Qaya Əliyev və Rüfət Sahiboğlu partiyada tutduqları postlardan gedib
KXCP sədrinin daha iki müavini tutduqları postdan istefa verib. Rüfət Sahiboğlu yaydığı bəyanatında KXCP sədrinin müavinliyindən və Mərkəzi Seçki Qərərgahı üzvlüyündən istefa verdiyini bəyan edib. O, bundan sonrakı fəaliyyətini “Demokratik Birlik” fraksiyasının genişlənməsi və öz məqsədlərinə çatması istiqamətində davam etdirəcəyini bildirib.
Partiya sədrinin daha bir müavini Qaya Əliyev də anoloji addım atıb. O, partiyadakı postlarından istefa verdiyini açıqlayıb:“KXCP Ali Məclisinin qüvvədə olan 29 yanvar 2012-ci il tarixli qərar ilə təyin olunduğum KXCP Mərkəzi Seçki qərargahı üzvlüyündən və partiya sədrinin qüvvədə olan 11 oktyabr 2011-ci il tarixli sərəncamı ilə təyin olunduğum, sədrin beynəlxalq məsələlər üzrə müavini vəzifəsindən istefa verirəm. Bundan sonra,partiyada konkret olaraq sıravi üzv kimi sağlam təfəkkürlü üzvlərlə birlikdə partiyanın Xətayi rayon şöbəsində fəaliyyətimi davam etdirmək fikrindəyəm və bunun üçün üzvlük uçotumun aparılması üçün, həmin şöbəyə müraciət etmişəm. Bundan sonra diqqətimi “Demokratik Birlik” fraksiyasının inkişafına yönəldəcəm. Bu fraksiya Nuhun gəmisidir, kim xilas olmaq istəyir gəlsin.”