“Gülər Əhmədova olayı cəmiyyəti ayıltmalıdır”
Vidadi Mirkamal: “Prezident seçkisi yaxınlaşdıqca hakimiyyətdə belə ifşa faktları çoxalacaq”
Gülər Əhmədova ilə bağlı məsələdə hakimiyyətin nümayiş etdirdiyi mövqe bir daha iqtidarın mahiyyətini ortaya qoydu. Ortada təkzibolunmaz faktların olmasına baxmayaraq, ictimai diqqət G.Əhmədovadan yayındırılmağa və Elşad Abdullayevin üzərinə gətirilməyə çalışılır. Bu və başqa məqamlarla bağlı sualları Ictimai Palatanın Koordinasiya Şurasının üzvü Vidadi Mirkamala ünvanladıq.
– Vidadi bəy, Elşad Abdullayevlə Gülər Əhmədova arasında olan qalmaqallı video hansı həqiqətləri ortaya qoydu?
– Bu hadisə 1993-cü ildə əsası qoyulan seçki saxtakarlığının təfərrüatlarına qədər sübutu idi. Həmin tarixdən indiyə qədər davam edərək dəfələrlə təkrarlanan cinayət bu video ilə sübuta yetirilir. Bu video hakimiyyətə yaxın olan Elşad Abdullayevin özündə olan məlumatı cəmiyyətlə bölüşməsidir. Bu addımdan qabaq o bu qalmaqallı informasiyanı müvafiq orqanlara göndərmişdi. Bunu özü də etiraf edir ki, video əvvəlcə prokurorluq orqanlarına, daha sonra isə Fuad Ələsgərova verilib. Bu video yeni bir hadisə olmasa da, hər seçkidə yol verilən saxtakarlıq faktının görsənişidir. Bu görsəniş cəmiyyəti kifayət qədər ciddi formada silkələdi. Düşünürəm ki, baş verən hadisə cəmiyyəti ayıltmalıdır. Təkcə müxalifət deyil, toplumun bütün kəsimi ziyalılar, sadə vətəndaşlar baş verənlərə biganə qalmamalıdırlar. Hakimiyyətdə olanlar hər seçki insanların iradələrini zorlayırlar. Hakimiyyət seçilmək hüququ olan şəxslərdən rüşvət almaqla dövləti əhəmiyyətli postları satır. Cəmiyyət bunu dərk edib, təpkisini göstərməlidir. Düşünürəm ki, prezident seçkiləri yaxınlaşdıqca hakimiyyətdə belə ifşa faktları çoxalacaq. Stəkan dolanda daşmalıdır. Hakimiyyətin ambisiyası son həddə bir fəsad törətməlidir.
Cəmiyyət hakimiyyətdən hesabat tələb etməlidir
– Baş verəni hakimiyyət daxilindəki intiriqalar və qruplaşmalararası savaşın meydana çıxması kimi izah edənlər də az deyil. Siz bu barədə nə düşünürüsünüz?
– Müxalifət düşərgəsi seçki saxtakarlığına dair faktları hər zaman cəmiyyətin diqqətinə çatdırıb, müstəqil mətbuat bu barədə yazıb. Amma hazırda hakimiyyətin mahiyyətini ifşa edən faktların ortaya çıxmasında iqtidardaxili intriqaların, əlbəttə, xüsusi rolu var. Bir məqamı da nəzərə almaq lazımdır ki, bu hadisə sadəcə olaraq klandaxili mübarizənin nəticəsi kimi meydana çıxmayıb. Diqqəti cəmiyyətdə insanlarımızın seçki hüququnun ciddi şəkildə pozulmasına yönəltmək gərəkdir. Millət vəkili olan bir qadın deputat mandatının alınıb-satılması ilə məşğul olursa və hakimiyyətdəkilər bundan külli miqdarda pul əldə edirsə, bu, klandaxili mübarizə çərçivəsindən çıxır. Ümumiyyətlə, təkcə bir hakimiyyət qolu rüşvətlə formalaşmır. Bütün dövlət əhəmiyyətli vəzifələr alınır və satılır. Azərbaycan Konstitusiyasında “Hakimiyyəti xalq formalaşdırır” maddəsi yalnız sözdə var.
