Eks ölkə başçısının müxtəlif şəhərlərdə qoyulan heykəllərinə və salınan parklara milyonlar xərclənib
Eks ölkə başçısı Heydər Əliyevin Meksikanın paytaxtı Mexiko şəhərində qoyulmuş heykəlinə qarşı etirazlar barədə xəbər vermişdik. Dünyanın nüfuzlu xəbər agentliyi “Associated Press”-in Mexikoda bir qrup hüquq müdafiəçisinin Heydər Əliyevin heykəli önündə keçirdiyi aksiyadan hazırladığı reportajı digər aparıcı media qurumlarının tirajlaması hadisəyə diqqəti daha da artırıb.
“Azadlıq radiosu”nun ingilis dilli versiyası Heydər Əlyevin dünyanın müxətlif şəhərlərində qoyulmuş heykəlləriylə bağlı material yayımlayıb. Materialda qeyd olunur ki, Heydər Əliyevə heykəl qoyulan ilk xarici ölkə Türkiyədir. Onun heykəli 2001-ci ildə Türkiyənin Qars şəhərində qoyulub. Bundan sonra Rumıniya paytaxtı Buxarestdə, Serbiya paytaxtı Belqradda, Ukrayna paytaxtı Kiyevdə, Rusiyanın Ulyanovsk və Həştərkan şəhərlərində, Özbəkistanın paytaxtı Daşkənddə, Misirin paytaxtı Qahirə yaxınlığındakı Kalubey şəhərində də heydər Əliyevin heykəlləri qoyulub.
Əlavə olaraq qeyd edək ki, bu heykəllərin qoyulduğu ərazidə böyük parklar salınıb. Parkların salınması işlərinə isə milyonlarla manat pul xərc çəkilib. Bu pullar Azərbaycan hökuməti tərəfindən ödənilib. Xatırladaq ki, təkcə Mexiko və Buxarestdə parkların salınmasına ümumilikdə 10 milyon manat maliyyə vəsaiti xərclənib.