serdar celaloglu-yeni

Video qalmaqalı qruplararası savaşın təzahürüdür

serdar celaloglu-yeniGülər Əhmədova ilə bağlı istintaq dörd istiqamətdə getməlidir

Sərdar Cəlaloğlu: «Əli Əhmədov bu cür açıqlamalar verirsə, deməli, o dəqiq bilir ki, Gülər Əhmədova hansı cinayətləri törədib»

Bugünkü müsahibimiz ADP sədri Sərdar Cəlaloğlu ilə söhbətimizə son günlər gündəmdə olan Elşad Abdullayevlə sabiq deputat Gülər Əhmədova arasındakı qalmaqallı videoya münasibət öyrənməklə başladıq.

– Sərdar bəy, belə bir videonun ortaya çıxması nəyin təzahürü idi?
– Baş verənlər hakimiyyət daxilində gedən proseslərin nəticəsidir. Həm Ramil Səfərov, həm Səməd Seyidov, həm də Gülər Əhmədova məsələsi seçkilərə hesablanıb. Prezident seçkisində hakimiyyətin kursunun necə seçilməsi ilə bağlı qruplaşmalar arasında qızğın savaş başlayıb. Yeraltı sular üzə çıxır. Hətta biz qarşılıqlı ifşa faktlarına da rast gələ bilərik ki, bütün bunlar da təəccüb doğurmamalıdır. 2005-ci il parlament seçkiləri ərəfəsində də iqtidar daxilindən bir sıra qruplar bir-birini ifşa etdilər və Fərhad Əliyev və Əli Insanov kimi məsələlər meydana çıxdı. Hazırda da baş verənlər bu qəbildəndir.

– Iqtidarın deputat mandatını alıb-satdığı, dövlət vəzifələrini hərraca çıxardığı dəfələrlə vurğulansa da, Gülər Əhəmədovanın videosu bütün bu deyilənləri təsdiqlədi. Bu videounun hakimiyyətin əsil mahiyyətinin açılması istiqamətində rolunu necə dəyərləndirirsiniz?
– Bu videoda aydın şəkildə informasiya verilir. Biz dəfələrlə seçkidən öncə seçiləcək deputatların siyahısının olduğu, icra başçısı və MSK-ya deputat mandatı qazanmaq üçün ödənişlərin edildiyini bəyan etmişik. Biz həmişə demişik ki, vahid siyahı Prezident Administirasiyasında hazırlanır. Onun bir surəti MSK-ya, digəri isə yerli icra hakimiyyətinə göndərilir. Məsələn, mən seçki gününə az qalmış artıq bilirdim ki, namizədliyimi irəli sürdüyüm dairədən Aytən Mustafayeva seçdiriləcək.
Prezident Administirasiyasından saxtakarlıq göstərişi birbaşa icra hakimiyyətinə gəlir. Məhz bu qaydanı bildiyinə görə Elşad Abdullayev soruşur ki, icra başçısı onu qəbul edəcək, yoxsa yox. Çünki yalnız Prezident Administirasiyasından gələn siyahıda adı olan şəxs prezident seçilə bilər. Burada MSK və icra hakimiyyətinə də rüşvətin ayrı verildiyi açıq görünür. Gülər Əhmədova deyir ki, MSK-ya rüşvət ayrıca verilməlidir. Istənilən məntəqədə seçkinin gedişi bu cür tənzimlənir.

– Mətbuata açıqlamanızda bildirmisiniz ki, Israfil Əliyev adlı şəxs 2005-ci ildə deputat seçilmək üçün 2 milyon manat rüşvət təklif edibmiş?
– Binəqədi Neftçıxarma Idarəsinin rəisi Israfil Əliyev adlı bir şəxs öncə seçkinin nəticələrinə görə qalib elan olunmuşdu. Amma beynəlxalq təşkilatlar baş verən saxtakarlığın üstünü açdıqlarına görə nəticələr ləğv edildi. Dairə Komissiyasından bir neçə nəfər həbs olundu, prokurorluqda cinayət işi qaldırıldı. Amma sonradan həmin cinayət işi davam etdi. Mən burada zərərçəkən tərəf olsam da, məni heç tanımadılar. Maraqlıdır ki, əgər seçki saxatalaşdırılırsa, burada iki istiqamət müəyyənləşməlidir. Birincisi, namizədin hüquqi məsuliyyəti nə dərəcədədir. Tutalım hər hansı dairədə mənim adıma saxtalaşdırma olub. Mənim iradəm olmadan bu addım necə atıla bilər. Namizəd əgər özü saxtakarlıq prosesində iştirak etmirsə, kiminsə nə marağı var ki, onun adından saxtakarlığa imza atsın. Deməli, burada namizədin özünün hüquqi məsuliyyəti məsələsi qabardılmalıdır. Məsələn, Israfil Əliyev barəsində cinayət işi qaldırılmalıdır. O cümlədən MSK və icra başçısı da qaldırılan cinayət işinə cəlb edilməli idi. Gülər Əhmədova özü videoda bəyan edir ki, deputat mandatı üçün bir milyondan çox pul verənlər var. 2005-ci ildə Binəqədi ərazisindəki dairələrdən namizədliklərini verənlərin bir neçəsindən pul alınmışdı. Onlardan biri də mənim dairəmdən namizədliyini irəli sürən Israfil Əliyev idi.
Elşad Abdullayev deyir ki, mən seçilmək üçün dəfələrlə pul vermişəm. Bu isə o deməkdir ki, birinci dəfə deyil ki, bu cür hal baş verir.

