İşıq sürəti

Istintaq davam edir. Yox, davam etmir, gedir. Sadəcə, gedir. Həm də o qədər sürətlə ki, yavaşlamasalar, bunun getməsinin heç bir xeyiri olmayacaq. 
Çünki bu cür dəhşətli sürət heç kimdə ola bilməz. Hətta Rafiq Tağının qatilində də, onun sifarişçilərində də. Belə sürətlə getdiyinə görə, ola bilsin, istintaq o qatilin də, sifarişçinin də yanından güllə kimi ötüb keçib və qatil onun ardınca çox qaçıb, hər addımda əl eləyib, özünü nişan vermək istəyib ki, namı yerə düşməsin, ona saymazlıq olmasın, ama mümkün olmayıb. Istintaqın götürdüyü sürət istintaq qatarının pəncərələrindən ətrafı yaxşı görməyə imkan verməyib. Mümkündü ki, qatil də bu sürətdən küsüb və baş götürüb ölkədən gedib. Indi istintaq bundan belə hayana gedir, anlaya bilmirəm. Özü də bu sürətlə. Aman, bu sürət lap qaçmağa oxşayır. Şübhə yaranır: olmaya qatil də, sifarişçi də elə bu sürət qatarının içində gedir?
Nə sirdisə, Elmar Hüseynovun istintaqı da belə sürətlə gedirdi. Ona görə “gedirdi” deyirəm ki, artıq elə sürətlə gedib, çoxdan gözümüzdən itib, qeybə qarışıb. Bəlkə o istintaq da başqa onlarla istintaq kimi qatili qaçırırmış, özü də onunla birgə aradan çıxıb…
Bütün istintaqlar beləcə gedir. Gözümüzün önündən keçib gedir. Ildırım sürətilə. Görmək belə mümkün deyil… Qısqanclıqdan gözümüz nəyi görür ki?
Hər sahədə belədi. Sürət kəlləçarxa vurub. Iqtisadi, siyasi, mədəni, idman… Avropa belə arxadan ağzını ayırıb qısqanclıqla bizə baxır. Adamlar heyrət içindədi. Başa düşə bilmirlər ki, biz bu qədər sürəti necə yığmışıq. Axı bu kosmik sürətin ən yüksəyini kəşf eləyən onlardı. Ancaq həmin sürətdən onlar yox, Azərbaycan istifadə eləyir. Öz aramızdı, axı ədalətsizlikdi bu. Sürətin atası bağa sürətilə gedir, sürət haqda təsəvvürü olmayan balaca bir ölkə dördüncü kosmik sürətlə.
Hələ iqtisadiyyatı bir yana qoyuram. O məsələdə Azərbaycanla bağlı sürət bütün dünyaya məlumdu. Çin kimi nəhəng iqtisadi inkişaf tempi olan bir ölkənin iqtisadçıları öz hökumətlərini tənqid eləyəndə bizim dövləti nümunə göstərirlər. Deyirlər, necə olur, min ildən çox yaşı olan Çin o iqtisadi sürəti əldə eləyə bilmir, 1994-cü ildə yaranan Azərbaycan dövləti buna nail olur? Əlbəttə, paxıllığımızı çəkirlər. Elə bilirsiz, küçələrimizə tökülüşmüş xırdavat satan çinlilər boşunamı gəlib Azərbaycana? It kimi sülənirlər. Bakını, rayonları bürüyüblər. Yox, boşuna deyil. Onlar Çin hökumətinin buradakı casuslarıdı. Gəliblər öyrənsinlər ki, Azərbaycan bu boyda sürəti necə yığa bilir. Illah da bölgələrə tökülüşənlər. Hansı dövlətdə bölgələr belə sürətlə inkişaf edir? Bax, onlar da bunu öyrənirlər. Hər gələn yeni icra hakimi gələn gündən rayonun altını üstünə çevirir, bir yaşıl ağac qoymur, hamısını kəsdirir. Ağacları kəsdirdiklərinə görə artıq suya da gərək qalmır, suyu da kəsirlər. Çünki onlara elə gəlir ki, su ancaq ağaclar üçündü. Əslində bir az da haqlıdılar. Axı bölgələrimizdə əhaliyə verilən suyu insanlara vermək düz deyil – yapon mütəxəssislərin apardığı analiz lap ağ olub, deyiblər ki, bu suyu heç ağaclara, bitkilərə də vermək olmaz. Hə, sonra rayonda bütün hasarlara üz çəkib, daha da hündürləşdirirlər, camaatın darvazasının üzünə ucdantutma taxta hasar yapşıdırırlar, yüksək gərginlikli elektrik dirəklərini küçədən çıxarıb keçirirlər vətəndaşların həyətinə, kəsilmiş ahıl ağacların yerinə fidanlar alıb əkirlər, rayonun asfalt küçələrini dağıdıb kanalizasiya çəkəcəyik deyə bərbad günə qoyurlar və s. Yəni dediyim odu ki, bizimkilər də hərif deyillər ki, sirlərini hansısa qıyıqgöz casuslara verələr. Milli təhlükəsizlik sistemimiz qoz kimi çalışır. Həmin casuslar rayon-şəhərlərimizdə onlar üçün qazılmış xəndəklərə düşüb ölürlər.
Əlqərəz, sürətimiz namxuda. Bütün dünyanı ötüb keçmişik. Bir dənə bu şoğərib Gürcüstana çata bilmirik ki, bilmirik. Deyirlər, o ölkədə hətta müxalifət partiyası seçkidə qələbə çala bilir. Babalı deyənlərin boynuna…