İnkişafını özü azaldan yek ölkə

Ölkəmizin sürətli inkişafı bizi əsl dərdə salıb. Indi də onun qabağını almalıyıq. Elə bilin ki, Azərbaycanın sürətli inkişafı Kürün suyu kimi aşıb-daşıb, bənd bərəni qırıb üstümüzə gəlir. Camaatımız da qışqırır: “Belə inkişaf olar? Bu qədər inkişaf olar? Bəsdirin, dayandırın, ağ eləməyin, insafınız olsun! Ay aman, qoymayın!”.
Bütün ölkə inkişafın altında qalır, evlər batır, yollar çökür, körpülər uçur, insanlar xilas olmaq üçün tənəzzülün az-maz izləri qalan təpələr axtarır. Ölkə inkişafla mübarizəyə qalxır. Prezident inkişafla mübarizə üçün çoxillik dövlət proqramı imzalayır. Inkişafı Zəiflətmək Nazirliyi fəaliyyətə başlayır…
***
Artıq elə dövr gəlib ki, bizim şanlı hakimiyyətin əməllərini təhlil etmək üçün nə isə xüsusi bir fakt tapmağa, düşünməyə ehtiyac yoxdur. Onu təmsil edənlərin ağzını açması bəs edir ki, hər şey aydın olsun.
Görün 1 milyon manata deputat mandatı satan Gülər Əhmədova özgə nə danışdı: “Mən sənə görə prezidentin siyahısını pozdurmuşam…”.
Prezidentin siyahısının olması nə deməkdir görəsən? Bu nə əməl, bu nə qaydadır?
Gülərin qəhrəmanlığından söz açan baş prokuror isə dedi: “Bu cinayət işi prezidentin nəzarətindədir…”.
Prezidentin hansısa cinayət işini nəzarətə götürməsi kimi absurd nə anlam verir? Hüquqşünas Ələsgər Məmmədli demişkən, cinayət işi niyə icra hakimiyyətinin nəzarətində olur?
Siyavuş Novruzov danışdı, Əli Əhmədov danışdı, Aydın Mirzəzadə danışdı. Aydın Mirzəzadə hətta öz dediyinin əleyhinə danışdı. Böyük bir siyasi cinayət boy atıb boylanırdı bu danışıqlardan.
Nəhayət, Ilham Əliyev danışdı. Sən demə, Azərbaycan o qədər sürətlə inkişaf edir ki, ta bu qədər də olmaz. Dedi ki, gərək bu inkişafın sürətinin bir qədər azaldaq.
Siz indiyədək dünyada inkişafdan şikayət edən, onu dayandırmaq istəyən bir ölkə eşitmisinizmi? Belə bir ölkə olubmu? Niyə azaldaq inkişafın sürətini? Nə edək bunun üçün? Yeni iş yerlərinin açılmasını dayandıraq? Körpüləri az tikək? Asfaltı az salaq? Bəlkə maaşları azaldaq? Təqaüdləri kəsək? Nə deməkdir bu? Ümumiyyətlə, ola bilərmi belə bir şey?
…Amma siz artıq belə bir ölkədə yaşayırsınız.
***
Bilirəm ki, çoxunuz bayaqdan sual edirsiniz: axı bu inkişafın sürəti varmı ki, onun azaldılmasından söhbət gedir? Mən sizinlə razı. Amma maraqlıdır ki, hər gün analoqu olmayan inkişafımızdan danışan Azərbaycan hakimiyyəti də bizdən kənarda ölkənin inkişaf etmədiyini qəbul edir. Bu haqda yazmışıq, məcbur oluruq təkrar etməyə.
Bilirsiniz ki, Azərbaycan bir çox bəhanələrlə 15 ildir Ümumdünya Ticarət Təşkilatına üzv olmaqdan yayınır. Bəhanələrdən biri isə sizi xeyli təəccübləndirə və güldürə bilər. Yada salaq ki, istənilən ölkə bu təşkilata iki statusdan biri ilə daxil ola bilər: inkişaf etmiş və ya inkişaf etməkdə olan ölkə kimi. Prinsipal bir fərqi yoxdur. Amma bəzi ölkələr var ki, Azərbaycanın təşkilata inkişaf etmiş ölkə kimi daxil olmasını tələb edir – pulu çoxdur, zəngin neft ölkəsidir və s. Bunlar hansı ölkələrdir, bilinmir, bəlkə də onlar Azərbaycan hakimiyyətinin özünün xahişi ilə belə tələb irəli sürüblər. Bəlkə də yox. Amma burada dəqiq bildiyimiz bir mələsə var. Bizim hökumət də dirənib durub ki, yox, AZƏRBAYCAN INKIŞAF ETMIŞ ÖLKƏ DEYIL, o yalnız hələ inkişaf etməkdə olan ölkə kimi ÜTT-yə üzv olmaq istəyir. Bu, rəsmən Azərbaycanın mövqeyidir. Ölkədən kənarda belə deyirlər.
Amma ölkə daxilində hətta bu inkişafın sürətinin çox olmasından, azaldılmasından söhbət gedir.