Berluskoni məşhur malikanəsini keçmiş SSRİ respublikalarından birinin başçısına satıb; o, hansı başçıdır?
İtaliyanın qalmaqallı keçmiş Baş naziri, milyarder Silvio Berluskoni Sardiniya adasının mirvari sahillərində yerləşən məşhur Certosa villasını 470 milyon avroya keçmişdə SSRİ-nin tərkibində olmuş dövlətlərdən birinin başçısına satıb. Bu xəbəri İtaliyanın «Libero» qəzeti yayıb.
Qəzetin yazdığına görə, alqı-satqı barədə razılaşma bir neçə gün bundan əvvəl xarici ölkələrin birində imzalanıb. Çünki alıcı qismində vaxtilə SSRİ-nin tərkibində olmuş dövlətin başçısı – siyasətçi-maqnat çıxış edib.
Xatırladırıq ki, eks-baş nazir Berluskoninin keçmişdə bir sıra seks skandallarına görə diqqət mərkəzində olan həmin villasının 460 milyon avroya satıla biləcəyi barədə məlumat yayılmışdı.
80 hektarı əhatə edən Certosa-nın ərazisində 3 villa, 7 hovuz, 400 yerlik amfiteatr və park, göl, süni vulkanlar və nadir bitkilərdən salınmış park yerləşir.
Mənbənin məlumatına görə, alqı-satqı barədə danışıqlar hələ 2009-cu ildən gedirmiş. Villanın potensial alıcıları sırasında ərəb şeyxlərinin və Rusiya oliqarxlarının adı çəkilirmiş.
Təəsüf ki, İtaliya qəzeti 470 milyona villa alan prezidentin adını yazmayıb. Çünki məlum səbəblərdən bu prezidentin kimliyi Azərbaycanlılar üçün ikiqat maraqlıdır.
Bəs keçmişdə sovetlərə daxil olmuş hansı ölkənin prezidenti Berluskoninin 470 milyonluq villasını ala bilər?
Bizcə bu prezidentin kimliyi yaxın vaxtlarda üzə çıxacaq. Amma elə indidən bəzi ehtimallar irəli sürmək olar. Keçmişdə SSRİ tərkibində olan 15 respublika indi müstəqil dövlət kimi öz müqəddəratını təyin edir.
Birinci başlayaq ondan ki, bu 15 respublikadan hansıların prezidentinin 470 milyonluq villa alması istisnadır.
Fikrimizcə, 3 Pribaltika respublikasının, Ukrayna, Gürcüstan, Belorus, Tacikistan, Qırğızıstan və Moldovanın prezidentlərindən hər hansı birinin Berluskoninin 470 milyon avroluq villasının yeni sahibi olmaları sadəcə istisnadır. Qalır 6 ölkə:
Rusiya, Azərbaycan, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Ermənistan.
Fikrimizcə, Ermənistan və Türkmənistan prezidentlərinin belə bir alqı-satqıda iştirakları ehtimalı isə çox aşağıdır.
Deməli, Berluskoninin məşhur villasının yeni sahibi ya Rusiya prezidenti Vladimir Putindir, ya da İlham Əliyev, Nursultan Nazarbayev və İslam Kərimov – bunlardan biri (Azpolitika.info)