Ölkə başçısının rezidensiyası yaxınlığında tunelin çökməsi Ziya Məmmədovla Cavid Qurbanovu hədəfə gətirib
Ilham Əliyev nəqliyyat naziri Ziya Məmmədovla “Azəryolservis”in şefi Cavid Qurbanova qəzəblənib. Bu barədə “Azadlıq”a daxil olan məlumatlarda deyilir ki, ölkə başçısının adı çəkilən məmurlara qəzəblənməsinin səbəbi Dərnəgül yolunda inşa edilən tunelin uçması olub.
Xatırladaq ki, tunel oktyabrın 2-də uçub. Mənbə bildirib ki, həmin tunel ölkə başçısının rezidensiyasının yaxınlığında yerləşir. Ilham Əliyevə tunelin uçması barədə məruzə edilən kimi o, nəqliyyat naziri Ziya Məmmədovdan izahat istəyib. Ziya Məmmədov da öz növbəsində Vyanada səfərdə olan Cavid Qurbanovla əlaqə saxlayıb və ondan baş verənlərə aydınlıq gətirməsini tələb edib. Mənbə bildirib ki, Cavid Qurbanov tunelin uçması və bu barədə ölkə başçısının məlumatlı olmasını bildikdə təşvişə düşüb. O, dərhal icraçılarla əlaqə saxlayaraq onları bərk danlayıb.