NİDA Baş Prokurorluğa müraciət etdi

N!DA Vətəndaş Hərəkatı 3 oktyabr 2012-ci tarixində Zaur Qurbanlının saxlanılma yerinin dəyişdirilməsilə bağlı Azərbaycan Respublikası Baş Prokurorluğuna online ərizə ilə müraciət edbr. Müraciətdə deyilir:

“29 sentyabr 2012-ci il tarixində polis tərəfindən tutularkən müdafiəçinin yardımından istifadə imkanından məhrum olmaqla yanaşı, saxlanmadan sonra barəsində 15 gün müddətinə inzibati həbs tətbiq edilmiş NİDA Vətəndaş Hərəkatının idarə heyətinin üzvü, gənc fəal, blogger Zaur Qurbanlı artıq 4-cü gündür ki, qanunsuz olaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin müvəqqəti saxlanma məntəqəsində saxlanılır.

Zaur Qurbanlı vəkili ilə görüşdə ona qarşı psixoloji təzyiqlərin olduğunu bildirmişdir. Zaur Qurbanlının Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsidə saxlanılması ona qarşı təzyiq göstərməklə ictimai fəaliyyətindən çəkindirmək və onu təhdid etmək məqsədi daşıyır.

Zaur Qurbanlının Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin müvəqqəti saxlanma məntəqəsində saxlanılması aşağıdakı qanuni istinadlara və hallara görə ziddir.

Polis orqanlarının müvəqqəti saxlama təcridxanalarında daxili nizam Qaydalarının 1.3-cü maddəsinə əsasən inzibati qaydada həbs edilmiş şəxslərin saxlanılması üçün xüsusi qəbuledici məntəqələr olmayan ərazidə yerləşən polis orqanlarında bu şəxslərin saxlanılmaları üçün Müvəqqəti Saxlanma Təcridxanasında kameralar yaradılır. Halbuki, Zaur Qurbanlının inzibati qaydada həbs olunanların saxlanma məntəqəsinə köçürülməməsi üçün heç bir əsas yoxdur. Polis orqanlarının müvəqqəti saxlama təcridxanalarında daxili nizam Qaydalarına əsasən göstərilən hallardan başqa, digər şəxslərin müvəqqəti saxlanma təcridxanasında saxlanılması qadağandır.

Bu Qaydalar, polis orqanlarının müvəqqəti saxlama təcridxanalarında şübhəli və təqsirləndirilən şəxslərin saxlama rejimini, onların hüquqlarının təmin olunması və vəzifələrinin yerinə yetirilməsi, habelə saxlanılma şəraitinin təmin olunması qaydalarını müəyyən edir. Müvəqqəti saxlama təcridxanasının əməkdaşları, digər vəzifəli, habelə şübhəli və təqsirləndirilən şəxslər tərəfindən bu Qaydalara riayət olunmalıdır.

Qaydalardan da göründüyü kimi polis orqanlarının müvəqqəti saxlama təcridxanalarında şübhəli və təqsirləndirilən şəxslərin saxlama rejimini müəyyən edilib. İnzibati qaydada həbs olunanlar isə inzibati qaydada həbs olunanların saxlanma məntəqələrinə köçürülməlidir. İnzibati qaydada həbs olunan şəxsin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin müvəqqəti saxlanma məntəqəsində saxlanmasının heç bir qanuni və məntiqi əsası yoxdur.

Hazırki Qaydalar, barəsində inzibati həbs tətbiq edilmiş şəxslərin polis orqanlarının müvəqqəti saxlanma məntəqəsində saxlanıla bilməsi imkanını o zaman müəyyən edir ki, polis orqanının yerləşdiyi ərazidə inzibati qaydada həbs edilmiş şəxslərin saxlanılması üçün xüsusi qəbuledici məntəqələr olmasın. Lakin belə şərtin mövcud olmadığı üçün inzibati qaydada həbs olunmuş Zaur Qurbanlı Bakı BPİ-nin İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsinə  köçürülməlidir.

Sizdən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin müvəqqəti saxlanma məntəqəsində qanunsuz olaraq saxlanan NİDA Vətəndaş Hərəkatının idarə heyətinin üzvü, gənc fəal, blogger Zaur Qurbanlıya qarşı təzyiqlərə son qoyulmasını və “polis orqanlarının müvəqqəti saxlama təcridxanalarında daxili nizam Qaydalar”ının tələblərinə uyğun olaraq Zaur Qurbanlının inzibati qaydada həbs olunanların saxlanma məntəqəsinə köçürülməsinə dair tədbirlər görməyinizi xahiş edirik.