Heydər Əliyevin heykəlinə etirazlar dünya mediasında

“Heydər Əliyevin heykəli Mexikoda qoyulmalı deyildi”

Heydər Əliyevin Meksikanın paytaxtı Mexiko şəhərində heykəlinin qoyulmasına etirazlar dünya mətbuatının əsas xəbərlərindən birinə çevrilib. Hollandiyada yayımlanan “Trouw” qəzetində Heydər Əliyevin Mexiko şəhərindəki heykəli barədə məqalə dərc olunub. Məqalədə qeyd olunur ki, Heydər Əliyevin heykəli Mexikoda qoyulmalı deyildi. Qəzet Azərbaycanın eks ölkə başçısının heykəlinin qoyulmasına etirazların haqlı olduğunu yazıb.

Heykəlin qarşısındakı lövhədə “Heydər Əliyev bütün dünyada ümumbəşəri idealara sədaqətli şəxsdir” yazısına abidənin qoyulmasına etiraz edən gənc “bu ağ yalandır” deyib. Məqalədə heykəlin götürülməsi tələbiylə abidənin qarşısında 12 nəfər əllərində “Rədd olsun diktator”, “Hitler, Stalin”, “Nob’ti kimdir?” şüarlarıyla aksiya keçirdikləri vurğulanıb. Əlavə olunur ki, heykəlin Mexikoda ucaldılması səbəbi Aərbaycan hakimiyyətinin parkın təmirinə ayırdığı pullardır.

Qeyd edək ki, srağagün dünyanın aparıcı informasiy agentliyi “Associated Press” Heydər Əliyevin Mexikonun əsas bulvarlarından birində ucaldılmış bürünc heykəlinin bəzi meksikalıları əsəbiləşdirdiyini yazmışdı:“Onlar sual edirlər ki, nə üçün Qafqazın avtoritar liderinin abidəsi Meksikanın müstəqilliyinin 200 illiyini təcəssüm etdirən abidənin qarşısında və Reform Avenue-da Mahatma Qandinin heykəli yaxınlığına ucaldılmalıydı”.

“Associated Press” agentliyinin xəbərində bir məlumat da var. Agentlik bildirib ki, Azərbaycan abidənin yerləşdiyi parkın landşaftının yeni dizaynı və modeli üçün milyonlarla dollar vəsait xərcləməkdən əlavə, həm də Meksika paytaxtının mərkəzindəki başqa bir ictimai meydanın yenidən qurulmasını da həyata keçirib:“Azərbaycanın səxavətli hədiyyəsinə baxmayaraq, abidəyə etiraz edənlər deyirlər ki, uzaq bir ölkəni sərt əllə idarə etmiş adamın heykəli Meksika və əcnəbi qəhrəmanların abidələri ilə bəzədilmiş bulvarda olmamalıdır”.

“Associated Press” agentliyinin bu xəbəri dünyanın nüfuzlu qəzetlərinin baş xəbərlərindən olub. “The Washington Post”, “Huffington Post” qəzetləri agentliyin xəbərini tirajlayıb. BBC radiosunun Meksika xidməti də məsələyə yer ayırıb. BBC-nin məqaləsində deyilir:“ Heykəlin aşağı hissəsində “Dünyada ümumbəşəri idealara sədaqətli şəxs” yazılıb. Maraqlıdır, bu şəxs Nelson Mandela yoxsa, Martin Lüterdir? Söhbət Lenin ordeni almış, neftlə zəngin Azərbaycanın keçmiş rəhbəri Heydər Əliyevdən gedir.