“Gürcüstan siyasi kursunu dəyişməyəcək”

“Buna görə Saakaşviliyə təşükkür etmək lazımdır”

Vəfa Quluzadə: «Qərbin bütün bu proseslərdən xəbəri var»

Gürcüstanda keçirilən parlament seçkiləri nəticəsindən asılı olmayaraq demokratiyanın təntənəsi kimi tarixə düşdü. Lakin seçkilərdə müxalif “Gürcü arzusu” blokunun səs çoxluğuna sahib olması bu ölkənin tutduğu Qərbyönümlü yoldan Rusiyaya tərəf meyillənə biləcəyi ehtimalları ortaya çıxarıb. Ancaq bununla bağlı da fikirlər birmənalı deyil. Politoloq Vəfa Quluzadə ilə söhbətimiz də bu istiqamətdə oldu.   

– Gürcüstanda keçirilən seçkiləri necə şərh edərdiniz?
– Gürcüstanda demokratik seçkilər keçirilib. Buna görə də Saakaşviliyə təşəkkür etmək lazımdır. Çünki o öz hakimiyyəti dövründə Gürcüstanda demokratiya məsələlərini müsbət şəkildə həll edə bildi. Ona görə də parlamentdə müxalifət qələbə çala bildi və Saakaşvili də bunu etiraf etdi. Orda müxalifətin əleyhinə nə gücdən, polisdən, nə də digər administrativ resurslardan istifadə etdi. Bu, demək olar, MDB ərazisində birinci belə böyük bir hadisədir. Rusiyadan tutmuş başqa yerlərə qədər belə seçkilər keçirilməyib.

– Belə bir fikir var ki, Saakaşvili Qərbi tam qane etdiyindən öz xeyrinə cüzi saxtakarlıq etsəydi, Qərb buna göz yumardı. Ancaq bu baş vermədi. Bunu necə qiymətləndirərdiniz?
– Bu çox doğru yoldu. Demokratik ölkənin adət-ənənəsidir və bu da ölkənin tərəqqisinə xidmət edir.

“Rusiyanın istədiyi kimi olmayacaq”

– Rusiyapərəst qüvvələrin qalib gəldiyi bildirilir. Bunu artıq Rusiyanın Gürcüstana qayıtması kimi qəbul etmək olar?
– Tamamilə səhv fikirdir. Həmin Ivanişvili Rusiyada bizneslə məşğul olub, milyarder olub. Lakin Putin hakimiyyətə gələndən sonra Rusiyanı tərk edib, Fransaya gedib və Fransa vətəndaşlığını qəbul edib. Bu o deməkdir ki, o, Qərbyönümlü bir şəxsiyyətdir. Buna heç bir şəkk-şübhə yoxdur. Əgər insan normaldırsa, o heç vaxt avtoritarizmin, diktaturanın tərəfdarı ola bilməz. Ivanişvili də belə deyil. O, ölkənin həm Avropa Ittifaqına, həm NATO-ya inteqrasiyasını bəyan edir. Ona görə Gürcüstan öz siyasi kursunu dəyişməyəcək. Indi normal proses baş verir. On il hakimiyyətdə Saakaşvili oldu. Indi ondan sonra başqası gələcək. Rusiya Gürcüstanı öz yolundan çəkindirə bilməyəcək. Bu mümkün olmayan şey deyil. Gürcüstan Qərbyönlü ölkə olaraq qalır və qalacaq. Rusiyanın bircə bunu etiraf etməsi lazımdır. Etiraf etməsi üçün isə orda başqa bir şəxs hakimiyyətdə olmalıdır. Saakaşvili ilə Rusiyanın münasibətləri çox gərgin idi. Hətta şəxsi müstəviyə keçmişdi. Putin Saakaşvilini təhqir etmişdi, Saakaşvili də Putini təhqir etmişdi. Indi Rusiya Gürcüstanla iqtisadi əlaqələri inkişaf etdirməyə razılıq versə, normal dövlətlər arasında olduğu kimi əlaqələr bərpa oluna bilər. Lakin Rusiyanın istədiyi kimi olmayacaq. Gürcüstanı təzədən koloniya vəziyyətinə, Ermənistanın gününə salmaq, özünün protektaratı etmək mümkün olmayacaq. Qərb müxalifətin orda qalib gəlməsini alqışladı. Deməli, Qərbin bütün bu proseslərdən tam xəbəri var. ABŞ Saakaşvilini təriflədi və dedi ki, Saakaşvili təmkinli surətdə bütün bu proseslərə münasibət bildirməklə çox gözəl hərəkət etdi.

“Saakaşvilinin kursu davam edəcək”

– Proseslərin bundan sonrakı inkişafını necə görürsünüz?
– Saakaşvilinin kursu davam edəcək. Saakaşvilinin özü də siyasətdə qalacaq. Onun ən yaxşı kadrları da öz yerlərində qalacaq. Bunu Ivanişvili artıq bəyan edib. Biz belə şeyə öyrəşməmişik. Məsələn, Fransada Sarkozi getdi, yerinə Oland gəldi. Burda böyük bir şey olmadı. Sosialist hökuməti gəldi, kommunizm quracağını elan etmədi ki. Orda Stalinsayağı 37-ci il repressiyalarını həyata keçirmədi ki. Fransa Fransa olaraq qaldı. Amma hər gələn yeni qüvvə müəyyən korrektələr edir. Cəmiyyət də həmişə yenilik istəyir. Ona görə də Fransa cəmiyyəti Olandın qalibiyyətindən məmnun oldu. Gürcüstan cəmiyyəti də ümid edir ki, bu hadisə uşaqlarının gələcəyi naminə baş verdi. Çünki artıq onlar etiraf edirdilər ki, bizdə heç nə dəyişməyəcək və dəyişən deyil. Bu da çox doğrudur. Ona görə də hesab edirəm ki, Gürcüstanda baş verən hadisələr normal, demokratik ölkələrdə baş verən hadisələrdəndir. Amma onun əhəmiyyəti ondan ibarətdir ki, bu, keçmiş sovet məkanında birinci belə bir hadisədir.

“Örnək götürmək asan deyil”

– Region dövlətləri bundan hansı örnək, hansı nümunə götürməlidir?
– Örnək götürmək asan məsələ olsaydı, örnək üçün Fransa, Belçika, Danimarka var. Biz həmişə deyirik ki, onlar başqa, biz başqa. Hesab edirəm ki, bunun region üçün əhəmiyyəti və təsiri böyük olacaq. Region ölkələrində gərək həm hakimiyyət, həm müxalifət bunları başa düşsün. Görək hadisələr regionda necə baş verəcək. Tək burda yox, Rusiyada da gələcək seçki demokratik olacaq. Çünki artıq Rusiyada bütün mütərəqqi cəmiyyət ayaq üstədədir və bunun uğrunda mübarizəyə qalxıb.

Fizzə