NIDA vətəndaş hərəkatının fəallarından olan Zaur Qurbanlının həbsi xəbəri yayıldığı andan bunun səbəbləri müzakirə olunmağa başladı. Iş ondadır ki, hakimiyyət gizli videonun yayılmasından sonra çox pis duruma düşüb. Gündəmi dəyişdirməyə çalışırlar. Üstəlik, qorxu xəbərdarlığı edirlər – ağlınız heç hara getməsin, yaxşı olmaz sizə! Axı məsələ Gülər Əhmədovada deyil. Bunlar yüz Gülər kimisini qurban verə bilərlər. Amma bizim ölkədə hər şeyin alınıb-satıldığını sübut edən dəhşətli fakt var ortada. Video şəklində. Yəni canlı. Həm də çox kaloritli, deyimli-yozumlu bir süjetlə. “Film”də söhbət deputat mandatındın satılmasından gedir. Prezidentin deputat siyahısının pozdurulmasından danışılır. Məbləğ də, maşallah, çox yaxşıdır. Ağıllardan çıxası deyil. 500 min, 1 milyon, 2 milyon. Dialoqlardakı dadlı-duzlu ifadələr, deyimlər, tərzlər də unudulası deyil. Belə bir video hakimiyyətin Ramil Səfərovun ölkəyə gətirilməsi ilə bağlı qazanmaq istədiyi dividendləri də məhv etdi. Bu, çox ağır zərbə idi.
Lakin niyə məhz Zaur Qurbanlının həbs edilməsi də sual doğura bilər. Zaur bu günlərin ən fəallarından idi. Iki foto sizə hər şeyi deyə bilər. Məhz onu deyər ki, Zauru həm də Ilham Əliyevə görə tutublar. Gənc fəalın həbsi zamanı ondan narkotik yox, ona məxsus sayılan plakatlar götürülüb, bunun şahidləri də var. Müsbət Dəyişiklik Təşkilatının ofisindəki insanlar hər şeyi görüblər. Həmin plakat Ilham Əliyevlə bağlıdır. Foto hər şeyi deyir. Buradakı siyasi mesaj çox aydındır.
Növbəti fotoya baxın. Bu, Zaur Qurbanlının bloqundan görüntüdür. Fəal bloqçu olan Zaur bu günlərdə ölkə gündəmində xeyli ciddi reaksiya yaradan bir fakt barədə yazıb. Fakt da odur ki, prezidentin qızı Leyla Əliyevaya məxsus şeir orta məktəb dərsliyinə salınıb. Cəfər Cabbarlının şeiri onun şeirinin altında verilib.
Məncə, artıq şərhə ehtiyac yoxdur. Zaur məhz ölkə başçısına görə tutulub. Elə Gülər məsələsi də ölkə başçısına aid məsələdir. Onun idarə etdiyi ölkə budur. Qanunsuzluqların şok yaratdığı ölkə.
Gündəm dəyişəcəkmi?
Gündəmi tutan gizli video olayı heç vaxt yaddan çıxmayacaq. Lakin bu videosuz da ölkədə qarşısıalınmaz bir proses başlayıb. Azərbaycanlıların Azərbaycanı başqa cür görmək istəyi və əzmi durmadan artır, qarşısıalınmaz prosesə çevrilib. Həbslər də ölkədəki dəyişiklik prosesinin qabağını ala bilməyəcək. Ramil Səfərovu gətirməklə Ilham Əliyevi qəhrəman kimi göstərmək cəhdi alındımı? Onun xalqı sevdiyi, ölkəni gözəl idarə etdiyi fikri yeridimi? Yox! Müxalifətin qərargahına getməsi də YAP-a xeyir vermədi. Şapalaqla üz qızartmaq dövrü getdi. Ölkənin buzu əriyir, psevdogülləri solur, yalançı baharı bitir…
Bəli, hələ də “nə olsun ki?” deyənlər var. Hətta bu prosesdə fəallıq edənlər də birdən çox pessimist yanaşır vəziyyətə. Amma baxın, Zaurların sayı azalmır. Artır. Mövzuların sayı azalmır, əksinə artır. Araşdırmalar, fotolar, videolar, sənədlər. Artıq elə bir vəziyyət yaranır ki, baş verənlərə hakimiyyətin tərəfdarları söz tapa bilmir, pisləməli olurlar. Son video qalmaqalında təkcə Facebook müzakirələri hakimiyyəti çaşdırdı, geri addım atmağa məcbur etdi.
Indi hakimiyyət bir addım geri, iki addım irəli atmağa çalışır. Amma bunun üstündən ölkənin dəyişməsi prosesi beş addım irəli gedir. Gündəm dəyişməyəcək. Gündəm yeni Azərbaycandır. Yeni Azərbaycan Partiyası olmayan Azərbaycan.