Koordinasiya Şurası Baş prokurorluğa və Korrupsiyaya Qarşı Mübarizə Idarəsinə müraciət qəbul etdi
Ictimai Palatanın Koordinasiya Şurasının dünənki toplantısında ölkə gündəmində olan bir neçə məsələ ilə bağlı müzakirə aparılıb, həmçinin qərarlar və müvafiq qurumlara müraciətlər qəbul edilib. KŞ üzvü Ədalət Yusibovun sözlərinə görə, müzakirə edilən məsələlər arasında məlum rüşvət videosu, gənc fəallar Nigar Yaqublunun, Zaur Qurbanlının həbsi də olub:
“Rüşvət videosunun müzakirəsi zamanı bir daha bildirildi ki, baş verənlər dövləti cinayətdir.
Qərara alındı ki, beynəlxalq qurumlara, o cümlədən Avropa Birliyinə, Avropa Şurasına tezliklə müraciətlər edilsin. Həmçinin Baş Prokurorluqdan, Korrupsiyaya qarşı Mübarizə Idarəsindən baş vermiş cinayət faktının konkret korrupsiya əməli üzrə araşdırılması tələb olunacaq. Iş üzrə hərtərəfli istintaq aparılmazsa, videoda adıçəkilən şəxslərin əksəriyyəti prosesə cəlb olunmazsa, Ictimai Palata daha təsirli tədbirlərə əl atmaq məcburiyyətində qalacacaq. Ictimai Palata bu qərarını ifadə edən bəyanat da qəbul etdi”.
Müzakirə edilən və narahatlıq ifadə olunan növbəti məsələ erməni tərəfinin Xankəndidə aeroportun işə salınacağı ilə bağlı bəyanatları olub: “Aeroportun açılması erməni tərəfinin danışıqlar prosesindən uzaqlaşması və destruktiv mövqedə dayanması kimi qiymətləndirilib. Azərbaycan hakimiyyətindən, həmçinin beynəlxalq təşkilatlardan məsələ ilə bağlı lazımi tədbirlər görmək tələb olunub”.
KŞ üzvləri Nigar Yaqublunun istintaq müddətinin süni şəkildə uzadılmasına və barəsində seçilən həbs qərarırının dəyişdirilməməsinə də toxunublar, məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət qəbul ediblər. Gənc fəal Zaur Qurbanlının həbsinə gəlincə, Şura üzvləri bu həbslə bağlı ictimaiyyətə məlumatın verilməməsini hüquq-mühafizə orqanlarının növbəti özbaşınalığı kimi qiymətləndiriblər və məsələnin diqqətdə saxlanılacağını bəyan ediblər.
Ə.Yusibovun sözlərinə görə, iclasda demokratik müşavirənin keçirilməsi ilə bağlı Ziyalılar Forumu ilə məsləhətləşmələri davam etdirmək və hazırlıq işlərini intensivləşdirmək ətrafında fikir mübadiləsi də aparılıb.
Qalmaqallı rüşvət videosu ilə Azərbaycandakı seçki korrupsiyasını ifşa edən Elşad Abdullayevin Ilham Əliyevə müraciəti də müzakirə olunub. Və məsələnin ciddiliyini nəzərə alan Koordinasiya Şurası növbədənkənar toplantı keçirməyə qərar verib. Toplantının ya bu gün, ya da sabah keçirilməsi planlaşdırılır.