Gülər Əhmədovanın mandatı ləğv olundu

guler ahmedova3Keçmiş deputatın videorolik hazırladığı iddia edildi; Əli Həsənov Əli Əhmədovu “vurdu”

Mərkəzi Seçki Komissiyası (MSK) məşhur rüşvət videosunun qəhrəmanı YAP-çı deputat Gülər Əhmədovanın mandatını ləğv edib. Gülər Əhmədova 34 saylı Xətai II Seçki Dairəsindən deputat seçilmişdi. Rüşvət videosu ilə bağlı cinayət işi başlandıqdan sonra o, mandatının ləğv edilməsi barədə Milli Məclis rəhbərliyinə müraciət ünvanlamışdı. Parlament rəhbərliyi isə müraciəti baxılmaq üçün MSK-ya göndərmişdi.
Rüşvət videosunun müəllifi, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayev bu məsələyə münasibət bildirib.
Keçmiş rektor “Azadlıq” qəzetinin əməkdaşı ilə telefon söhbətində deyib ki, bu qərar onda məlum videoyazı ilə bağlı başlanmış cinayət işinin obyektiv araşdırılacağına ümid yaradıb. “MSK belə bir qərar veribsə, hesab edirəm ki, mənim prezident Ilham Əliyevə müraciətim ünvanına çatıb. Ümid edirəm ki, obyektiv araşdırma aparılacaq”, – deyə o, qeyd edib.
Bu arada redaksiyamıza ilginc məlumat daxil olub. Məlumatda deyilir ki, hakimiyyətin “Gülər Əhmədova olayı” ilə bağlı yumşalmasının səbəblərindən biri də artıq keçmiş deputatın həbs olunacağı təqdirdə danışa biləcəyi barədə “yuxarılar”a mesaj yollamasıdır. Iddia olunur ki, Gülər Əhmədova məsələnin qəlizləşdiyi ilk günlərdə dərhal bildiyi sirrləri kameraya danışıb. Həmin videonun xeyli sayda surətini çıxarıb. Bir surətini “yuxarılar”a göndərib və bildirib ki, onun başına bir iş gələcəyi təqdirdə video ictimailəşəcək. Bundan sonra hökumət Gülər Əhmədova ilə bağlı məsələdə bir qədər yumşalıb.
Bəlkə də elə bu səbəbdəndir ki, Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Gülər Əhmədova barədə sərt danışan YAP-ın icraçı katibi Əli Əhmədovu “vurub”. Şöbə müdiri “Yeni Müsavat”a müsahibəsində Əli Əhmədovun fikirlərinə münasibət bildirərkən deyib: “O görüntülər əlbəttə ki, dələduzluq görüntüsüdür. Amma bir görüntü ilə heç kim qərar verməz. Ciddi siyasi partiya, təşkilat onun tam ekspertizasının nəticəsini gözləməlidir”.