FACE-in Praqada toplantısından son qeydlər…
Ötən yazımda Praqanı qısaca da olsa, tanıtmağa çalışdım.Uzun yazıb sizi niyə yorum, iztiraba salım? Praqa gözəl, rahat yaşamalı yerdir. Oranın yaşıllığını, sakit təbiətini görüb fikirləşdim:
“Burada qoyunlar da xoşbəxtdir…”
Ancaq dərk etdiyim bu: Praqa möcüzə filan deyil. Azərbaycanı, Bakını da Avropanın bu ölkəsi kimi rifaha çatdırmaq an işi olmasa da, bir neçə ilin işidir. Bu işi isə Azərbaycan hakimiyyəti görmək istəmir. Hə, onlar üçün də Praqa yad şəhər deyil. Növbəti yazılarda çalışacağam ki, Çexiyanın əsrarəngiz istirahət şəhəri Karlovı Varıda bizim məmurların aldığı mülklər haqqında yazım. A-dan Z-yə məmurlarımız orada cəh-cəlal yiyəsi olub. Düşüncələri, bəlkə də istəkləri yoxdur ki, qaçaraq getdikləri və rahatlıq tapdıqları ortamı burada – Odlar Yurdunda da yaratsınlar.
Bu işi görmək niyyətindən olanların bir qismi isə FACE ətrafında toplananlar idi.
FACE-in üstünlüyü
FACE-in Praqadakı toplantısında iştirak edənlərin bir çoxu Azərbaycandan gedənlər idi. Açığı, təsirli bir izah eşitmədik ki, Avropadakı yoldaşlar tədbirə niyə biganə yanaşmışdılar. Hiss olunan bu idi ki, xaricdəki soydaşlarımız arasında da birlik məsələsində həllolunmaz problemlər var.
FACE-in məramı ölkəmiz və demoktariya ilə bağlı azad forumlar təşkil etməkdir. Sonuncu forumda xaricdəki azərbaycanlıların sayının azlığını istisna etsək, normal müzakirələr keçdi. Xüsusən, könlümü rahatlayan bu oldu: adətən, sırf müxalifət tədbirindən kənar tədbirlərimizdə gözəgörünməz senzuralar olur: görürsən ki, təşkilatçı açıq və ya xəlvəti səndən xahiş edir, min bir üsul tapıb ki, amanın günüdür, Ilham Əliyevin, onun yaxın çevrəsinin adını tənqidi çalarda çəkmə, çalış, ezop dilində danış və s. Şükür ki, FACE bu yanaşmadan uzaqdır, danışanlar hakim rejimlə bağlı istədiyi üsub və termini işlədə bildi. Yazmalıyam ki, bu, FACE-nin əsas üstünlüyüdür.
Bizi demokratiya ilə tanış etməyə utanmayın!
Forumun sonunda FACE adını dəyişib ETA (European Forum of Azerbaijani) etdi. Bilmirəm, bu dəyişiklik keyfiyyətə də təsir edəcək, yoxsa yox, amma mənim bu qurumun və ümumiyyətlə, xaricdəki azərbaycanlıların fəaliyyətilə bağlı bir-iki kəlmə deyəcəklərim var.
Heç şübhəsiz ki, Azərbaycandakı demokratik dəyişikliklər üçün forumların, seminarların, ciddi akademik müzakirələrin faydası var. Ancaq daha faydalı işlərdən biri də Azərbaycanda məhdud sayda qalan azadlıq ideyaları daşıyıcılarıyla daha real işin qurulmasıdır. Adi bir işdir, birinci yazıda da göstərmişdim, forum təşkilatçıları iştirakçıların tədbir günlərindən əlavə bir gün qalmasına sanki özlərinin qürurlarının zədələnməsi kimi baxırdılar. Anlamaq olmurdu ki, onlar böyük xərc bahasına Praqaya gedən insanların bir neçə gün oralarda gəzib-dolanmağına niyə pis baxır? Məsələn, təşkilatçılar ən çox buna qəzəblənirdilər: niyə görə bizə turist şirkəti kimi baxırsınız, axı biz ciddi qurumuq? Sonacan anlamadım; doğrudanmı FACE bizi doyunca o yerləri gəzdirib tanıtsaydı, demokratiya örnəklərini kağız və seminarla yanaşı, birbaşa həyatın özündən öyrətsəydi, bu, pis, ayıb sayılardı? Axı niyə başa düşülmür ki, Biləcəridən bəri tərəfdə olanların daha çox praktikaya ehtiyacı var?
