Adam yaşa dolduqca kamilləşir, müdrikləşir, daha obyektiv olur, haqsız danışmağı özünə rəva bilmir. El dili ilə desək, ağsaqqala yaraşmayan hərəkətlərə yol vermir.
Adam varlandıqca özünü ağır aparır, sərvətini gözə soxmur, humanistləşir, fağır-füqarəyə dayaq olur. Bütün bunlar sivil dünyada qəbul olunmuş həyat tərzinin ünsürləridir.
Azərbaycanda bu məsələlərə yanaşma bir az fərqlidir. Belə ki, bizdə ağsaqqal, ahıl yaşlarında, lap belə ölüm ayağında yalan danışmaq, obyektivlikdən uzaq fikirlər səsləndirmək, var-dövlətlə öyünmək, kasıba yuxarıdan aşağı baxmaq dəbə minib.
Etiraf edim ki, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadəyə hörmətim var. Ona görə ki, Arif müəllim siyasi əqidəsini dəyişməyən bir siyasətçidir, əliyevçiliyinin üstündə möhkəm dayanıb və Azərbaycan cəmiyyəti onu oliqarx, korrupsioner və ya rüşvətxor kimi tanımır. Hər halda mən bu qənaətdəyəm və mümkündür ki, dediklərimin tam ziddini ortaya qoyanlar da tapılsın.
Xüsusi olaraq vurğulamaq istəyirəm ki, Arif müəllim barəsində nəsə yazmaq ağlımdan belə keçmirdi və iki partiyadaşının məşhur video qalmaqalından sonra onlar haqqında mətbuata açıqladığı bir cümlə bu yazını qələmə almağıma səbəb oldu.
Modern.az saytına açıqlama verən A.Rəhimzadə belə bir fikir səsləndirib: “Olayın bu həddə gəlib çıxması Yeni Azərbaycan Partiyasının ləyaqətinə, şərəfinə toxunan məsələdir”. Arif müəllimin bu sözlərini oxuduqdan sonra ona bir neçə sual ünvanlamaq ağlımdan keçdi və indi o sualları dəyərli oxucuların da nəzərinə çatdırıram.
Arif müəllim, deyirsiniz ki, iki YAP üzvü – Gülər Əhmədova və Elşad Abdullayev arasında baş verən olay partiyanızın şərəf və ləyaqətinə toxunan məsələdir. Partiyanızın ŞƏRƏF və LƏYAQƏT məsələsinə bu qədər önəm verirsinisə, o zaman sual edirəm:
1.Azərbaycanın əksər dövlət qurumlarında rüşvət at oynadır. Bu atoynatmanın YAP-ın şərəf və ləyaqətinə dəxli var, ya yox?
2.20 ilə yaxındır ki, YAP iqtidardadır və işğalda qalmış 20 faiz vətən torpaqlarının heç 20 qarışını da azad edə bilməyib. Bu faktor partiyanızın şərəf və ləyaqətinə necə təsir edir?
3.Oliqarx məmurlar və iri mənsəb sahibləri sənaye müəssisələri, fabrik-zavodlar bir yana, bölgələri işğal edir. Bu işğalın YAP-ın şərəf və ləyaqəti ilə bir əlaqəsi varmı?
4.Yüz minlərlə Azərbaycan vətəndaşı dolanışıq üçün cəlayi-vətən olub, yüzminlərlə soydaşımız gününü bazarlarda keçirir, yüzminlərlə sərgərdanımız Heydər parklarında domino, nərd oynamaqla gün öldürür, sayı-hesabı bilinməyən qadınlarımız-qızlarımız əcnəbi ölkələrdə namus alveri edir və sadalananlar YAP-ın dediyiniz şərəf və ləyaqətinə necə təsir bağışlayır?
5.Orta məktəblərdə, universitetlərdə təhsilin səviyyəsi ildən-ilə geri gedir, bisavadlıq kabusu Azərbaycanın başının üstündə dolaşır, milli genefond təhlükə altındadır, səhiyyədən və ekologiyadan danışmaq belə adamı utandırır, indi deyin, hörmətli Arif Rəhimzadə, bu problemlər YAP-ın şərəf və ləyaqətini artırırmı?
6.Dünya Azərbaycandakı seçki saxtakarlığını, yüksək vəzifə sahiblərinin korrupsiyanın başında dayandığını dilə gətirir. Bu saxtakarlığa və korrupsiyaya YAP-ın şərəf və ləyaqəti necə baxır?
7.Nəhayət, müəllimlərə, həkimlərə, alimlərə dövlətin rəva bildiyi qəpik-quruş maaşdan danışmıram, qocalara verilən pensiyanın mədənin problemlərini zorla ödəməsindən 71 yaşlı Arif Rəhimzadənin xəbəri var yəqin. O zaman deyin, Arif müəllim, ağsaqqalı ac saxlamaq YAP-ın şərəf və ləyaqətinə nə qədər uyğundur?..
Başqa suallar da yaza bilərdim, yazmadım. Ümidvaram ki, yaşının müdriklik çağına daxil olmuş Arif Rəhimzadə bu suallara cavab verəcək. Cavab verməsə də, ona ünvanlanmış sualların şəxsini ciddi ilgiləndirəcəyinə əminəm. Nədən ki, yaşı 70-i ötmüş insanlar dünyanın faniliyi haqqında daha çox düşünürlər. Və məhz buna görə də haqqı tapdalamağı özlərinə rəva bilmirlər.

Arif Rəhimzadəyə sualım var
•