Elçibəyin qardaşı sərt danışdı

Almurad Əliyev: “Elçibəyin zəhərlənərək öldürüldüyü barədə açılan cinayət işi bağlanmalıdır”

“Hafiz Hacıyev bu məsələni bir az da uzatsa, onun üçün pis olacaq”

Eks-prezident Əbülfəz Elçibəyin qardaşı Almurad Əliyev onun zəhərlənməsi barədə açılmış cinayət işilə bağlı “Modern.az” a danışıb. O, bildirib ki, bu məsələ ilə bağlı açılan cinayət işi mənasızdır.

Onun sözlərinə görə, Elçibəyin zəhərlənməsi faktı yalandır: “Elçibəyin zəhərlənməsi ilə bağlı məsələnin qabardılması havayıdır. Elçibəyin zəhərlənməsi onun xəstəliyindən olub. O, müalicəsini gecikdirdiyi üçün xəstəlik zəhərlənmə verib. Hafiz Hacıyev eks-prezidenti zəhərləndiyini iddia edir, prokurorluğa şikayət verib. Onun şikayəti əsasında bu məsələ araşdırılır və cinayət işi açılıb. Amma həmin adama yazığım gəlir. Belə bir şey yoxdur. Mən bu məsələ ilə bağlı heç kimə şər ata bilmərəm. Hafiz Hacıyev bu məsələni bir az da uzatsa, onun üçün pis olacaq. Elçibəyi sağlığında rahat buraxmadılar, indi nə istəyirlər? Mənim də xahişim odur ki, Elçibəyin ruhunu belə şeylərlə incitməsinlər. Mənə elə gəlir ki, Elçibəyin zəhərlənərək öldürüldüyü barədə açılan cinayət işi bağlanmalıdır”.     

Qeyd edək ki, Bakı Şəhər Prokurorluğunda eks-prezident Əbülfəz Elçibəyin zəhərlənməsi üzrə cinayət işinin qızğın istintaqı gedir. Bildirilir ki, istintaq üzrə Əbülfəz Elçibəyə yaxın olan bir neçə şəxs dindirilib. Bu sırada onun “özəl qələmi” və yaxın qohumu Əli Mürsəloğlu, tanınmış hüquqşünas Adil Minbaşı, eks-prezidentin Bakıdakı iki həkimi, qardaşı Almurad Əliyev, Elçibəyin Mərdəkanda qaldığı bağın sahibi Rafiq adlı şəxs də var. Sonuncu şəxs indi Klassik Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvüdür.