Sabiq rektorun qaynatasının evində axtarış olub

Elşad Abdullayevlə Gülər Əhmədova arasında rüşvət qalmaqalı ilə bağlı yeni məlumatlar

Gülər Əhmədovanın deputatlıqdan könüllü imtina etməsi barədə müraciətə Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən baxılacaq vaxt açıqlanıb. MSK-dan APA-ya verilən məlumata görə, müraciətə oktyabrın 3-də saat 15.00-da baxılacaq.
Milli Məclis deputatının mandatdan imtina etməsi ilə əlaqədar deputatlıqdan məhrumetmə ilə bağlı məsələlərin qanunla müəyyən edilmiş qaydada Mərkəzi Seçki Komissiyası tərəfindən həyata keçirildiyini nəzərə alaraq, deputat Gülər Əhmədovanın deputatlıqdan könüllü olaraq imtina etməsi barədə müraciəti aidiyyəti üzrə baxılmaq üçün MSK-a göndərilib.

YAP Gülər Əhmədova ilə bağlı qərar verməyə tələsmir

Gülər Əhmədovanın YAP-dan çıxarılıb-çıxarılmayacağına gəlincə, bu haqda müvafiq qərar video qalmaqalı ilə bağlı araşdırmaların nəticələri məlum olandan sonra veriləcək. YAP Idarə Heyətinin üzvü, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov “Media forum” saytına deyib ki, fəaliyyəti dayandırılan Azərbaycan Beynəlxalq Universitetinin rektoru olmuş Elşad Abdullayevin yaydığı video ilə bağlı istintaq araşdırması gedir: “Araşdırmalar bütün məsələlərə aydınlıq gətirəcək. YAP araşdırmaların nəticəsini gözləyir”.
“Gülər Əhmədovanın deputat mandatından imtina etməsini YAP üçün itki hesab edirsinizmi” sualına Əli Həsənov belə cavab verib: “Əlbəttə, deputatın mandatdan imtina etməsi partiyası üçün itkidir. Çünki partiya seçkilərdə hər bir deputat yeri uğurunda ciddi mübarizə aparır. Yeri itirmək partiya üçün xırda iş deyil”.

Sevinc Babayevanın daha bir dələduzluğu

Bu arada məlumat yayılıb Elşad Abdullayevin yaydığı rüşvət videosundakı kitabxana müdirəsi Sevinc Babayeva bir neçə il əvvəl dələduzluğa görə məsuliyyətə cəlb olunub. Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, Sevinc Babayeva bir neçə il əvvəl dələduzluqda ittiham edilib.
Sevinc Babayeva 2009-cu ildə Abşeron rayonunda torpaq alğı-satqısı adı ilə vətəndaşlara 100 min manatdan artıq ziyan vurub. Həmin fakt üzrə o vaxt Bakının Sabunçu rayon Polis Idarəsinə daxil olan şikayət əsasında dələduzluq faktına görə cinayət işi başlanıb və Sevinc Babayeva məsuliyyətə cəlb edilib. Istintaq zamanı Sevinc Babayeva tərəfindən vətəndaşlara dəymiş ziyanın əsas hissəsi ödənildikdən sonra işə xitam verilib.
Hüquq-mühafizə orqanlarından həmçinin bildirilib ki, Sevinc Babayevanın vətəndaşlara qarşı bundan başqa da dələduzluq əməlləri olub.

Elşad Abdullayevdən Zakir Qaralova şok cavab

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayev dünən “Gülər Əhmədova olayı”na görə onu ittiham edən baş prokuror Zakir Qaralova cavab verib.
O, vəkili Adil Ismayılov vasitəsilə verdiyi cavabda Hacı Məmmədov olayında Baş Prokurorluğun tutduğu mövqeyə toxunub. Elşad Abdullayevin cavabını vəkil özünün “Facebook” səhifəsində paylaşıb. Cavab belədir: “Hörmətli cənab baş prokuror, bu işin istintaqını Eldar Əhmədov aparıb, istintaqa nəzarəti sizin birinci müavininiz Rüstəm Usubov həyata keçirir. Onların da böyüyü sizsiniz. Bu həmin müqəddəs üçlükdür ki, Hacı Məmmədov işində kim olduqlarını artıq göstərib. Siz və Rüstəm Usubov 2003-cü ildə Hacı Məmmədovun Rövşən Əliyevi qətlə yetirməsi barədə məlumat verən Rəna Nəsibovanı qəbul etmişdiniz. Bir il keçməmiş onu qətlə yetirdilər. Onun ölümünü siz ört basdır edəndən sonra Hacı Məmmədov Fətulla Hüseynovu qətlə yetirdi və Zamirə Hacıyevanı oğurladı. Bu həmin Eldar Əhmədovdur ki, Hacı Məmmədov Zamirə Hacıyevanı məhz onun kabinetindən cıxandan sonra oğurlamışdı. Yəqin sualınıza dolğun cavab verdim. Qalan suallarınıza Azərbaycan Respublikasının prezidenti cənab Ilham Əliyevə yazdığım müraciətdə cavab vermişəm”.

