Tehranda ara qarışdı

Oktyabrın 3-də Tehran bazarında hökumətə qarşı başlanan etiraz aksiyaları böyüyərək şəhərin digər məntəqələrinə də yayılıb. “Media forum” saytının məlumatına görə, ölkənin qeyri-sabit iqtisadi durumuna, hökumətin iqtisadi siyasətinə və milli pulun dəyərinin düşməsinə etiraz bildirən minlərlə aksiyaçı ilə silahlı və mülki geyimli təhlükəsizlik qüvvələri arasında qarşıdurmalar baş verib.

Paytaxtın Sədi, Cümhuri, Firdovsi, İmam Xomeyni, Hafiz, Mənuçehri və İnqilab küçələrində hökumət qüvvələri ilə üz-üzə gələn aksiyaçılar hakimiyyətə qarşı şüarlar səsləndiriblər.

“Xamneyi, ağlını başına yığ, biz dələduz yox, xalqıq”, “Suriyanı burax, bizi düşün” və sair şüarlar səsləndirən qəzəbli aksiyaçılar hökumət banklarının şüşələrini qırıb, küçələrdəki zibil yeşiklərini yandırıblar.

Qarşıdurmalarda onlarla aksiyaçının tutulub bilinməz istiqamətə aparıldığı bildirilir.
Oktyabrın 1-dən bəri İran rialının məzənnəsi ABŞ dollarına nisbətən 30 faiz düşüb. ABŞ dollarının məzənnəsinin qalxması İranda ərzaq məhsulları və digər malların bahalaşmasına səbəb olub.