Yeganə Əmiraslanova Almaniyaya getməyə məcbur oldu
İctimai Palatanın üzvü Yeganə Əmiraslanova Azərbaycanı tərk edib. Hazırda o, Almaniyadadır. Bu barədə “Azadlıq”a Yeganə Əmiraslanovanın özü məlumat verib. IP üzvü ölkəni məcburi şəkildə tərk etdiyini və bu addımının kökündə aktiv siyasi fəaliyyətinin dayandığını bildirib. “Əslində mənim atamın müalicəsi ilə əlaqədar Almaniyaya getmək planım var idi. Lakin sentyabrın 24-də mən və ailə üzvlərim evdə olarkən qapı döyüldü.
Qapını açdıqda ”qonaqların” 4 nəfər mülki geyimli, naməlum şəxs olduğunu gördük. Onlardan ikisi özlərini təqdim etmədən, heç bir izahat vermədən dərhal içəri atıldı və məni hədələməyə başladılar. Bildirdilər ki, yaxın günlərdə nümayişkaranə şəkildə Ictimai Palatadan istefa verməsən və müxalifət liderləri haqqında müxtəlif ittihamlar səsləndirməsən aqibətin yaxşı olmayacaq. Açığı mən onlara heç nə demədim. Yalnız soruşdum ki, siz kimsiz. Onların isə cavabı bu oldu ki, yaxşı bilirsən biz kimik. Bu adamlar məni hədələyəndən sonra çıxıb getdilər. Mən məsələnin ciddi olduğunu görüb, Almaniyanın iki deputatı ilə əlaqə saxladım. Onlardan ölkələrində sığınacaq ala bilib-bilməyəciyimiz soruşdum. Alman deputatlar müsbət cavab verdilər. Mən də qərara gəldim ki, ölkəni tərk edim”.
Yeganə Əmiraslanova əlavə edib ki, ölkəni tərk etsə də, mübarizəsini davam etdirəcək: “Almaniyada müəyyən işləri yoluna qoyduqdan, Azərbaycanda olduğundan artıq aktiv siyasi fəaliyyətə başlayacam və ölkəmizdə demokratiyanın bərqərar olması üçün bütün səylərimi səfərbər edəcəm”.