asef quliyev2

“Gülər Əhmədovanın açıqlaması qarşı tərəfə mesajdır”

asef quliyev2“Seçkilər yaxınlaşdıqca Naxçıvan qruplaşması ilə Paşayevlər arasında ziddiyyətlər daha da dərinləşəcək”

Asəf Quliyev: “Xalqı tez bir zamanda kütləvi aksiyalara səsləmək lazımdır”

Hakimiyyətin əsl mahiyyətini ortaya çıxaran Elşad Abdullayevlə Gülər Əhmədova ilə bağlı video qalmaqalına iqtidar təmsilçilərinin hazırda fərqli mövqedən yanaşması bir sıra suallar doğurmamış deyil. Bu video ilə iqtidarın seçkiləri saxtalaşdırması, rüşvət və korrupsiyaya bulaşması açıq şəkildə ortaya qoyuldu. Müsahibimiz AXCP sədrinin müavini Asəf Quliyevin fikrincə, hazırda mətbuatın gündəmini tutan video qalmaqal seçkilər ərəfəsində mühüm hadisədir:

– Bu video hakimiyyətin mahiyyətini çılpaqlığı ilə göstərir. Müxalifət neçə illərdir bəyan edir ki, seçkilər saxtalaşdırılır, amma bu görüntülər demokratik qüvvələrin iddialarının tam düzgün olduğunu sübut edir. Bundan başqa, cəmiyyətin özündə də belə fikir formalaşmışdı ki, hakimiyyət hər şeyi pul ilə alıb-sata bilir. Amma Gülər Əhmədova olayının danılmaz faktları ortaya qoyması bu yanaşmaya təsir edəcək. Azərbaycanda hazırkı rejimin dövründə keçirilən seçkilərin hamısının saxtalaşdırıldığı, parlamentin də rüşvətlə formalaşdırıldığı artıq bir faktdır. Normal ölkələrdə bu cür hadisələrdə ya istefalar bir-birinin ardınca gəlir, ya da parlament buraxılır. Hakimiyyət proseslərin başlanğıcında sərt açıqlamalar versə də, cəmiyyətdən ciddi təpkinin olmadığını gördükdən sonra Gülər Əhmədovanı müdafiə etməyə başlayıb. Bu da onu göstərir ki, gələcəkdə hakimiyyət bu kimi hallarla bağlı ciddi tədbirlər görmək niyyətində deyil. Cinayətkar cəzasını almaq əvəzinə müdafiə olunur.

Hakimiyyət cəmiyyətdən sərt təpki gözləyirdi

– Elə məhz bu məqama toxunmaq maraqlı olardı. Hakimiyyətin Gülər Əhmədovaya ünvanlanan ilk sərt mesajları artıq gözə dəyimir. Bu nəyin görsənişidir? Hakimiyyətdaxili qruplaşmalar savaşında Gülər Əhmədovanı müdafiə edənlər qalib çıxdılar?
– Hakimiyyət, görünür, ilkin variantda düşündü ki, cəmiyyətdən sərt reaksiya gələcək və bu istiqamətdə kütləvi tədbirlərin keçirilməsi də istisna deyil. Əslində cəmiyyət bu məsələdə dərhal ayağa qalxaraq öz haqqını tələb etməli idi. Gözlənilən proseslərin olmaması hakimiyyətin fərqli mövqe tutmasına gətirib çıxardı. Amma bu video görüntünün açıqlanması daha çox hakimiyyət daxilində baş verən proseslərin təzahürüdür. Seçkilər yaxınlaşdıqca Naxçıvan qruplaşması ilə Paşayevlər arasında ziddiyyətlər daha da dərinləşəcək. Ona görə Gülər Əhmədovanın qalmaqallı videosunun üzə çıxması bu prosesin də nəticəsi ola bilər.

