Təzəxan Mirələmlinin oğluna işgəncə verilib

Türmə rəisi Vasif Mirələmlini döyərək karserə salıb

AXCP Cəlilabad şöbəsinin sədri Penitensiar Xidmətə rəsmi müraciət  edib

AXCP Cəlilabad rayon şöbəsinin sədri Təzəxan Mirələmli Yeniyetmələrin Tərbiyə Müəssisəsində cəza çəkən oğlu Vasif Mirələmli ilə olan görüşündəki bəzi məqamları «Azadlıq»la bölüşüb. Onun söylədiyinə görə, oğluyla bağlı 22 avqustda baş verən hadisədən bai az sonra xəbər tutub: «Cəzaçəkmə müəssisəsində mayor rütbəli şəxs  oğluma hovuzu təmizləməyi əmr edib. Hovuzda çox su olduğu üçün oğlum buna etirazını bildirib. Bundan sonra rəisin otağına aparılan oğlumu rəis döyüb. Kürəyi və böyrəyinə vurulan zərbələr çox olub, bundan sonra isə Vasifi karserə salıblar. Bu hadisədən gec xəbər tutdum, çünki avqustun 27-dən sonra ora getmişdim. Müəssisəyə gedəndə rəis orda yox idi. Sonrakı həftə gedəndə isə rəislə normal danışmaq mümkün olmadığı üçün Penitensiar Xidmətinə  müraciət etdim.  Daxili təhqiqat şöbəsində Süleyman Sanayevə də müraciət etmişəm. Mənə bu məsələnin araşdırılacağını və müvafiq məlumat veriləcəyini söyləyiblər».
T.Mirələmli qeyd edib ki oğlunun ayaqları şişib və buna revmatizm diaqnozu qoyulub. Cəzaçəkmə müəssisəsi ilə üzbəüz  qadın kalonundan çağrılan həkim Vasifi müayinə edəndən sonra o, bir həftə müalicə alıb. Təzəxan bəy oğlunun ayaqlarında olan şişin onun böyrəklərinə dəyən zərbədən yarandığına əmindir. Çünki Vasifdə indiydək revmatzm əlamətləri olmayıb və o bu xəstəlikdən şikayətçi olmadığı üçün müalicə almayıb. Keçən şənbə günü oğlunu təkrar görən T.Mirələmli onun vəziyyətinin normal olduğunu və ayağında bir az ağrı və şişkinliyin qaldığını bildirib. Hazırda müəssisə rəhbərliyi tərəfindən oğluna təzyiq olunmadığını söyləyən T.Mirələmli müvafiq araşdırmanın davam etdiyini bildirib.

İnformasiya şöbəsi