KQB, PKK, ETTELAAT

Azərbaycan təkcə neftinə görə xarici dövlətlərin diqqətini cəlb etmir. Ölkənin coğrafi vəziyyəti də müəyyən dövlətlərin tamahını artırır. Uzun illər dövlətçilikdən uzaq qalmağımızın acı meyvələrini dadmaqda davam edirik. Kimsəyə sirr deyil ki, həm Rusiya, həm də Iran Azərbaycana özünün tərkib hissəsi kimi baxır. Və əminliklə yazıram ki, bu iki qonşu dövlətin dünya düzəninə təsir edəcək gücü olmadığı üçün Azərbaycan işğala məruz qalmır. O güc Iranda və Rusiyada olsaydı, eynən 1813 və 1828-ci illərdə olduğu kimi Azərbaycanı hərraca çıxarıb aralarında böləcəkdilər. 
Kreml 20 ildir dağılmış SSRI-ni bərpa etmək üçün min bir oyundan çıxır. Yaratdığı Müstəqil Dövlətlər Birliyində (MDB) söz sahibi olan Moskva hər vəchlə müstəqillik əldə etmiş dövlətləri öz nəzarətində saxlayır. Rusiyanın Dağlıq Qarabağ probleminin açarını cibində saxlaması heç də təsadüfi deyil, məqsəd Azərbaycanı özündən asılı vəziyyətə salmaqdır və etiraf etmək gərəkdir ki, Kreml bu kartdan məharətlə yararlanır.
Kremlin yaxın zamanlarda Azərbaycandan əl çəkəcəyi də inandırıcı deyil, ona görə ki, Moskvanın Gürcüstanın arxasınca Azərbaycanı itirməsi, avtomatik olaraq regiondan çəkilməsinə gətirib çıxarar. Və Azərbaycandan gedəcəyi halda Kreml iqtisadi potensialı olmayan Ermənistana uzun müddət atalıq qayğısı göstərmək gücündə olmayacaq. Odur ki, Rusiya nəyin bahasına olursa-olsun, Azərbaycan məsələsində dirəniş göstərir.
Moskva 30 il əvvəlki gücə sahib olsaydı, rus qoşunları indi Bakı küçələrində gəzişirdi. Xoşbəxtlikdən Rusiya zəif durumdadır və dünya coğrafiyasını dəyişmək gücündə olan dövlətlərlə kəllə-kəlləyə gəlməkdən çəkinir. Iş orasındadır ki, rus əsgərləri Bakı küçələrində görünməsə də, Azərbaycanda rus kəşfiyyatının – KQB-nin sayı-hesabı bilinməyən agentura şəbəkəsi qalmaqdadır və o şəbəkə vasitəsi ilə Kreml istədiyi zaman bizə çox ağır zərbələr vura bilər.
KQB o qədər təhlükəli bir təşkilatdır ki, Kremldən əmr aldığı təqdirdə küçələri qan gölünə çevirə bilər. Moskvanın marağı naminə KQB təkcə sənaye müəssisələrində deyil, əhalinin gur yerlərində – metroda, universitetlərdə, lap belə uşaq bağçasında terror aktı törədə bilər. Çeçenistan, Gürcüstan olaylarını yadınıza salın, Moskva az qala bütün Qroznını xarabazara çevirmişdi, Tiflisin qapısının ağzında dayanmışdı…
ETTELAAT da eynən KQB kimi hərəkət etmək iqtidarındadır və nə qədər ki, Iran Azərbaycanı özünün əyaləti hesab edir, ETTALAAT-ı nəzərdən qaçırmaq olmaz. Həm Rusiya, həm də Iran yalnız sözdə Azərbaycanın müstəqilliyini tanıyır, bunu siyasətlə məşğul olanlar bilir. Tehranın yüksək görəv sahiblərinin Xəzər dənizinə Mazandaran dənizi deməsi, Nizamini fars şairi adlandırması kiçik məsələlər deyil, bunun arxasında ciddi məqamlar dayanır, bu barədə düşünməmiz lazım.
Dövlətin və millətin təhlükəsizliyinə cavabdeh şəxslər, qurumlar eyni zamanda həm cənubda, həm də şimalda ciddi demoqrafik, etnik təhlillər aparmalıdır.
Yaddan çıxarmayaq ki, müsəlman Iranla xristian Rusiyanın xüsusi xidmət orqanları – KQB və ETTELAAT Moskva və Tehran işbirliyinə rəğmən əlbir fəaliyyət gösərir və onların fəaliyyəti üçün ən münbit şərait ölkənin Şimal və Cənub rayonlarıdır.
Bakını üzərində KQB və ETTELAAT təhlükəsi azmış kimi bir yandan da PKK təhlükəsi özünün göstərməyə başlayıb. Zaman-zaman müxtəlif mətbuat orqanları Azərbaycanda PKK-nın fəaliyyət göstərdiyini vurğulayır. Rəsmi Bakı indiyədək, bu yazılara reaksiya verməyib. Nə təkzib, nə də təsdiq edən var. Ən qorxulusu da elə budur.
Nədən yazdım bunları? Kimsə deyə bilər ki, ilin-günün bu vaxtında KQB, ETTELAAT və PKK-nı yada salmağa nə lüzum var. Hesab edirəm ki, var. Nədən ki, son zamanlar baş verən partlayışlar, yanğınlar dövlətlə yanaşı cəmiyyəti də narahat etməlidir. Ikinci, qarşıdan prezident seçkiləri gəlir. Nəzərə almaq gərəkdir ki, cəmiyyətdə vətəndaş qarşıdurması KQB, ETTELAAT və PKK-nın “məhsuldar və səmərəli” fəaliyyətinə təkan verə bilər. Bu təhlükəni önləməyin yeganə yolunu iqtidar-müxalifət münasibətlərinin nizama salınmasında görürəm.
Ölkədə vətəndaş həmrəyliyi naminə DIALOQ lazımdır.
Dövlətin və millətin monolitliyi üçün DIALOQ lazımdır.
Azərbaycanı KQB, ETTELAAT və PKK təhlükəsindən qorumaqdan yana DIALOQ lazımdır.
Mən belə düşünürəm. Sizlər necə düşünür?