– Gülər Əhmədova mətbuata açıqlamasında bildirib ki, onda da çoxlu videolar var. Məhz bu açıqlamadan sonra hakimiyyətin baş verənlərə yanaşması dəyişdi. Hakimiyyət Gülər Əhmədovanın bu açıqlamasına görə geri çəkilə bilərmi?
– Hazırda baş verənlər göstərdi ki, hakimiyyətdəki qruplaşmalar bir-biriləri ilə olan danışıqların hamısını yazır. Ona görə hamının əlində gizli görüntülər var. Xatırlayırsınızsa, hakimiyyət çalışdı ki, Hacı Məmmədov məsələsini cəmiyyətə unutdursun. Sonradan məlum oldu ki, Hacı Məmmədovun “Qarabulaq” istirahət mərkəzində vəzifəli adamların videosu çəkilib. Amma sonradan bu videoların nədən ibarət olduğu açıqlanmadı. Və ya Ramil Usubova qarşı təzyiqlər olanda o bildirdi ki, mən Heydər Əliyevə görə nəvələrimə də düşmən qazanmışam. Bu isə o deməkdir ki, bütün bu məmurların əlində bir-birinə qarşı ciddi kompromatlar var. Gülər Əhmədovanın da onda da gizli görüntülərin olmasına dair açıqlama verməsi təsadüfi deyil və razılaşdırılmış açıqlamadır. Gülər Əhmədova hakimiyyət daxilində müəyyən qruplaşmaya daxildir və onun açıqlaması qarşı tərəfə mesajdır. Ona görə bu istiqamətdə proqnoz vermək bir qədər çətindir.

Hakimiyyəti qruplaşma savaşı parçalayır

– Bir neçə gün əvvəl Elşad Abdullayevin qayınatası Hüseyn Əhmədovun evində axtarış aparılıb. Bu baxımdan Gülər Əhmədova məsələsində daha hansısa hakimiyyət təmsilçilərinin adlarının açıqlamasını gözləyə bilərikmi?
– Sözsüz ki, seçkilər yaxınlaşdıqca bu cür hadisələr daha çox olacaq. Hələ Elşad Abdullayev əlində yenə qalmaqallı görüntülərin olduğunu bildirir. Istisna deyil ki, bizim gözləmədiyimiz faktlar ortaya çıxa bilər. Hakimiyyət özünün monolit olduğunu sübut etməyə çalışsa da, baş verənlər göstərir ki, iqtidar hazırda dağınıq və idarəolunmaz vəziyyətə gəlib çıxıb. Baş verənlər prosesdə Əli Əhmədov, hətta yeni adlar da qurban verilə bilər. Artıq baş verənlərə fərqli yöndən yanaşmaq lazımdır. Azərbaycan cəmiyyəti baş verənlərə hökmən reaksiya verməlidir. Vətəndaş mövqeyi öz təsirini göstərməlidir. Parlamentin buraxılması məsələsi qəti şəkildə qoyulmalıdır.

– Gülər Əhmədova ilə bağlı hakimiyyət sona qədər gedəcəkmi? Çünki cinayət işi rüşvətdə vasitəçi maddəsi ilə deyil, dələduzluq maddəsi ilə başladılıb. Bundan başqa, bir çox siyasilər hesab edir ki, araşdırmalara MSK, əlaqəli icra hakimiyyəti və Gülər Əhmədovanın adını çəkdiyi adam cəlb edilməlidir. Amma, göründüyü kimi, bu baş vermir?
– Bu proseslərin sonu hakimiyyətdaxili qruplaşmada kimin daha güclü olmasından asılı olacaq. Əgər Ramiz Mehdiyev qruplaşması bu məsələdən tam itkisiz çıxa bilsə, prosesləri ört-basdır edəcək. Amma digər qruplaşma bu məsələni daha da şişirtməyə çalışacaq. Eyni zamanda onu da qeyd etmək lazımdır ki, hakimiyyət kimlərisə qurban verməyə məcbur olacaq. Bu, cəmiyyətin sərt təpkisindən sonra ola bilər. Bu zaman hakimiyyət daxilində gedən mərkəzdənqaçma meyilləri daha da sürətlənə bilər.