Prokurorluq Elşad Abdullayevə qarşı hərəkətə keçdi

Dünən həmçinin prokurorluq əməkdaşları akademik Hüseyn Əhmədovun – Beynəlxalq Universitetin rektoru Elşad Abdullayevin qayınatasının mənzilində və ofisində axtarış aparıblar. Vəkil Adil Ismayılovun “Turan”a verdiyi məlumata görə, axtarış müvafiq məhkəmə qərarı olmadan aparılıb ki, bu da qanunsuzdur. Akademik məsələ ilə bağlı etirazını bildirib. Həmçinin, prokurorların nə axtardığı aydın deyil, deyə vəkil qeyd edib.
“Azadlıq” olaraq qeyd edək ki, Hüseyn Əhmədov YAP-ın icra katibi Əli Əhmədovun əmisidir.

Əli Əhmədovun Gülər Əhmədovaya münasibəti sərt olub

“Bizim Yol” qəzeti məlumat yayıb ki, YAP-ın icra katibi Əli Əhmədovun Gülər Əhmədovaya qarşı münasibəti olduqca sərt olub. O, bir müddət deputatın hakim partiyanın mərkəzi ofisinə gəlişinə belə icazə verməyib. Mənbə bunun səbəbi kimi Gülər Əhmədovanın adının qalmaqallı olaylarda hallanmasını göstərib.
Xəbərdə qeyd olunur ki, Gülər Əhmədovun YAP-da ən yaxın dostu icra katibinin müavini, deputat Siyavuş Novruz olub. O, daim G.Əhmədovanı Əli Əhmədovun qəzəbindən qorumağa çalışıb.
Başqa bir məlumatda Gülər Əhmədovanın mədəniyyət və turizm naziri Əbülfəz Qarayevlə yaxşı münasibətlərindən bəhs olunub. Mənbə nazirin bir neçə dəfə çətin situasiyada deputata dayaq olduğunu vurğulayıb. Rüşvət videosunda görüntülənən, Gülər Əhmədovanın rəfiqəsi Sevinc Babayevanın Bakı şəhər Mədəniyyət və Turizm Idarəsində işə götürülməsi də bu dostluğun sayəsində mümkün olub. Xatırladaq ki, videonun yayılmasından sonra adıçəkilən idarə onunla əmək müqaviləsinin dayandırıldığını elan etdi. Mənbənin məlumatına görə Gülər Əhmədova ətrafında yaranmış qalmaqaldan nazir Əbülfəz Qarayev ciddi narahat olub. O, adının hallanmasını qəti arzulamır.
Mənbə məşhur kamança ustası Habil Əliyevin Gülər Əhmədovanı müdafiə etməsinin maraqlı səbəbinin olduğunu vurğulayıb. Onun oğlu, müğənni Rəvan Habiloğlu ilə Sevinc Babayeva arasında işgüzar münasibətlər var. Bu, ailələr arasında dostluğun əsasını qoyub.

***

Elşad Abdullayevin qaynatasının Əli Əhmədovun əmisi olduğu haqda məlumat doğru deyil. Bu məqalə qəzetimizdə dərc olunandan sonra E.Abdullayev və Ə.Əhmədovun qohumları haqda məlumatlı adamlar redaksiyamızla əlaqə saxlayaraq bu məqamın yanlış olduğunu deyiblər. Qəzetimizin dəqiqləşdirməsindən sonra da bu, təsdiqini tapıb. Yanlışlığa görə oxuculardan üzr istəyirik.