Adil İsmayılov: «Bu məsələ ilə bağlı yaxın günlərdə açıqlama verəcəm»
Müzəffər Baxış: «Siyasi sığınacaq alan şəxsləri ekstradisiya etmirlər»
Baş prokuror Zakir Qaralov Elşad Abdullayevin Azərbaycana gəlməsinin vacib olduğunu deyib. O, E.Abdullayevin Gülər Əhmədova ilə üzləşdirilməli və cinayət işi ilə bağlı müxtəlif sualları cavablandırmalı olduğunu deyib. Baş prokuror Azərbaycan Beynəlxalq Universitetində ciddi korrupsiya faktlarının aşkar edildiyini də deyərək keçmiş rektoru hədələyib.
Bəs hazırda Fransada mühacir həyatı yaşayan Elşad Abdullayevi Azərbaycana gətirmək mümkün olacaqmı və onun ölkəyə gəlməməsi istintaqın ləngiməsinə bəhanə ola bilərmi?
E.Abdullayevin vəkili Adil Ismayılov bu məsələ ilə bağlı yaxın günlərdə açıqlama verəcəyini deyir. Lakin vəkil əvvəl bu barədə Elşad Abdullayevin özü ilə danışmağı planlaşdırır.
Hüquqşunas Müzəffər Baxış kifayət qədər sübutlar olacağı təqdirdə Azərbaycan tərəfinin Elşad Abdullayevin ekstradisiyası ilə bağlı Fransaya müraciət edə biləcəyini deyir. Lakin dünyada qəbul edilmiş qaydaya əsasən, siyasi sığınacaq alan şəxsləri ekstradisiya etmirlər. Demokratik ölkələr isə Azərbaycan kimi imici zəif olan ölkələrin baş prokurorlarının ekstradisiya ilə bağlı müraciətlərinə, ümumiyyətlə, baxmırlar və atırlar zibil qutusuna. Çünki Azərbaycan kimi dövlətlərdə baş prokurorlar istənilən siyasi sifarişlə istənilən şəxsləri istənilən maddə ilə cinayət məsuliyyətinə cəlb edirlər və onun cəzalandırılmasına çalışırlar. Ona görə Fransa Elşad Abdullayevi Azərbaycana ekstradisiya etməyəcək.
Ekspertin fikrincə, video qalmaqalı ilə bağlı cinayət işinə görə Elşad Abdullayevin Azərbaycana gəlməsinə ehtiyac yoxdu. Onun əvəzinə vəkili çıxış edə bilər: “Cinayət Prosessual Məcəllənin imkanlarına görə, yalnız məhkəmə bu və ya digər şəxsin məhkəmədə iştirakını məcburi hesab edə bilər. Hələ iş gedib məhkəməyə çıxmayıb. Düşünürəm ki, istintaq dövründə Elşad Abdullayevin həmin cinayət işi ilə bağlı Azərbaycana gəlməsinə heç bir ehtiyac yoxdu. Həmin cinayət işinin törədilməsi ilə bağlı kifayət qədər sübutlar videogörüntüdə öz əksini tapıb”.
Fizzə