«Pulumuzu verməməkləri bir yana, hələ üstəlik, bizi təhqir də edirlər…»
“Biz dörd nəfər fəhləyik. Bizi işlədiblər, pulumuzu da vermirlər. Açıq-aşkar qoçuluq edirlər. Deyirlər ki, ”sahibimiz Hacıbala müəllimdir. Hara şikayət edirsiniz, edin”. Hacıbala müəllim də bizi qəbul edib dinləmək istəmir. Əlacsız qalıb, iki gündən sonra meriyanın qarşısında oturaq aclıq aksiyasına başlayacağıq…”
Bunu “Azadlıq”a Ağaşirin Baxşəliyev adlı şikayətçi deyib. Onun sözlərinə görə, bir neçə ay Yasamal rayonunda 21 saylı uşaq bağçasının təmirilə məşğul olublar. Təmir işlərini Bakı şəhər Tikinti Departamenti aparıb.
Şikayətçi deyir ki, iş icraçıları Cəfər Rzayev, Mehman Musayev problemlə bağlı onların narazılıqlarını dinləməyib, telefon zənglərinə cavab verməyib. Odur ki, sentyabrın 28-də problemlə əlaqədar Hacıbala Abutalıbova teleqram vuraraq, ondan kömək istəyiblər.
“Söhbət 600 manata qədər puldan gedir. Bilirik ki, bizi işlədən adamlar üçün bu heç tum pulu da deyil. Ancaq bizim üçün bu kifayət qədər əhəmiyyətli məbləğdir. Məşədi Ibadın sözü olmasın, pulumuzu verməməkləri azmış kimi, bizi təhqir də edirlər. Aclıq aksiyasından başqa bizim başqa yolumuz yoxdur. Onlar bizi ac saxlamaq istəyirlər, eybi yox, biz də bu ac olduğumuzu hamıya göstərərik”, – deyə Ağaşirin Baxşəliyev bildirib.
Natiq