Seçki saxtakarlığının sübutu

– Mətbuata açıqlamanızda bildirmisiniz ki, Gülər Əhmədova ilə bağlı məsələdə dörd tərəf istintaqa cəlb olunmalıdır. Birincisi, Gülər Əhmədovanın özü, ikincisi icra hakimiyyəti, üçüncüsü MSK, dördüncüsü isə Gülər Əhəmədovanın adından danışdığı adam. Niyə məhz bu istiqamətlər?
– Çünki Gülər Əhmədovanın videosu təsdiqlədi ki, bir nəfərin saxta yolla parlamentə düşməsi üçün 4 instansiyanın fəaliyyəti var. Birincisi, MSK-ya pul verilməlidir. Ikincisi, icra başçısı ilə görüşmək lazımdır. Üçüncüsü, məsuliyyəti bu işi düzəltməyə çalışan tərəf daşıyır. Elşad Abdullayevlə bağlı məsələdə bu, konkret olaraq Gülər Əhmədovadır və sonuncu nəhayət, YAP funksionerinin istinad etdiyi şəxsdir. Gülər Əhmədovanın bəhs etdiyi siyahını o zaman Nemət Pənah açıqlamışdı.
Birdə ki, Gülər Əhmədova fırıldaqçı idisə, nəyə görə Elşad Abdullayevə məsləhət görürdü ki, MSK-nın pulunu aparıb bu qurumun özünə versin. Və nəhayət, Elşad Abdullayev burada pulu Gülər Əhəmədovaya versə də, gözəl bilir ki, saxtakarlıq prosesini icra başçısı həyata keçirir. Ona görə də o, icra başçısı ilə görüşə can atır. Binəqədi rayonu ərazisində üç dairə var. Onlardan birində Gülər Əhmədovanın vasitəsilə cinayətin baş verdiyi məlum olur, ikincisi isə mənim namizədliyimi verdiyim dairədir. Deməli, Binəqədinin icra hakimi məsuliyyətə cəlb olunmalıdır.

Gülər Əhmədova parlamentdə niyə müzakirə olunmadı?

– Milli Məclisin dünən keçirilən iclasında Gülər Əhmədova məsələsinə toxunulmadı. Bunun səbəbi nə idi?
– Gülər Əhmədova ilə bağlı baş verən siyasi bir məsələdir. Bu şəxs üç dəfə YAP-dan parlamentə seçilib, bu partiyanın rəhbərliyinə daxil olan şəxsdir, eyni zamanda Azərbaycanı xaricdə təmsil edib. Və məlum olur ki, bu qadın parlamentə düşmək üçün vasitəçilik edib. Gülər Əhmədova özü Elşad Abdullayevə deyir ki, bu sənin üçün bazar deyil, bu, sırf siyasi məsələdir. O özü etiraf edir ki, rüşvət almır və siyasi korrupsiya ilə məşğuldur. Bütün bunları nəzərə alıb, təhlil aparanda görürük ki, Respublika Prokurorluğu bu məsələdə fərqli mövqe tutmalıdır. Avropa Məhkəməsinin Azərbaycandakı seçkilərlə bağlı qərarları var. Həmin qərarlar Ali Məhkəmə tərəfindən qaldırılaraq Gülər Əhmədova işinə birləşdirilməlidir. Araşdırılmalıdır ki, mandat əldə edənlər hansı yolla parlamentə düşüblər. Saxtakarlıq faktı ortada olsa da bu faktla bağlı adı halanan heç kim məsuliyyətə cəlb olunmayıb.