– Gülər Əhmədova YAP Siyasi Şurasının üzvüdür və 3 parlament çağrışının deputatıdır. Amma parlament son iclasında Gülər Əhmədova ilə bağlı məsələnin üzərindən sükutla keçdi. Bunun səbəbi nədir?
– Parlament, əlbəttə, bunu hökmən müzakirə etməli idi. Çünki bu birbaşa parlamentlə bağlı hadisə idi. Amma gəlin bir məqama diqqət yetirək. Azərbaycan parlamenti ilə bağlı dəfələrlə beynəlxalq təşkilatlar səviyyəsində sərt bəyanatlar verilib. Amma bu bəyanatların heç biri parlamentdə müzakirə olunmayıb. Hər seçkidə 15-20 nəfərin seçki hüquqlarının pozulması Avropa Məhkəməsiində təsdiqini tapır. Hər seçkidə bu qədər pozuntu baş verirsə, deməli, parlamentin ən azı üçdə biri qanunsuzdur. Bu hakimiyyət o qədər cinayət törədib ki, onların sayı minlərlə ölçülür. Bu cür cinayətlərin aşkar olunmasına qarşı isə hakimiyyət yalnız susmaq taktikası seçir. Bunun iki səbəbi var. Birinci səbəb hakimiyyətin gözünü yığdığı sərvətin örtməsi, ikinci isə cəmiyyətin iqtidarı hesabat verməyə məcbur edəcək gücdə olmamasıdır. Hkimiyyət bilir ki, bu məsələ parlamentdə müzakirə olunmasa belə onları qınayan olmayacaq.
Gülər Əhmədovanın deyəsi çox sözü var
– Hakimiyyətin Gülər Əhmədova məsələsinə hazırda fərqli mövqedən yanaşdığı sezilir və baş verənlərə görə günah Elşad Abdullayevin üzərinə yönləndirilir. Burada məqsəd nədir?
– Gülər Əhmədova sıradan millət vəkili deyil. Gülər Əhmədova hərtərəfli əlaqəsi olan, başqa korrupsiya əməllərində də adı hallanan, hakimiyyətin içinə girmiş bir şəxsdir. Gülər Əhmədova bir çox qapıları açmaq iqtidarında olan millət vəkili idi. Gülər Əhmədovanın üzərinə bərk gedilməsi yəqin ki, sonda onun bir sıra instansiyalara mesaj göndərməsi ilə nəticələnib. O, müvafiq şəxslərə bildirib ki, kampaniya dayanmasa, bir sıra faktları açıqlaya bilər. Ona görə YAP-da da, parlamentdə də Gülər Əhmədova ilə bağlı bir yumşalma var. Çünki Gülər Əhmədovanın deyiləsi çox sözü var.
Elşad Abdullayevə gəlincə, o, universitet rektoru olub. Başqa ali məktəblərdə nələr baş veribsə, onun rəhbərlik etdiyi universitetdə də o pozuntular olub. Elşad Abdullayevin cinayətləri bu dərəcədə araşdırılırsa, bir komissiya yaradaraq bütün universitetləri araşdırmaq lazımdır. O zaman məlum olacaq ki, Azərbaycanda bu cinayətlər hər yerdə baş verir. Hakimiyyət insanları cinayətə batırır, sonra vəzifəyə qoyur.
Hazırda hakimiyyət Elşad Abdullayevi Azərbaycana dəvət edir. Yəni Elşad Abdullayev o qədər sadəlövhdür ki, bu addımı atsın. Burada sadəcə olaraq istintaq qrupu yaradılaraq Fransaya göndərilməli və işi orada araşdırmalı idi.
– Gülər Əhmədova ilə bağlı başlanan cinayət işinin dələduzluq maddəsi ilə başlanması nə dərəcədə düzgündür?
– Bəli, cinayət işi düzgün maddə ilə başlanmayıb. Dələduzluq etibardan sui-istifadə edərək əmlakın mənimsənilməsidir. Videoda açıq görünür ki, Gülər Əhmədova kimin adından rüşvət istəyir. O, açıq şəkildə Ramiz Mehdiyevin adını çəkir. Ona görə cinayət işi rüşvətlə başlamalı idi. Əgər işin gedişində rüşvətin Ramiz Mehdiyevə çatdığı sübut olunmasaydı, proses dələduzluq maddəsi ilə davam etdirilə bilərdi.
