heyder-heykel-mexiko

Heydər Əliyevin heykəli Mexikoda etiraz doğurdu

heyder-heykel-mexikoMeksikalılar “Qafqazın avtoritar liderinin abidəsi”ni götürməyi tələb edir

“Associated Press”: “Etiraz edənlər deyirlər ki, uzaq bir ölkəni sərt əllə idarə etmiş adamın heykəli qəhrəmanların abidələri ilə bəzədilmiş bulvarda olmamalıdır”

“Meksikalılar Azərbaycan liderinin abidəsinə mat qalıblar”.
“Associated Press” agentliyinin Mexiko şəhərindən verdiyi xəbərin başlığı belədir. Agentlik xəbər verir ki, mərhum prezident Heydər Əliyevin Mexikonun əsas bulvarlarından birində ucaldılmış bürünc heykəli bəzi meksikalıları əsəbiləşdirib.
“Onlar sual edirlər ki, nə üçün Qafqazın avtoritar liderinin abidəsi Meksikanın müstəqilliyinin 200 illiyini təcəssüm etdirən abidənin qarşısında və Reform Avenue-da Mahatma Qandinin heykəli yaxınlığına ucaldılmalıydı”.
Heydər Əliyevin Mexikoda abidəsinin açılışı avqustun 23-də şəhərinin mərkəzi küçələrindən birində salınmış Meksika-Azərbaycan Dostluq Parkında keçirilib. O vaxt Azərbaycanın rəsmi xəbər agentliyi “AzərTac”ın məlumatında deyilirdi ki, ərazisi 1,7 hektar olan Dostluq Parkı Azərbaycan hökuməti tərəfindən tamamilə yenidən qurulub, burada əsaslı abadlıq və yaşıllaşdırma işləri aparılıb.
Lakin “Associated Press” agentliyinin xəbərində bir məlumat da var. Agentlik xəbər verir ki, Azərbaycan abidənin yerləşdiyi parkın landşaftının yeni dizaynı və modeli üçün milyonlarla dollar vəsait xərcləməkdən əlavə, həm də Meksika paytaxtının mərkəzindəki başqa bir ictimai meydanın yenidən qurulmasını da həyata keçirib.
“Azərbaycanın səxavətli hədiyyəsinə baxmayaraq, abidəyə etiraz edənlər deyirlər ki, uzaq bir ölkəni sərt əllə idarə etmiş adamın heykəli Meksika və əcnəbi qəhrəmanların abidələri ilə bəzədilmiş bulvarda olmamalıdır”, – deyə agentliyin xəbərində bildirilir.
Məqalə “Azadlıq” radiosundan ixtisarla götürülüb.