Əvəz Zeynallının adından saxta sənədə imza atılıb
Əvəz Zeynallı: «Bunu Vergilər Nazirliyi edib!»
Dünənə qədər deputat olan Gülər Əhmədovanın şikayəti əsasında həbs olunmuş, “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının mühakiməsi Bakı Ağır Cinayətlər Məhkəməsində davam edir. Dünənki məhkəmə iclasında Sumqayıtdakı maşın bazarının sahibi, Milli Dövlətçilik Partiyasının sədri Sabir Tarverdiyev şahid qismində ifadə verdi.
“14 uşağım var, hamısı da cəlladdır”
Məhkəmə prosesinə sədrlik edən Ramella Allahverdiyeva şahid Sabir Tarverdiyevin məhkəməyə məcburi qaydada gətirildiyini xatırlatdı. Bundan sonra şahid dindirildi.
Sabir Tarverdiyev bildirdi ki, Əvəz Zeynallı ilə görüşüb və ona məsləhət verib ki, şantajdan əl çəksin: “Mən bir ağsaqqal kimi, həmişə ona öyüd vermişəm. Əvəz Zeynallı Yevlaxın keçmiş, Gəncənin isə hazırkı icra başçısı Elmar Vəliyevdən məqalə yazmışdı. Icra hakimiyyətindən mənə zəng edib dedilər ki, Əvəz onlardan pul istəyib. Mən də dedim ki, özüm ona pul verərəm”.
Əvəz Zeynallının vəkili Elçin Sadıqovun suallarına cavab verəndə isə S.Tarverdiyevin dediklərindən belə məlum oldu ki, o, E.Vəliyevi ümumiyyətlə, tanımır. Şahidin sözlərinə görə, icra başçısının hansısa işçisi ona zəng vuraraq, “Xural”da dərc olunan yazılarla bağlı ondan xahiş edib. Amma zəng vuran şəxsin kim olduğunu şahid açıqlaya bilmədi.
Prokuror Ramazan Hadıyevin açıq-aşkar yönləndirici suallarından sonra S.Tarverdiyev istintaqa verdiyi ifadəni təsdiqlədiyini dedi. Hakimin “bəs məhkəmədə dediklərinizi necə?” sualından sonra şahidin cavabı belə oldu: “Elə məhkəmədə dediklərimi də təsdiqləyirəm”. Son nəticədə məlum olmadı ki, S.Tarverdiyevin istintaqa söylədikləri doğrudur, yoxsa məhkəmədə dedikləri…
Sabir Tarverdiyev eyni zamanda, Əvəz Zeynallının həbsinin tərəfdarı olmadığını dedi: “Əvəz Zeynallı özü-özünü bəlaya salıb. Onun bizim dahilərlə nə işi vardı? Dedim, bala, sakit otur, sənin bu adamlarla nə işin var? Qulaq asmadı, yazdı, axırı da belə oldu. Indi deyir ki, onu Gülər Əhmədova həbs etdirib, özü bilər. Sən ağlına gələni yazanda bilmirdin ki, səni ora salacaqlar? Özünsən günahkar. Şəxsən mənim heç kimdən qorxum yoxdur, nə iqtidarı, nə də müxalifəti təmsil edirəm. Pulum da var, imkanım da var. Mənim 14 uşağım var. Hamısı da cəlladdır…”
S.Tarverdiyev Əvəz Zeynallı ilə görüşəndə ona pul verdiyini də bildirdi: “Mən həmişə Əvəzlə görüşəndə ona pul vermişəm. Ancaq bunu rüşvət kimi verməmişəm. Mən onsuz da yanıma gələnlərin çoxuna kartof, yumurta, pul verirdim ki, gedib dolansınlar”.
Əvəz Zeynallı:
– Yəqin siz də verdiyiniz pulları lentə almısınız?
Sabir Tarverdiyev:
– Elə şey olmayıb.
Əvəz Zeynallı:
– Sizi bura Ramiz Mehdiyev göndərib.
Sabir Tarverdiyev:
– Ramiz Mehdiyevlə tanışlığım yoxdur. Mən 2005-ci il seçkilərində 1 milyard 200 milyon manat xərcləmişəm. Ramiz Mehdiyevlə əlaqəm olsaydı, mən də deputat olardım, mandat əldə edərdim.
Əvəz Zeynallı məhkəmənin diqqətinə Sabir Tarverdiyevin rəhbərlik etdiyi partiyanın bəyanatını çatdırdı: “Bəyanat oktyabrın 8-də verilib. Ancaq əmlakımız oktyabrın 19-da müsadirə olunub. 11 gün əvvəl kim haradan bilə bilərdi ki, əmlakımız müsadirə olunacaq? Deməli, bu bəyanat sifarişlə yazılıb və istintaqa əlavə edilib”.
“Zaur Mirzəzadə dələduzdur”
Şahid qismində ifadə verən Zaur Mirzəzadə bildirdi ki, Əvəz Zeynallıya həmişə hörməti olub: “Əvəz Zeynallıya bir jurnalist kimi, sayqı duymuşam. Dəfələrlə oturub söhbətləşmişik. Məndən yazsa da, bilmişəm ki, bu, onun işidir. Əvəz Zeynallı elə adamdır ki, siqareti sol əlilə çəkən adamı da tənqid edər ki, niyə sol əli ilə çəkir?”
Şahidin son cümləsinə Əvəz Zeynallı replikayla cavab verdi:
“Düz edirəm, canı çıxsın, sağ əliylə çəksin. Sağ əl varkən, niyə sol əllə çəkir?”