Beynəlxalq birlik hakimiyyət barədə məlumatlıdır

– Baş verənlər daha çox qruplaşmalar savaşının təzahürü kimi dəyərləndirilir. Bu günlərdə eyni zamanda Səməd Seyidovla bağlı da ciddi korrupsiya faktları ortaya çıxdı. Bu məsələlər arasında əlaqənin olduğunu deyənlər də az deyil?
– Gülər Əhmədova olayı Səməd Seyidov məsələsini bir qədər arxa plana atdı. Amma həqiqətən də bunlar bir-birinə bağlı məsələlərdir və hakimiyyət daxilində gedən münasibətləri göstərir. Amma konkret olaraq baş verənlər qruplaşmalar arasında qarşıdurmanın yenidən alovlandığını göstərir. Bir müddət əvvəl heç kim proqnozlaşdıra bilməzdi ki, hakimiyyət daxilində bu cür sərt ziddiyyətlər ortaya çıxacaq. Qarşıdan seçki gəlir və hakimiyyət daxilində baş verənlər daha da qəlizləşib, çılpaqlığı ilə ortaya çıxacaq.

– Bir tərəfdən baxanda axı Səməd Seyidovun vurulması hakimiyyətin marağında olmamalıdır. Çünki bir müddət sonra bu şəxs AŞ PA-dakı sessiyada iştirak etməlidir. Belə bir tədbir ərəfəsində Səməd Seyidovun rüşvətxor imicinin yaradılması kimə lazımdır?
– Azərbaycanda baş verənləri beynəlxalq təşkilatlar gözəl bilirlər. Hakimiyyət onu da anlayır ki, beynəlxalq təşkilatlarda Azərbaycan barəsində səlis məlumatlar var. Hakimiyyət, istisna deyil ki, AŞ PA-dakı adamları vasitəsilə öz imicini müdafiə etməyə çalışacaq. Hakimiyyətin başlıca məqsədi öz siyasi iqtidarını qoruyub saxlamaqdır. Hakimiyyət daxilində hazırkı mübarizə qruplaşmaların mövqelərini qoruyub saxlayaraq möhkəmlənməsi uğrundadır. Prezident seçkilərində hər bir qruplaşma öz mövqeyini ifadə etməyə, təkliflərini həyata keçirməyə çalışır. Hakimiyyət üçün fiqurlar önəmli deyil. Səməd Seyidovu da onlar asanlıqla əvəz edə bilərlər. Hətta Səməd Seyidovun barəsində cinayət işi qaldırılsa da o, artıq açıqlamalara yol verməyəcək.

– Yaranmış situasiyada müxalifətin üzərinə hansı vəzifələr düşür? Çünki Azərbaycanda seçki saxtakarlığı dəfələrlə Avropa Məhkəməsinin Azərbaycandakı seçkilərlə bağlı çıxardığı qərarlarda öz əksini tapıb. Amma hazırda ictimailləşən videonun da önəmi böyükdür. Bu videonun 2013-cü seçkiləri baxımından hansı əhəmiyyəti var?
– Bu məsələdə hüquqi müstəvidə mübarizə başlamaq lazımdır. Artıq bu istiqamətdə Ictimai Palata qərar qəbul edərək prokurorluğa müraciət edib. Eyni zamanda rüşvət halı ilə bağlı MSK-nın buraxılması da reallaşmalıdır. Eyni zamanda baş verənlərdən istifadə edərək kütləvi tədbirlərə başlamaq lazımdır. Son zamanlar 2013-cü il seçkilərinə hazırlıqla bağlı müxalifətin qanunvericiliyin dəyişdirilməsi sahəsində bir sıra addımlar atmasının zəruri olduğu vurğulanır. Amma son proses göstərdi ki, hakimiyyət Azərbaycanda demokratik mühit yaratmaq niyyətində deyil. Ona görə xalqı tez bir zamanda kütləvi aksiyalara səsləmək lazımdır. Azərbaycanda hakimiyyət dəyişikliyinə getdikdən sonra normal seçki keçirmək olar. Bu hakimiyyətlə seçki məsələlərini müzakirə etmək yersizdir. Aksiyaların başlaması iki variantda ola bilər; ya Ictimai Palata mitinq elan edib xalqı meydanlara səsləmələdir, ya da ərəb dünyasındakı proseslərdə olduğu kimi dəyişikliklər sosial şəbəkələrdən meydanlara çıxmalıdır.

Xəyal