Həsənovun dörd cümləsi

Mətbuat xəbər verir ki, Saakaşvilinin partiyası seçkidə müxalifət partiyasından az səs toplayıb. Hələ ki, üstünlük müxalifətin tərəfindədi. Azərbaycan hakimiyyətini təmsil edənlər bir yandan buna sevinirlər, bir yandan da heyrət içindədirlər. Sevinirlər ki, Saakaşvili bitməyə doğru gedir. Ondan sonra deyək ki, Qafqazda daha Ilham Əliyevə nümunə göstərəcəyimiz adam qalmayacaq, yeni gələnlər isə böyük ehtimalla demokratiyanı elə də sevməyəcəklər. Azərbaycan qonşuluğunda hakim kəsilməyə başlayan demokratiya tənələrindən az da olsa qurtulacaq. Heyrət də müxalifətin qələbəsinə yaradılan demokratik şəraitdi; indi bizimkilər yüz faiz deyir: “Kül başına, Mişa, dövlət başçısının partiyası seçkidə necə uduza bilər axı? Maymaq oğlu, maymaq…”. Əslində isə bu adamlara çatmır ki, Saakaşvilinin məğlubiyyəti onun prinsiplərinin qələbəsidi. 
Gürcüstanla bağlı xəbərdən başqa 99 faiz xəbər Elşad Abdullayev və Gülər Əhmədova məsələsi ilə bağlıdı. Indi onların adı az qala Leyli və Məcnun, Əsli-Kərəm, Fərhad və Şirin kimi ayrılmazdı. Guya bu olayı vecinə almadığını söyləyən hakimiyyət sözçüləri az qala ucdantutma hamısı bu haqda danışır.
Əli Həsənovun müsahibəsi isə xüsusi diqqətə layiqdi. Bu müsahibəni dövlətə, vətəndaşa hörmətsizliyin ən gözəl nümunəsi adlandıra bilərik. Sanki bu ölkədə hər kəs, deyək ki, Azərbaycan dilindən çətin başa düşən Samir Bağırovdu; bunun bir nəfər gerçəkdən-yalandan qananı yoxdu, hamı da çörəyi qulağına yeyir. Yoldaş Həsənov hər biri qızıla bərabər, bir-birinin ardınca gələn bu kəlmələri deyir:
1-ci cümlə: “Azərbaycanın bəzi müxalifət dairələri, belə halları axtaran insanlar ondan hakimiyyətə, prezident Ilham Əliyevin komandasına qarşı istifadə etməyə çalışırlar” – Maraqlıdı, “bəzi müxalifət” dairələri bundan başqa kimə qarşı istifadə eləməliydi ki? Məsələn, Saakaşviliyə və ya Obamaya qarşı istifadə etmək olardımı? Axı məlum videoda onlardan heç birinin adı keçmir, söhbət də məhz mandatı pulla satılan Azərbaycan parlamentindən və hakimiyyət rəhbərlərindən gedir.
2-ci cümlə: “Dəridən-qabıqdan çıxaraq bunu etmək istəyirlər, bütün imkanlarını, intellektlərini, ətraflarını, ixtiyarlarında olan KIV-ləri, beynəlxalq və daxili əlaqələrini işə salaraq bundan hakimiyyətə qarşı istifadə etməyə cəhd edirlər”, – zənnimcə, bu videonu çəkən, mətbuata ötürən və videonun sibyektlərindən heç biri müxalifətdən deyil, hətta Abdullayev belə, bu gün də YAP-ın idarə heyətinin üzvü olaraq qalır. Gizli video çəkmək təcrübəsi də hakimiyyətə məxsusdu. Sıravi bir müxalif fikirli adamı təharət alarkən belə çəkib müxalifətə qarşı istifadə etmirlərmi? Həm də nəyi pisdi ki, siz camaatı yataqda çəkib ailəsini dağıtmağa, gözdən salmağa çalışırsız, burada isə intellekt işə salınıb. Ailə dağıtmağa yox, dövləti qorumağa cəhd var. Yeri gəlmişkən, intellekt camaatın ora-burasını güdməkdən ayıb işdimi?
3-cü cümlə: “Bu, antidövlət, antimillət mahiyyəti kəsb etsə də, bundan hakimiyyətə qarşı istifadə etmək istəyirlər. Iki-üç gündür, biz bunu mətbuatdan müşahidə edirik”,- görəsən Əli müəllim niyə rüşvəti, korrupsiyanı antimilli, antidövlət hesab eləmir, bu videonun yayılmasını, doğurduğu reaksiyanı antimilli hesab eləyir? Əlbəttə, sözdə hakimiyyət nümayəndələri müxalifətdən daha çox korrupsiya və rüşvəti qınayır, hətta Gülər Əhmədovaya bu məsələdə çatan olmazdı. Indi ictimaiyyət bu məsələdə adı keçən hər kəsin qanun qarşısında cavab verməli olduğunu, Gülər Əhmədova prinsipi ilə yaradılmış MM-in buraxılmasını tələb edirsə, bunun harası antimillidi?
Və nəhayət sonuncu cümlə: “Hakimiyyət üçün bu məsələ prinsipcə adi, gündəlik hadisələrdən biridir”,- bu cümləyə heç bir irad ola bilməz. Çünki bizim demək istədiyimiz və dediyimiz də elə budu. Məhz bu…