Zaur Mirzəzadə ifadəsində bildirdi ki, 2005-ci il parlament seçkilərində Gülər Əhmədovanın mətbuat xidmətinin rəhbəri olub: “Gülər Əhmədova tez-tez deyirdi ki, Əvəz Zeynallı onu şantaj edir, pul istəyir”.
Ancaq şahid, Əvəz Zeynallıdan nə qədər pul istədiyini bilmədiyini söylədi. Qeyd etdi ki, Əvəz Zeynallıya Gülər Əhmədova ilə əlaqədar zəng edib: “Əvəz Zeynallıyla bu işlə bağlı zəng etdim, görüşmək istəsəm də, işlərim çox olduğu üçün bu mümkün olmadı”.
Suallara cavabında Zaur Mirzəzadə bildirdi ki, Əvəz Zeynallıyla telefon danışığında baş redaktor ondan pul istəməyib.
Əvəz Zeynallı çıxışında bildirdi ki, Zaur Mirzəzadəni tənqid edib: “O, bir dəfə gəlib mənə dedi ki, 30 iyul – Sevgililər Günüylə bağlı tədbir keçirmək istəyir. Sevgililər Gününü ölkədə ilk dəfə mən elan etdiyim üçün buna sevindim. Əlimdən gələn hər bir dəstəyi ona verdim. Konsert zalını danışdıq, baş redaktoru olduğum qəzetdə konsertin reklamını apardım. Bir sözlə, əlimdən nə gəldisə, etdim. Sevgililər gününə bir gün qalmış Zaur Mirzəzadə mənim telefonumu götürmədi. Düşündüm ki, yəqin işi var. Ancaq Sevgililər Günü məlum oldu ki, o aradan çıxıb. Mən də bunu onu bağışlaya bilmədim. Insan hər şeyin üstündə alver edə bilər, ancaq Fərizə və Ilhamın adına olan bir gün üstündə alver yapa bilməz. Bundan sonra Zaur nə vaxt peyda oldu, onu tənqid etdim. Yazdım ki, Zaur Mirzəzadə dələduzdur. Bu gün də sözümün üstündə dururam. Təsis etdiyi ”Qızıl Buta” mükafatını mənə vermişdi, ondan imtina etdim”.
Zaur Mirzəzadənin ibtidai istintaqa ilkin ifadəsində “Əvəz Zeynallı reket jurnalistlər arasında ən sanballısıdır” fikri yer alıb. Şahid bu fikri Mətbuat Şurasının çıxartdığı “qara siyahı”ya əsaslanaraq dilə gətirdiyini vurğuladı.
“Reket jurnalist Əflatun Amaşov və onun dəstəsidir. Reket sənsən və Gülər Əhmədovadır”, – deyə Əvəz Zeynallı Zaur Mirzəzadənin cavabını verdi.
Saxta sənədə kim imza atıb?
Vergilər Nazirliyinin Audit Departamentinin baş vergi müfəttişi Şahin Əsgərli də dünən şahid qismində dindirildi. O, məhkəməyə ifadəsində bildirdi ki, əlində sənədlər olmadığından “Xural” qəzetinin 3 illik (2008-2011) vergi borcu bir nüsxə ilə hesablanıb. Məlum oldu ki, yoxlama zamanı qəzetin satışı 40 qəpikdən, özü də 100 faiz satışla hesablanıb.
Əvəz Zeynallı məhkəmənin nəzərinə çatdırdı ki, əvvəla, 2008-ci ildə qəzet 30 qəpiyə olub. Digər tərəfdən, dünyanın heç bir yerində qəzet 100 faiz satılmır: “Bizim qəzetin satışı ən yaxşı halda, 40 faiz olub. Tirajımızın ən yüksək həddi son bir ayda gündəlik çıxanda 2200 olub. Nədən yayım firmalarına, nəşriyyatlara müraciət etməmisiniz?”
Şahid bildirdi ki, yayım firmaları rüblük haqq-hesabı bağladıqları üçün onlara məlumat verilməyib.
Bu cavabdan Əvəz Zeynallı bərk əsəbiləşdi: “Necə yəni vermədilər? Bu nə qanunsuzluqdur? ”Qasid” və yaxud başqa yayım firmasının sahibi kimdir ki, cavab verməsin? Deyin ki, sizə belə sərf edir. Siz mənə cinayət işi açdırmaq, məbləği 7 min manata qaldırmaq üçün bütün vasitələrdən istifadə etmisiniz. Sadə hesablama aparsaq, bizim sizə ən yaxşı halda 300 manat borcumuz olar. Buna görə də mənə cinayət işi düşmür”.
Əvəz Zeynallı onun adından atılmış saxta imzaya da şahidin aydınlıq gətirməsini istədi. Şahid isə bildirdi ki, saxta imzadan xəbəri yoxdur və bu sənəd onun əleyhinə deyil.
Əvəz Zeynallı isə saxta sənədin onun lehinə olub-olmamasını yox, imzanın sahibinin tapılmasını məhkəmədən xahiş etdi: “Imzanı kim atıbsa, o cəzalandırılmalıdır. Nə olsun ki, mənim əleyhimə deyil… Əleyhimə deyilsə, deməli, kim istəsə, mənim adımdan imza ata bilər? Bunu Vergilər Nazirliyi edib”.
Iş vaxtı bitdiyi üçün məhkəmə təxirə salındı. Hakim məhkəmənin növbəti iclasını 9 oktyabra təyin etdi.
Ramin DEKO