Səməd Seyidov ailə büdcəsinin vəsaitini oğurladığından hədəfə alınıb
– Bir çoxlarının fikrincə, cinayət işi dörd istiqamət üzrə aparılmalı idi. Birincisi, Gülər Əhmədovanın özü, ikincisi icra hakimiyyəti, üçüncüsü MSK, dördüncüsü isə Gülər Əhəmədovanın adından danışdığı adam barəsində ciddi araşdırma aparılma idi. Bu cür yanaşmanı necə qiymətləndirirsiniz?
– Bu, artıq istintaqın planıdır. Əsas cinayət faktı düzgün istiqamətdə başlasın. Bundan sonra cinayətin hansı istiqamətdə aparılması artıq istintaqın işidir. Bu, tamamilə başqa mövzudur.
– Gülər Əhmədova məsələsindən öncə Səməd Seyidovun rəhbərlik etdiyi universitetdə korrupsiya faktı aşkarlansa da, birinci məsələ digərini kölgədə qoydu. Maraqlıdır, Səməd Seyidovla bağlı məsələnin yayılması əslində hakimiyyətə sərf etmir. Amma bu baş verdi. Burada məqsəd nədir?
– Bu hakimiyyət üçün yalnız onun büdcəsi müqəddəsdir. Hakimiyyət məmurlarına ölkəni dağıtmaq üçün o vaxta qədər imkan yaradır ki, o adamlar ailə büdcəsinə mütləq gəlir verməlidirlər. Təkcə Səməd Seyidov yox, bütün universitet rektorları cinayətin içindədir. Bu şəxslərin fəaliyyəti o halda yoxlanır ki, onlar ailə büdcəsinə lazımi qədər vəsait ödəmirlər. Hazırda gizləndiyi ortaya çıxan 12 milyon manat pul ailə büdcəsinə daxil olmadığından qalmaqala səbəb olub.
– Hazırda baş verənlər seçki ərəfəsində hakimiyyətə nə vəd edir? Nəzərə almaq lazımdır ki, cəmiyyətdə hazırkı rejimdən narazılıq pik həddədir. Ötən müddət ərzində ölkədə insan haqları ilə bağlı vəziyyət olduqca acınacaqlı duruma salınıb. Sahibkarların hüquqları, vətəndaşların mülkiyyət hüququ kobudcasına pozulur…
– Artıq dünya o dünya deyir. Dünya dəyişir. Bu dəyişən dünyada o quruluş davam gətirəcək ki, o, zamanın tələblərinə uyğun hərəkət edəcək. Ərəb baharında Yaxın Şərqin iri diktaturaları devrildi. Hazırda Bəşər Əsədin taleyi həll olunur. Belə bir zamanda bəyan etmək ki, eyni proseslər Azərbaycanda təkrarlanmayacaq, bu, sadəcə sadəlövhlükdür. Il yarımdır Ictimai Palata “demokratiyaya keçidin yumşaq forması” adlı yol xəritəsini iqtidara təqdim edib. Amma hakimiyyət bunu nəzərə almır. Çünki ölkədə dəyişiklik etmək iqtidarında deyillər. Bir də hazırkı hakimiyyət sistemində istənilən cüzi dəyişiklik rejimin çökməsinə aparacaq. Azərbaycanda çox təhlükəli sistem formalaşıb. Azərbaycanda mafiya dövlətin içərisindədir və dövlət rəhbərliyində mafiya üzvləri də var. Azərbaycan bazar qanunları ilə idarə olunur. Bu isə uzun müddət davam edə bilməz. Azərbaycan müxalifəti ölkəni dinc yol ilə düzəltmək istəyir. Bu məqamın çox önəmli olduğunu Avropa ölkələrinin səfirləri bizimlə görüşlərində vurğulayırlar. Müxalifət dinc yol ilə ölkədə demokratik dəyişikliklərin olmasını istəyir. Amma bu hakimiyyət nə edir? Ölkə büdcəsi dağılır, Heydər Əliyev Fondu adı altında ikinci büdcə yaradılıb. Hakimiyyətin bütün bu addımları sonda ona gətirib çıxaracaq ki, ölkədə sosial partlayış baş verəcək.
Xəyal