Oktyabrın 3-də ABŞ prezidentliyinə namizədlər Barak Obama ilə Mit Romni arasında ilk teledebat keçirilib.
Namizədlər Denver Universitetində görüşüb. 1.5 saat davam edən debatda vergi, büdcə, səhiyyə və daxili siyasətə aid məsələlərdən danışılıb.
Moderator Jim Lehrer ilk sözü Obamaya verib. Obama çıxışına Mişel Obamanı evlilik ildönümləri ilə bağlı təbrik etməklə başlayıb.
İlk sual iqtisadiyyat haqqında olub. Obama «harada olduğumuz yox, hara getdiyimiz» əhəmiyyətlidir deyərək, indiyə qədər gördükləri işlərdən danışıb. Hakimiyyətə gəldiyi gündən ölkənin daha yaxşı vəziyyətdə olduğunu, bu vəziyyətin getdikcə daha yaxşı olacağını bildirib.
Söz Romniyə veriləndə, o, kinayə ilə deyib ki, evlilik ildönümünü təbrik etmək üçün bura çox romantik bir yerdir. Sonra isə iqtisadi müstəqilliklə bağlı 5 mərhələli planından danışıb.
Namizədlər daha sonra vergi siyasəti haqqında danışıblar. İlk dərin fikir ayrılığı da burada ortaya çıxıb. Obama Romninin vergiləri 5 trilyon dollar azaldacağını deyib. Romni belə bir planının olmadığını bildirib. Obama isə «18 aydır bundan danışırsınız» deyib.
Vergi mövzusu haqqındakı müzakirələr 20 dəqiqədən çox çəkib.
İkinci hissədə isə büdcədən danışılıb.
Teledebatın üçüncü hissəsində Obama sosial məsələlərdən danışaraq nənəsinin həyatından misal çəkib. Yaşlılara pulsuz səhiyyə xidməti verən «Medicare» sayəsində qocaların daha yaxşı səhiyyə xidmətindən istifadə etdiyini bildirib.
Vergi mövzusu ilə birlikdə səhiyyə də ən qızğın mübahisə mövzularından olub. Romni deyib ki, «Obamacare» çöküb. O, bu sistemi dəyişəcək.
Son söz vaxtı isə Romni deyib ki, federal hökumətin vəzifəsi xalqın rifahını yüksəltməkdir. O, vergiləri azaldacağını, bunun nəticəsində iqtisadiyyatın daha çox inkişaf edəcəyini, daha çox adamdan vergi yığılacağını və vergi gəlirlərini artıracağını da bildirib.
Obama isə təhsil kreditləri, kreditlərin tələbələrə verildiyini misal çəkib. Sonda isə kameraya dönərək seçicilərdən səs istəyib (“Azadlıq” radiosu).