İbrahim İbrahimli: “Baş verən hadisə bütövlükdə dövləti cinayət, hakimiyyətin əsas qollarından birinin zəbt edilməsidir”
Qurban Məmmədov: “Gülər Əhmədovanın hərəkətində rüşvət verməyə təhrik etmənin əlamətləri var”
Elşad Abdullayevin yaydığı Gülər Əhmədovanın rüşvət videosu ilə bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsi ilə cinayət işi başlanmasını mütəxəssislər birmənalı qarşılamayıb. Ekspert cinayət işinin məhz rüşvət faktı ilə açılmasını vacib hesab edir. Cinayət işinin məhz bu maddə ilə açılmasını isə təsadüfi saymır.
Bəs cinayət işində rüşvət faktının qabardılmaması nə məqsəd daşıyır?
Ictimai Palatanın Koordinasıya Şurasının üzvü Ibrahim Ibrahimli əsas məqsədin diqqəti məsələnin mahiyyətindən yayındırmaq olduğunu deyir. Çünki videoda seçki korrupsiyasının başında kimin dayandığı ortaya qoyulub. Seçki xalqın iradəsinə yox, yalnız bir nəfərin iradəsinə söykənir.
I.Ibrahimlinin sözlərinə görə, hakimiyyət daxilində intriqalar güclənir və artıq kompromat savaşı başlayıb. Paşayevlərin əlinə kifayət qədər ciddi imkanlar düşüb və onlar bu fürsətdən yararlanaraq Ramiz Mehdiyevin istefasına, Naxçıvan klanının zəiflədilməsinə, onların sıradan çıxarılması çalışacaq. Baş verən hadisə isə bütövlükdə dövləti cinayət, hakimiyyətin əsas qollarından birinin zəbt edilməsidir. Gülər Əhmədova açıq şəkildə etiraf edir ki, prezidentin stolunun üstünə gedən siyahını pozdurmuşam. Lakin hakimiyyət məsələnin mahiyyətini kiçiltmək, bunu yalnız bir nəfərin rüşvətə meyillənməsi, dələduzluq etməsi kimi qələmə vermək istəyir.
I.Ibrahimli Ictimai Palatanın bu məsələ ilə bağlı dinləmələr keçirərək cəmiyyətə, beynəlxalq təşkilatlara müraciətlər ünvanladığını da yada saldı. Onun fikrincə, baş verənlər hakimiyyətin iflasından xəbər verir. Bu cür vəziyyətdə ölkəni idarə etmək, saxlamaq mümkün deyil. Hakimiyyətin məsələnin mahiyyətini kiçiltmək cəhdlərinin qarşısını isə Azərbaycan cəmiyyəti almalıdır.
Vəkil Qurban Məmmədov isə neqativ halların mütləq qiymətini almalı olduğunu deyir: “Məsələyə verilən hüquqi qiymətin nə qədər obyektiv olub olmamasına gəldikdə, deyirlər neçə hüquqşünas var, o qədər də fikir var. Hərənin bir cür yanaşası ola bilər”.
Q.Məmmədovun fikrincə, indiki halda rüşvət vermə faktı sübut olunmayıb, dələduzluqla bağlı işin qaldırılması obyektivdir. Istintaqın gedişində sübut olunarsa ki, pul həqiqətən də konkret şəxslərə rüşvət verilməsi niyyəti ilə alınıb, onda rüşvətə tövsif etmək olar.
Vəkilin sözlərinə görə, Gülər Əhmədovanın hərəkətində hətta dələduzluq yolu ilə bu pulu əldə etmiş olsa belə, rüşvət verməyə təhrik etmənin əlamətləri var. Elşad Abdullayev faktiki olaraq konkret hansısa dövlət məmuruna deputat seçilməsi üçün rüşvət verdiyini güman edib, ona görə də bu pulu verir. Ona görə də onu rüşvət verməyə təhrik edirlər. Bu baxımdan Gülər Əhmədovanın əməllərində rüşvətə təhrikçilik də var.
Fizzə