Suriya Türkiyəni kimyəvi silahla hədələyib

Bəşər Əsəd əleyhinə etirazlar diktatorun atasının doğma kəndinə sıçrayıb; vurulan türk təyyarəsilə bağlı ilginc iddia yayılıb

Suriyada vətəndaş müharibəsi davam edir. Hələbdə etirazçılarla hökumət qüvvələri arasında döyüşlər də şiddətlənib. Müxalif hərbçilərdən ibarət Azad Suriya Ordusu Hələbin strateji nöqtələrini ələ keçirdiklərini bəyan edib. Müxalif mənbələr hökumətin üsyançıların nəzarətindəki məntəqələri qırıcılarla bombaladığını bildirib.
Ölkənin müxtəlif yerlərində baş verən toqquşmalarda 86 nəfərin öldüyü bildirilir. Paytaxt Dəməşqin müxtəlif bölgələrində ümumilikdə 5 partlayış baş verib.
Bəşər Əsəd rejiminə qarşı aksiyalar Suriya diktatorunun atası Hafiz Əsədin doğulduğu Kardaha kəndində də keçirilib. Aksiya iştirakçıları Hafiz Əsəd və Bəşər Əsədin şəkillərini yandıraraq, onların əleyhinə şüarlar səsləndiriblər. Etirazların bu kənddə də başlamasının səbəbi isə suriyalı yazıçı Samar Yazbəyin 5 ailə üzvünün hökumət qüvvələri tərəfindən öldürülməsi olub. Rejim əsgərləri burada da keçirilən aksiyaya müdaxilə edib. 8600 əhalisi olan Kardaha kəndinə gedən yollar bağlanıb, bölgəyə giriş qadağan olunub.
Bu arada, Suriyaya qonşu ölkələr də daxil olmaqla, xaricdən reallaşacaq hucum qarşılığında Bəşər Əsəd rejiminin kimyəvi silahdan istifadə edəcəyinə dair növbəti xəbər yayılıb. Məlumatlara görə, rəsmi Dəməşq Ankaraya məktub ünvanlayaraq, Türkiyəni PKK kartı ilə şantaj edib. Məktubda qeyd olunur ki, Türkiyənin Suriya rejiminə qarşı tutduğu mövqe dəyişməyəcəyi təqdirdə, hər bir kürd silahla təmin olunacaq.
“Əl-Manar” saytının ərəb mənbələrə istinadən yaydığı xəbərdə deyilir ki, Suriya hərbi müdaxiləyə cavab olaraq, qonşularını və xüsusən də Türkiyəni kimyəvi silahla vura bilər. Mənbələr Suriya rejiminin əsas hədəfinin Türkiyə və Israil olduğunu bildirir. Eyni xəbərdə vurğulanır ki, Suriya rejimi Türkiyəyə qarşı silahlı terror aktları həyata keçirən kürd qruplaşmalara ağır silahlar və raketlər verib.
Iyunun 22-də Suriyanın hava məkanı üzərində Türkiyə Hərbi Hava Qüvvələrinin “RF-4E” təyyarəsinin vurulmasıyla bağlı yeni məlumatlar yayılıb. “Əl Ərəbiyyə” kanalı təyyarənin pilotlarının öldürülməsini sübut edən Suriya xüsusi xidmət orqanlarının məxfi materiallarını yayımlayıb. Həmin sənədlərdə Türkiyəyə məxsus təyyarənin pilotlarının qəza nəticəsində deyil, Moskvanın tələbilə Bəşər Əsədin adamları tərəfindən öldürüldüyü iddia edilir.
“Rusiya rəhbərliyindən verilən məlumat və əmrə əsaslanaraq, xüsusi xidmət orqanları tərəfindən (Suriya) saxlanılan 2 türk pilotunu təbii yolla kənarlaşdırmaq lazım gəldi, onların meyitlərini isə beynəlxalq sulardakı qəza yerinə (təyyarə) qaytarmaq lazımdır”, – deyə mətbuata sızan məxfi sənədlərdə qeyd olunub.