“Müəllim günü” gəlir, nə gəlir…

“Müəllimlərin normal əməkhaqqı olmayınca vəziyyət belə davam edəcək”

“Müəllimlər günü” bəlkə də bütün nəsillərin yeganə bayramıdır ki, onu mütləq, özünəməxsus tərzdə, qarşı tərəfin zəhmətini qiymətləndirmək baxımından hamı gözləyir. Lakin nəsillər dəyişdikcə bu bayramın özünəxas cəhəti metamorfoza olaraq müasirləşdi.
Yəni müəlliminin bir tədris ilindəki zəhmətini qiymətləndirmək kimi ülvi bir arzu bazar iqtisadiyyatının tələbinə uyğun şəkildə formalaşdı. Illərdir həmin bayram artıq öz obrazını dəyişərək valideynin müəllim qarşısındakı vəzifələri sırasına keçib. Bu barədə bəlkə də yazmazdıq. Bizimçün hələ də dəyərini itirməyən əsl müəllimlərimiz qarşısındakı mənəvi borcumuz və onların zəhmətini itirmədiyimizin göstəricisi kimi. Lakin redaksiyamıza daxil olan aramsız şikayətlərdə insanlar Bakının bəzi orta məktəblərində bayram münasibətilə valieynlərdən 50-100 manat arasında pul yığıldığını söylədi.
Doğrudur, övladının bütün sinifdən geri qalmaması, eləcə də müəllimin belə şagirdi gözümçıxdıya salmaması üçün valideynlər deyilən məbləği ödəməyə davam edir. Bu məsələdə valideynin günahı da müəlliminkindən az deyil. Əsl müəllim pul verib-verməməsindən asılı olmayaraq savadlı şagirdi onsuz da sevəcək. Bayramda hamı hədiyyə almağı arzuladığı kimi, müəllim də bu sıradan geri qalmaq istəməz. Yəni savadlı şagird müəllimini həm oxumağı, həm də təqdim etdiyi hədiyyəsilə özünə cəlb etmək istəyər. Lakin bəzi məktəblərdə müəllimlərin 100 manat tələb etməsiylə bağlı şikayətlər artıq rüşvət məsələsidir və ölkənin sıravi vətəndaşlarının təbii ki, ailə büdcəsinə uyğun deyil.
Təhsil üzrə ekspert Nabatəli Qulamoğlunun fikrincə, bu gün 100 manat tələbiylə adı hallanan humanitar liseyin direktoru Məhbubə Məmmədova seçkiləri saxtalaşdırmaqla yadda qalıb. Ona görə də bu kimi məktəblərdə belə yüksək məbləğin istənilməsi təbiidir: Ümumilikdə bu məsələnin qarşısını almaq isə mümkün deyil. Gərək valideynlər də bu məsələdə aydın baxışlı olsun. Onlar müəllimin övladına yaxşı baxması, yaxud müəllimə yazığı gəldiyi üçün belə mühit yaradıb. Bu məsələnin həllinin yeganə yolu müəllimlərin əməkhaqqının normal həddə çatdırılmasıdır. Bu problemin başqa yolu yoxdur”.

Informasiya şöbəsi