Getməyi də bacarmaq lazımdır…

Bizim hakimiyyətin məntiqinə görə, M.Saakaşvili çox səfeh iş gördü. Adam da heç seçkini uduzar? Bir seçkini saxtalaşdırmağa nə var ki? M.Saakaşvili istəsəydi, Azərbaycanda seçkini saxtalaşdırmaq təcrübəsi keçərdi. Amma o, əsl siyasəti bilənlərin deyil, NATO-nun və Qərbin ətəyindən yapışdı. Indi də yəqin öz qəsrində oturub peşmanlıqla yaxşı çağları xatırlayır. 
Bəli, bunu mən bizim hakimiyyətin dilindən yazdım. Bəs Gürcüstanda həqiqətdə nələr baş verir? Bülletenlərin hamısı sayılmasa da hər yeni xəbər M.Saakaşvilinin başçılıq etdiyi hərəkatı qələbədən uzaqlaşdırır. Hə, bu sətirləri yazanda artıq o, öz partiyasının müxalifətə keçdiyini bəyan etmişdi. Hələ işgəncə faktları zəminində etirazlar baş qaldırarkən mən yazmışdım ki, Saakaşvili dövrünün qürubu başlayır, onun hakimiyyətinin finişini müşahidə edirik. Mən demək istəmirəm ki, bəs, Saakaşvili mələk idi. Yox, o da özünün siyasi ömrünü bir az də artırmaq üçün müxtəlif siyasi kombinasiyalar, texnologiyalar fikirləşir, özü üçün “ehtiyat aerodromu” yaratmağa cəhd edirdi. Saakavşili Baş nazir olmağa hazırlaşırdı. Növbəti ildən başlayaraq ölkədə Baş nazirin səlahiyyəti artacaq, o, faktiki olaraq ölkə siyasətində əsas fiqur olacaq.
Bəli, Saakaşvili bu postu özü üçün gözaltı etmişdi. Amma nə etmək olar? Necə deyərlər, bu dəfə alınmadı. Mənə belə gəlir ki, məsələlərə bir qədər fəlsəfi gözlə baxmaq lazımdır. Istənilən siyasətçinin həyatında iki an yadda qalır: hakimiyyətə və vəzifəyə gəliş və bir də hakimiyyətdən gediş. Gediş prosesi çox çətin olur. Burada kədərli notlar yer alır. Yadıma L.Valensanın uduzmağı gəlir. O nələr fikirləşmirdi? Hətta bir vaxt işlədiyi tərsanəyə təzədən elektrik tək qayıtmaq niyyətində idi. Amma onu bir təhər sakitləşdirdilər, öz aqibəti ilə barışmağa vadar etdilər.
Saakaşvili siyasətdə müəyyən dönəmin təmsilçisidir. Məxməri inqilablar hələ yaddan çıxmayıb. Bəli, V.Yuşşenokoya da aciz dedilər. Düzü, mən də onun hakimiyyəti dövrünü Ukrayna üçün itirilmiş vaxt hesab edirəm və güman edirəm ki, o, çox iş görə bilərdi. Lakin düşünəndə ki, Yuşşenkonu Yanukoviç əvəz etdi, bir az ürəyim yumşalır. Saakaşvili xeyli iş gördü. Məni həmişə onun avtoritar jestləri qorxudurdu. Amma o, məxməri inqilabın əsas prinsip və məqsədlərinə sadiq qaldı, seçkini saxtalaşdırmadı. Hətta indi bu sətirləri yazarkən yenə də ürəyimdəki narahatlıq çəkilmir və düşünürəm ki, birdən o fikrini dəyişdi, hakimiyyətdən asanlıqla getmək istəmədi? Amma o da var ki, artıq o, bir neçə dəfə məğlub olduğunu etiraf edib. Güman edirəm, hər şey sakitliklə sovuşacaq. Təbii ki, M.Saakaşvili cavan adamdır. O yaşda eks-prezident olmaq və xatirələrlə yaşamaq çətindir. Amma bir məsələ var ki, həyat davam edir. Saakaşvili də öz enerjisinə və gücünə layiqli tətbiq və təsdiq tapacaq. Aciz o adamdır ki, rüşvət almaqdan başqa bir iş bacarmır. O isə çox iş bacarır, ən azı bir hüquqşünas və siyasətçi kimi.
Dünyada siyasət aləmində çox adamlar olub ki, onların nüfuzu, prinsip etibarilə, imkan verib ki, ictimai rəyi istismar etsinlər. Lakin onlar buna getməyiblər, siyasətdə əsl demokratik ənənələrin formalaşması naminə öz nəfslərinə və ehtiraslarına “dayan” deməyi bacarıblar. Az olubmu belə siyasətçilər? Məhz o insanların sayəsində demokratik və mütərəqqi siyasət ənənələri yaranıb. Bəs siyasəti öz mədəsinə və nəfsinə tabe etdirənlərdən nə qalıb? Heç nə!.. M.Qəzzafinin son günlərini xatırlasanız belə siyasətçilərdən nə qaldığını özünüz müəyyən edə bilərsiniz, özü də çox asanlıqla…
Cənub problemi bunları necə qorxutdusa…
Bəli, bu hakimiyyətin milli hədəflərə nə qədər biganə olduğuna əmin olmaq üçün bunların bəzi çıxışlarına qulaq asmaq lazımdır. Bu yaxınlarda nüfuzlu ABŞ qəzetlərindən biri xəritədə meydana gələ biləcək yeni dövlətlər haqda yazmışdı. Bunlar dərhal qorxuya düşdülər və and-aman elədilər ki, bizim “dükan”ımız bizə bəs edir, başqalarının “dükanı” ilə işimiz yoxdur. Bundan sonra bu hakimiyyət haqda nə yazasan? Bunların çıxışlarını, dediklərini və yazdıqlarını təhlil etməyə dəyərmi? Axı bunların hamıdan bircə istəyi var ki, imkan verin, neftimizi sataq…