“Gürcüstan dinc hakimiyyət dəyişikliyinə imza atan ilk Qafqaz ölkəsidir və bu, Azərbaycan üçün də gözəl nümunə ola bilər”
AXCP sədri Əli Kərimli “Gürcü arzusu” koalisiyasının lideri Bidzina İvanişviliyə parlament seçkilərində qazandıqları qələbə münasibətilə təbrik məktubu göndərib. Məktubda deyilir:
“Sizi Gürcüstanda parlament seçkilərində qazandığınız parlaq qələbə münasibətilə ürəkdən təbrik edirəm. “Gürcü arzusu” müxalifət koalisiyası Sizin rəhbərliyiniz altında Gürcüstan seçicilərinin səsini qazana bildi.
Azərbaycanda biz Sizin seçki kampaniyanızı diqqətlə izlədik və qələbənizi məmnunluqla qarşılayırıq.
Azərbaycan Xalq Cəbhəsi Partiyası 1992-1993-cü illərdə hakimiyyətdə olarkən ölkələrimiz arasında strateji əməkdaşlığa xüsusi önəm verib və indi də bu mövqedədir.
Gürcü xalqı demokratiya uğrunda uzun müddət mübarizə aparıb və Siz müxalifətdə olmağın çətinliklərini öz üzərinizdə hiss etmisiniz, hərçənd, Gürcüstanda demokratiyanın vəziyyəti Azərbaycanla müqayisədə yaxşı olub.
Ümidvaram ki, Siz demokratiya uğrunda mübarizəni təkcə Gürcüstanda və gürcü xalqı üçün deyil, həm də demokrtiya idealları uğrunda döyüşən dost qonşularınız üçün davam etdirəcəksiniz.
Gürcüstan dinc hakimiyyət dəyişikliyinə imza atan ilk Qafqaz ölkəsidir və bu, Azərbaycan üçün də gözəl nümunə ola bilər. İnanırıq ki, Siz demokratiya prinsiplərinə sadiq qalacaq və Azərbaycanla təkcə iqtisadi sahədə deyil, eyni zamanda demokratikləşmə sahəsində əməkdaşlıq edəcəksiniz”.