Işə prezident qarışdı – yazdıqlarımız yalan çıxdı. “Azadlıq” başda olmaqla bu, qəzetlərin sevimli özünüöygü frazalarındandır: “yazdığımız doğru çıxdı”. Qəzet özü bilər, mən boynuma alıram: yazdığım yalan çıxdı. Gülər Əhmədovanın YAP-dan, MM-dən “çıxarıldı” yazdığımı deyirəm. Ancaq burasını da demək gərəkir: hamı kimi məni də YAP icra katibi Əli Əhmədov aldatdı.
Ə.Əhmədov G.Əhmədova ilə bağlı demişdi: “Birmənalı şəkildə bu hərəkətlər Yeni Azərbaycan Partiyasının prinsip və dəyərləri ilə bir araya sığmır. Biz Gülər Əhmədovanın dələduzluq hərəkətlərini ölkənin hakim partiyasına ləkə kimi qiymətləndiririk. Eyni zamanda o da şübhəsizdir ki, Gülər Əhmədova törətdiyi dələduzluq əməlləri ilə Yeni Azərbaycan Partiyasını Milli Məclisdə təmsil etməyə mənəvi haqqını artıq itirmişdir. Yeni Azərbaycan Patiyasının hər bir üzvünün mövqeyi məhz belədir”. Sən demə, “məhzi” belə deyilmiş: icra katibi (hələlik onun adı Əli Əhmədovdur!) yalan danışır, xalqı aldadırmış, YAP-ın “600 mindən artıq üzvü” bütünlüklə başqa cür düşünür, Gülər Əhmədovanın “dələduzluq əməllərini” Yeni Azərbaycan Partiyasına, bu partiyanın 19 ildən bəri qurduğu hökumətə, bu hökumətin Prezident Administrasiyasının formalaşdırdığı Milli Məclisə çox yaraşan doğma, düzgün, qanunauyğyn, xarakterik, qorunmalı, güvənlik qazandırılmalı görsənişlərdən sayırmışlar. Milli Məclis özünün 1 oktyabr yığıncağında sərgilədiyi partizancasına susqunluqla bunu bir daha doğruladı!!!
Görəsən, Əli Əhmədov Sirus Təbrizliyə indi nə deyər? Sirus demişdi, axı: Yeni Azərbaycan Partiyası SIMASIZ QULDURLAR PARTIYASIDIR. Bu, qurucularından olduğu partiyaya Sirusun vurduğu damğadır. Əli Əhmədov da öz damğasını vurdu: dələduz, ləkəli. Görünür, Ə.Əhmədov tələsikliyə yol verib: indi, aradan iki gün keçmiş, onu susdurub başqalarını danışdırırlar. Onun yerinə indi yardımçısı S.Novruzov danışır. Özü də G.Əhmədova ilə bir platformadan. G.Əhmədovanın “bildiklərimi deyəcəyəm” qorxutması boşuna getmədi: indi “cinayət işi birbaşa prezident Ilham Əliyevin nəzarəti altındadır” (Z.Qaralov). Prezident bundan qabaq jurnalist Elmar Hüseynov, general Rail Rzayevlə bağlı cinayət işlərini “nəzarətə” götürmüşdü – sonrası bəllidir. Prezidentin işi “nəzarətə” götürməsindən sonra G.Əhmədovanın dili açılıb, bir yandan jurnalistlərə xox gəlir, o biri yandan Elşad Abdullayevi rinqə çağırır.
Beləliklə, bu yerdə mənim “Gülər kim? Gülər nə? Gizir oğlu Mustafa bəy!” yazım (Azadlıq, 28.09.12.) özünü doğruldur. Bununla G.Əhmədovanın illərdən bəri böyük bir gücə arxalanaraq meydan suladığını bildirmək istəmişdim. Onun “Gizir oğlu Mustafa bəyi” öz işini görməkdə, gücünü göstərməkdədir: Milli Məclis susdu, G.Əhmədovaya qarşı kampaniya PA-nın yönətməsi ilə E.Abdullayevə qarşı yönəldi. G.Əhmədova indi qalxıb burdan Parisə səslənir: “Elşad Abdullayev gəlsin, otursun, üzləşmələr olsun, onda bilinəcək kim nə deyir, kim nə demir”. Bu, bir neçə günün içində G.Əhmədovadan çox yuxarıda xalqı, demokratik dünyanı aldatmaq üçün düzülüb-qoşulmuş oyundur: oyunçular bu yolla – ikili gedişlə – bu yanda bunu, o yanda onu “birbaşa prezident Ilham Əliyevin nəzarəti altında” tutmağa çalışırlar.
Milli Məclisdə indiki susqunluğa gəlincə, bu oyuncaq qurumun hansı əllərə bağlı olduğu, kriminal yolla formalaşdırıldığı bir daha doğrulandı. Bu “Milli” Məclisin deputat personalı arasında PA-da tutulan, alver sonucu olaraq düzülüb-qoşulan SIYAHIDAN qıraqda kimsə olmadığı bir daha ortaya çıxdı. “Suveren demokratiya” ideologiyasına uyğun olaraq, keçirdikləri çoxsaylı saxta seçkilər sayağı, “dələduzluq əməlləri” ilə bağlı ən azı şou-çıxışlara yer verə bilərdilər. Ancaq… bundan da qorxdular: işin arxasındakı çoxillik, çoxsaylı SIYASI cinayətlərə görə! “Bu cinayət işini siyasiləşdirmək olmaz”! Siyasi işi “siyasiləşdirmək” nə demək?

Prezidentin kontrolundakı cinayətlər
•