ABŞ-dan Rusiyaya 50 milyonluq elektrotexnika ötürənlərdən biri Azərbaycan vətəndaşıdır
ABŞ-da cinayət işi açılmış keçmiş SSRİ-dən olan 11 nəfərdən birinin Azərbaycan vətəndaşı olduğu bildirilir. “Azadlıq Radiosu”nun xəbərinə görə, onlar Rusiyaya 50 milyon dollarlıq hərbi təyinatlı elektrotexnikanı qanunsuz çıxarmaqda ittiham olunurlar. Şübhəlilərdən biri Aleksandr Fişenkonun Azərbaycan və Rusiya vətəndaşı olduğu bildirilir.
ABŞ rəsmilərinin məlumatına görə, o təkcə bu il ərzində 2 dəfə Rusiyaya gedib. Onun keçmiş həyat yoldaşı və qızı Azərbaycanda, bir qızı isə İtaliyada yaşayır. 2001-ci ildə ABŞ-a getmiş Fişenko 2008-ci ildə ABŞ vətəndaşlığı alıb.
Qanunsuz əməliyyatın bir qismi Aleksandr Fişenko və onun həyat yoldaşına məxsus “Arc Electronics” şirkəti vasitəsilə həyata keçirilib.
Məsələyə münasibət bildirən Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bu məsələdə Rusiya kəşfiyyatının əli olmadığını bəyan edib. Qeyd edək ki, həbs edilmiş 11 nəfərdən bir neçəsinin Rusiya vətəndaşı olduğu açıqlanıb. Onlar əsasən ABŞ və Rusiya şirkətləri vasitəsilə Rusiyaya mikroelektronika göndərməkdə ittiham olunurlar ki, bundan hərbi məqsədlərdə istifadə oluna bilər.