilib. Belə bir təşəbbüs “İrs” koalisiyasından olan deputat Zaruya Postancyan tərəfindən irəli sürülüb. Ermənilər belə bir təklifi Macarıstanda ömürlük həbs cəzası verilmiş Azərbaycan zabiti Ramil Səfərovun ekstradisiya edilməsi və Azərbaycana gətirilərək əfv edilməsindən sonra irəli sürüblər.

Ermənistanın “İrs” partiyası ilk dəfə deyil ki, belə təşəbbüslərlə çıxış edir. Hələ 2010-cu ildə bu partiya Dağlıq Qarabağın Ermənistan parlamenti tərəfindən tanınması təşəbbüsü ilə çıxış etmişdi. Ancaq o zaman bu qanunun qüvvəyə minməsi üçün cəmi 13 deputat səs vermişdi. Digər parlament koalisiyaları isə ümumiyyətlə səsvermədə iştirak etməmişdilər.