Yaptokratlar Gülər mövzusunda üslub dəyişdirdilər. Indi üç gün əvvəl “dələduz hərəkətləri ilə YAP-ı ləkələməkdə” ittiham etdikləri (o ayrı məsələdir ki, bu ləkə ittihamı da islanmışın yağışdan qorxmasına bənzəyir, sanki Gülər Əhmədova məsələsinəcən süddən çıxmış ağ qaşıq idilər) xanıma sahibləndikləri hiss olunur, hətta onu partiyadan çıxardıqlarına dair xəbəri də təkzib etdilər. Aydın görünür ki, Gülər Əhmədovanı cəzalandırmaq niyyətindən daşınıblar, bircə o qalıb “nə eləyib, əcəb eləyib, yeri gəlsə, hamımız mandat satırıq, hamımız Gülərik!” desinlər.
Nədir bu üslub dəyişiminin sirri?
Məncə, toplumun səssizliyi, yetərincə təpki ortaya qoya bilməməsi, bu rəzalətlə barışqanlığı!
Müxalifətin bir cinahı hansısa dinləmələrlə kifayətləndi, o biri cinahı veriliş çəkib internetdə yaymaqla yetindi.
Ilk günlər yaptokratların Gülər Əhmədovanı asıb-kəsməsi isə sadəcə, “facebook”un xidməti idi. Sosial şəbəkəni başına götürən etirazlar, təpkilər yaptokratları rüşvət videosuna münasibətdə anti-Əhmədova çıxışlarına məcbur etdi. Amma o çıxışlar virtual aləmdən real həyata yansımayınca, üslubu dəyişdilər, indi sanki heç nə olmamış kimi bir hava yaradırlar.
Bir daha yazıram: bu, başda müxalifət olmaqla, bütün toplumun ayağına gələn bir fürsəti əlinin arxası ilə geri çevirməsinin, daha bir nadir imkanı qaçırmasının nəticəsidir. Lütfən “nə etmək olardı?” deyə soruşmayın.
Çünki bunun tək cavabı var: nə etmək olmazdı ki?!
***
Ən komik vəziyyətlərdən biri isə dünən Milli Məclisdə baş verdi, həmkarımız Zamin bəyin təbirincə desək, deputatxana payız sessiyasının ilk iclasını keçirdi.
Və o iclasda gündəmin bir nömrəli mövzusu haqqında kimsə ağzını açıb danışmadı. Kim-sə!
Üstəlik, bu mövzunun Milli Məclisə birbaşa dəxli olduğu halda!
Orada oturan hər kəsi birbaşa narahat etməli halda!
Yaxşı, yaptokratları başa düşdük.
Bəs deputatxanada “müxalifət” adına oturanlar, “Milli Məclisdə müxalifət yoxdur” deyəndə qaş-qabağını sallayanlar, “cib müxalifəti” deyəndə yeri yerindən oynadanlar niyə susdular? Onlar niyə danışmadılar? Onlar niyə “üç meymun”u oynadılar? Onlar niyə mövzunun üzərindən sükutla keçdilər?
Internetdə təyinatlı parlamentin dünənki o ilk payız iclasının kadrlarına baxdıqda isə birdən ağlıma gəldi: əslində, bu kadrlar da yerdə qalan 124 deputatın necə seçildiyinin videosudur!
Və ən azı Gülər Əhmədovanın videosu qədər dəhşətlidir.
Artıq heç bir şübhə qalmadı ki, onların seçilməsində, daha doğrusu, seçdirilməsində məhz dünənki susqunluqları, sorğulamaqdan, hesab istəməkdən, tələb etməkdən uzaq olmaqları əsas rol oynayıb.
Bundan sonra dimdiyinizlə quş tutsanız, nəyə yarayar?!
Nal və mıx
Baş prokuror Zakir Qaralovun dünən rüşvət videosu ilə bağlı açıqlamalarından xəbəriniz var.
Xəbəri olmayanlar da o açıqlamaları bu gün qəzetlərdən oxuyacaqlar.
O açıqlamalarda iki önəmli məqam vardı.
BIR: Qaralov “Bu məsələ prezidentin nəzarətindədir” dedi. Lütfən hələ də “prezidentin bundan xəbəri yoxdur” nağılına inananlar açıqlamanın bu hissəsini yaxşı-yaxşı yadda saxlasınlar. Ki, sonra mandat bazarlığının ucu düyüləndə, üstü örtüləndə də heç biri çıxıb “prezidentin bundan xəbəri olmadı, yoxsa hamısının qulağını burardı” deyib baş-beynimizi xarab eləməsin.
IKI: Qaralovun açıqlamasından ənənəvi “Bunu (yəni rüşvət videosunu – E.A) siyasiləşdirmək olmaz” cümləsi qırmızı xətlə keçirdi. Halbuki, Gülər Əhmədova o videoda Elşad Abdullayevə elə belə də deyir: “Bu alver deyil, bu siyasətdi, siyasətdə nala-mıxa vurmaq olmaz”.
Günün sözü
“…və nəhayət bəzi cəmiyyətlər anlayanda ki, o dünyaya bel bağlamaq olmaz, bu dünyalarını qurmağa qərar verdilər” (Bəstəkar Firudin Allahverdi).

Yerdə qalan 124 deputatın da videosu çıxdı
•
•