– Eyni zamanda mətbuata açıqlamanızda bildirmisiniz ki, YAP gərək Gülər Əhmədovanı müdafiə edəydi. Bu fikri söyləyərkən nəyi nəzərdə tutursunuz?
– Nə bilirlər, bəlkə Gülər Əhmədova bəraət alacaqdı. Nəyə görə o, indidən partiyadan çıxarılır, təşkilata ləkə gətirən adam kimi qiymətləndirilir. Əgər məhkəmənin qərarı yoxdursa, Gülər Əhmədova ilə Əli Əhmədov eyni hüquqlu bir adamlardır. Digər tərəfdən, qanunla hər bir partiya öz üzvünü müdafiə etməlidir. Belə çıxır ki, Əli Əhmədov bu cür açıqlamalar verirsə, deməli, o dəqiq bilir ki, Gülər Əhmədova hansı cinayətləri törədib. Burada məqsəd YAP-ı Gülər Əhmədovanın hərəkətlərindən kənarda saxlamaqdır. Amma bu mümkün deyil. Çünki Gülər Əhmədova vəzifəli şəxsdir. O üç dəfə deputat seçilib və hakim partiyanın rəhbərliyində təmsil olunub. Əli Əhmədovlar ona görə tələm-tələsik Gülər Əhmədovanı qurban verirlər ki, mümkün qədər partiyanın imicini seçki öncəsi qoruyub saxlasınlar.

Status-kvo dəyişməlidir

– Keçmiş baş prokuror Əli Ömərov, bir çox ekspertlər vurğulayırlar ki, Gülər Əhmədova ilə bağlı cinayət işi dələduzluq maddəsi ilə yox, rüşvətdə vasitəçilik maddəsi ilə açılmalıdır. Sizin, buna münasibətiniz necədir?
– Dələduzluq o haldır ki, konkret bir insan fırıldağın qurbanı olur və aldadıldığını bilmir. Amma Elşad Abdullayev özü bəyan edir ki, mən bir neçə dəfə rüşvət vermişəm pulum batıb. Əgər Elşad Abdullayev bilmirdisə, Azərbaycanda rüşvətlə deputat olmaq olar, o zaman nəyə görə Gülər Əhmədovadan xahiş edirdi ki, mənim deputat olmağıma kömək elə. Ağlı başında olan adam əgər bilsə ki, Azərbaycanda deputatlıq rüşvətlə deyil, dələduz gəlib desə ki, mənə pul ver səni deputat edim, ona inanan olmayacaq.

– Sərdar bəy, vurğuladınız ki, Gülər Əhmədovanın korrupsiya videosunun ortaya çıxması qruplaşmalar arası savaşın təzahürüdür. Bir sıra ekspertlər hesab edirlər ki, elə qalmaqalı videonun prokurorluğun tədbir görməməsindən sonra Fuad Ələsgərova təqdim olunması və onun reaksiya vermədiyinə görə ictimailəşməsi bunun təsdiqidir?
– Əgər prokurorluq orqanları heç bir tədbir görməyibsə, deməli, bu, hüquq-mühafizə orqanlarının da siyasi sifariş həyata keçirdiyini təsdiqləyir. Digər tərəfdən, Fuad Ələsgərov da cinayət işinə cəlb olunmalıdır. Əgər o, cinayət haqqında məlumatlı olubsa və bunu açıqlamayıbsa, onun barəsində də tədbir görülməlidir.
Hakimiyyət daxilində isə gedən proseslər təsadüfi deyil. Çünki son vaxtlar Qərb Qarabağda status-kvonun dəyişdirilməsini tələb edir. Qarabağda vəziyyətin dəyişməsi isə indiki rejimin dəyişməsindən keçir. Deməli, hazırkı Prezident Administirasiyasının strukturunun dəyişdirilməsi istiqamətində iş gedir. Ona görə Ramil Səfərov, Gülər Əhmədova və Səməd Seyidov məsələlərinin gözlənilmədən ortaya çıxması təsadüfi deyil. Hazırda hakimiyyət daxilində Rusiyameyilli qüvvələrin nüfuz uğrunda savaşı gedir. Rusiyameyilli qüvvələr Azərbaycanın demokratikləşməsinin, Qərbə inteqrasiya etməsinin əleyhinədir.

– Səməd Seyidovla bağlı məsələnin gözlənilmədən gündəmə gətirilməsi nəyin görsənişi idi? Bu hakimiyyətə sərf edirmi?
– Bu, Azərbaycanda vəziyyətin dəyişməsinə hesablanıb. Azərbaycanda status-kvo dəyişməlidir ki, ölkəmiz Avropaya inteqrasiya edə bilsin, korrupsiyanın qabağı alınsın. Necə ki, Azərbaycanda bu status-kvo qalır ölkədə heç bir dəyişiklik olmayacaq. Ona görə Ramil Səfərov, Gülər Əhmədova və Səməd Seyidov məsələsi Azərbaycanda dəyişiklik istəyən qüvvələrlə, dəyişiklik istəməyən qüvvələrin döyüşüdür.

Xəyal