Uzun illər ərzində ATƏT-dən tutmuş, Avropa Şurasına qədər nə qədər təşkilatlar uzun-uzun mühazirələrilə başları onsuz da çox yorub. Mənim üçün bir dəfə gözlərimlə Avropada zibillərin necə təmizləndiyini görmək daha bilgivericidir, nəinki ağır mühazirələr. Avropa insanının davranışını, xidmətini görmək, müşahidə etmək və bunları öz ölkəmizə təcrübə kimi daşımağın faydasını gərək oradakı dostlarımız gözardı etməsinlər.
Azərbaycanlı jurnalistlərin oradakı həmkarlarıyla, siyasətçilərin oralardakı siyasilərlə, QHT təmsilçilərinin öz kolleqaları ilə əlaqələndiriməsinə də ETA öz töhfəsini verə bilər. Bilirəm, adamları məsuliyyətlə yükləmək qədər asan heç nə yoxdur. Illah da bildiyim qədər, FACE üçün qolunu çırmayıb iş görən adamlar demək olar ki, dişləri-dırnaqlarıyla nəsə edirlər, büdcələri-filanları yoxdur. Ancaq oradakı dostlarımız da bizi tez-tez məsləhətlərlə yüklədiyindən yazdım ki, əvəz-əvəz olsun. Ümidvaram ki, böyük hədəfləri seçən dostlarımızın xırda tənqidlərdən qolları boşalmayacaq.
Bir neçə kəlmə də xaricdəki azərbaycanlılar haqda…
Onların öz dillərindən eşitdiyim şəhadətə görə, mühacir ordumuzun keyfiyyəti barədə uca səslə danışmaq hələ tezdir. Odlar Yurdundan müxalifətçi kimi qaçıb oralardan Əliyevlər üçün mədhiyyə deyənlər də az deyil. Eşitdiyimə görə, hakimiyyətin özünün maraqlı bir mühacir siyasəti də var; bacardıqları qədər xaricdə müxalifət fəallarını susdurmaq öz yerində, bir də Azərbaycandan məqsədli formada öz adamlarını mühacir kimi xaricə yollayırlar. Belələri orada bir tərəfdən hökumətə yarınır, digər tərəfdən də Azərbaycan müxalifətinin adını ləkələyir.
Söhbətləşdiyim mühacirlərdə (zənn etmirəm, aktyorluq etsinlər, onların çoxunu qiymətli insan kimi tanımışam) niskil gördüm. Bizim çoxumuza poetik ifadə kimi görünən vətən həsrəti bu adamlarda aşkar duyulurdu. Müasir texnologiyanın gəlişməsi, onların az qala, hər gün buradakı yaxınları ilə telefon, internet vasitəsilə danışması məsafələri yaxınlaşdırmır, demək.
Bəli, onlar bizim əksəriyyətimizi sıxan maddi-məişət sıxıntısından qurtulublar; mənzil, geyim, qida onlar üçün problemlər sırasında deyil.
Komforta uyanlar və uymayanlar
Dostlarımı dinləyəndən sonra mən bir çox mühacirlərin Biləcəridən o tərəfə keçən kimi dayanıqlığını, səbatını itirməyini anladım. Əliyevçi rejim elə elementar problemlərlə camaatımızı yorub ki… Məsələn, azərbaycanlı bir ay boyunca qəndini, çayını, siqaretini borca yazdırmadan alanda özünü cənnəti-əlada sayır. Bu üzdəndir ki, Avropada minimal səviyyədə də olsa, təmin olunanda bizim əzabkeşlərin bəziləri komforta uyur, rejim, tayfa-klan söhbətlərini unudur. Ancaq nə yaxşı ki, onların arasında heç nəyə baxmadan dirənişini davam etdirən, Azərbaycanın işıqlı sabahı demokratiya və əliyevsizlikdə görənlər də var. Yazımı o insanlara minnətdarlığımı ifadə etməklə bitirirəm. Azərbaycanı Avropa etməliyik!
Natiq