Müxalifətə “ünsür” deyənlə müxalifətə keçdiyini deyən prezident

“Mənim partiyam müxalifətə keçir”. Bu, Saakaşvilinin dünənki çıxışından idi. Inanmaq mümkün deyil ki, bu, bir postsovet ölkəsinin rəhbərinin dilindən səslənir. 
Axı adətən onların hamısının ağzından müxalifətçilik haqqında ancaq bunu eşitmək olar: “Müxalifət dağıdıcıdır, yırtıcıdır, ünsürdür, elementdir, düşmən dəyirmanına su tökürlər, yaramazdırlar, bir dəfə gəlmişdilər də gördük, onlara aramızda yer yoxdur, hamısını məhv etmək lazımdır”.
Saakaşvili isə putinlərə, islamkərimovlara, ilhaməliyevlərə, lukaşenkolara, serjsərkisyanlara, nazarbayevlərə yenə dərs keçdi. Dərs keçdi – müxalifətə keçdi!
Amerikanın 200 ilə keçdiyi yol heç, bəs Gürcüstanın 20 ilə keçdiyi yol?!
Əslində Saakaşvilinin dediklərini Avropada, ABŞ-da seçkini uduzan istənilən prezidentin dilindən eşitmək adi haldır. Normadır. Amma bunu bir addımlığımızdakı, burnumuzun ucunda, qulağımızın dibindəki bir prezidentdən eşitmək doğrudan da, adamda heyrət doğurur. Həm heyrət, həm də qibtə.
Yaptokratlar ölkədə demokratiyanın başına daş salmaqlarını həmişə “Biz yeni müstəqillik qazanmışıq, Amerikanın 200 ilə keçdiyi yolu bizdən 20 ilə keçməyi tələb etmək olmaz” kimi səfeh bir bəhanənin arxasında gizlənirlər. Yaxşı, buyurun, bəs Gürcüstana sözünüz nədir? Gürcüstanın 20 ilə keçdiyi yolu siz niyə keçmədiniz? Əksinə, Azərbaycanın bütün yolunu dəyişdirdiniz. Bu xalqı 20 il əvvəlki bütün ideallarından soyutdunuz, uğrunda can verib qan tökdüyü müstəqillikdən iyrəndirdiniz, ən gözəl arzularımızın üstündən xətt çəkdiniz.
Və indi doğrudanmı, bir addım ötəmizdə milli iradəyə bu qədər sayğılı…
Çağdaş, modern, demokratik dəyərlərə bu qədər sadiq…
Öz ölkəsini bir azad seçki ilə bütün dünyanın gözündə yüksəklərə ucaldan…
Hüququ, qanunçuluğu bu qədər mənimsəmiş…
Ədalət duyğusunu hakimiyyət ehtirasının önünə keçirə bilmiş bir rejimin varlığını gördükcə, üzünüzə azacıq qızartı çökmür? Doğrudanmı, az da olsa, vicdanınız sızlamır? Doğrudanmı, az da olsa qurduğunuz sistem sizə iyrənc, idbar görünmür?
Doğrudanmı, sizdə heç millət və vətən təəəssübkeşliyi qalmayıb, doğrudanmı, heç düşünmürsünüz: iki gündür tərəqqipərvər bəşəriyyətin ayaqda alqışladığı ölkə niyə sizin ölkəniz deyil?
Doğrudanmı, sayənizdə Azərbaycanın adı rüşvət, korrupsiya, talan, azadlıq düşmənləri, demokratiya yırtıcıları ilə bağlı siyahıların başında gəldiyi halda, bu gün dünyanın dörd yanından da “Gürcüstan artıq Avropadır!” sədaları ucalarkən, Gürcüstandan azad, ədalətli dünyanın bir parçası deyə bəhs edilərkən içinizdə heç bir utanc duyğusu baş qaldırmır?
“Bizim Qarabağ kimi dərdimiz var” deyib demokratiya, hüquq, ədalət, özgürlük tələblərindən yaxanızı kənara çəkirsiniz illərdir. Doğrudanmı, indi heç fikirləşmirsiniz: bizim bir Qarabağ dərdimiz var, bəs “iki Qarabağ dərdi” olan Gürcüstan çağdaşlığa, uyğarlığa necə bu qədər iri və mətin addımlar ata bilir?
Saakaşviliyə təşəkkür üçün daha bir səbəb
Bəli, cənab yaptokratlar, siz gözləyirdiniz ki, Saakaşvili də seçkiləri saxtalaşdıracaq, südə su qatacaq və siz kef edəcəksiniz. Amma olmadı.
Çünki öz ölkəsinə azacıq sevgisi olan…
Öz xalqına azacıq sayğı duyan kimsə 21-ci əsrdə hakimiyyəti dədə malı hesab etməz. Ondan ikiəlli yapışmaz. Milli iradə ilə gəldiyi kimi, milli iradə ilə də getməyi bacarar. Özünü hüququn üstündə görməz.
Tarixin ən dəhşətli və bağışlanmaz cinayəti olan saxtakarlıqdan mayalanmaz.
Ona görə də Saakaşvilinin verdiyi dərsə demokratiya dərsi kimi baxmaq da yanlışdır. Bu siz yaptokratların ən sevimli mövzusu olan vətənpərvərlik dərsidir həm də.
Çünki vətənini zərrəcə sevən kimsə vətəninin adının seçki saxtakarlıqlarına, hakimiyyət ehtiraslarına bulaşmasına, “karusel”, “topa-topa bülleten” sözləri ilə assosiasiya olunmasına razı olmamalıdır. 21-ci əsrdə bir ölkəni bundan çox heç nə biabır edə bilməz, başıaşağı edə bilməz.
“Karusel”lə məntəqə-məntəqə dolanmaqla vətənin başına dolandıqlarını düşünənləri necə də gözəl barmağına doladı Saakaşvili! Onların vətənşüvənliklərinin içinə babat öskürdü.
Buna görə də sağ olsun!