aliyev-netanyahu

İsrail İranı Azərbaycanla birgə vuracaq?

aliyev-netanyahu“Reuters” regionu qarşıdıracaq sensasiyalı məlumat yaydı

Bakı ilə Tel-Əviv arasında Azərbaycanın hərbi bazalarından necə istifadə etmək məsələsinin müzakirə olunduğu deyilir

“Reuters” agentliyi İranın nüvə obyektlərinə mümkün zərbələr üçün İsrailin Azərbaycanla əməkdaşlıq etdiyini və hətta birgə planlar üzərində işlədiyi haqda məqalə yayıb.
“İsrailin İranın nüvə məkanlarını «təkbaşına» vurmaq variantı Yaxın Şərqi səksəkəyə salıb, onun əsas müttəfiqini (ABŞ nəzərdə tutulur – red.) isə narahat edib. Bəs əgər birdən İsrail Vaşinqtonsuz da tək deyilsə?”, – deyə məqalədə bildirilir. Agentlik yazır ki, İsrailə kömək edə biləcək ölkə Azərbaycandır.
“Reuters”in yazdığına görə, Azərbaycanın iki keçmiş hərbi zabiti və Rusiyanın iki kəşfiyyat mənbəyi agentliyə deyib ki, Bakı ilə Tel-Əviv İrana mümkün zərbələr üçün Azərbaycanın hərbi hava bazalarından və kəşfiyyatından necə istifadə etmək məsələsini müzakirə edir.
Məqalədə bildirilir ki, Azərbaycanın baş müdafiə qərargahı ilə əlaqələri olan bir təhlükəsizlik müşaviri Bakıda agentliyə deyib: “İndi təyyarələrin haradan və hara qədər uçacağı kimi məsələlər araşdırılır. İsraillilər Azərbaycandakı bazalara çıxış əldə etmək istərdilər”.
Azərbaycan və İsrail bu iddiaları rəsmən təkzib edib.

Məqalədə qeyd olunur ki, neftlə zəngin Azərbaycanın yəhudi dövlətinin nadir müsəlman müttəfiqlərindən olması Tehran üçün narahatlıq yaradır. Bu isə təsadüfi deyil. Agentlik Tehranı narahat edən müttəfiqlik münasibətlərinin təsdiqi kimi yazır: “İsrail və Azərbaycan arasında tez-tez söhbəti gedən 1,6 milyard dollarlıq hərbi sövdələşmə buna bariz misaldır”.
Məqalədə “Wikileaks”ın 2009-cu ildə yaydığı ABŞ diplomatik teleqramlarında İlham Əliyevin İsraillə əlaqələri aysberqə bənzətdiyinin əks olunduğu da xatırladılır və “Yəni bu, münasibətlərin onda doqquzu suyun altındadır”, – deyə yazılır.
Maraqlıdır ki, Azərbaycan hakimiyyətinin “orbitində” olan politoloqlardan biri, parlamentin xarici işlər komitəsinin üzvü, deputat Rasim Musabəyov da Bakının İrana qarşı mümkün hərbi əməliyyatda rol ala biləcəyini deyib. Deputat iddia olunanlar barədə məlumatının olmadığını, lakin Azərbaycanın gələcəkdə İsrailin İrana qarşı hər hansı planında, məsələn, hərbi təyyarələrin yanacaqla təchizatında iştirak edəcəyinə inandığını deyib: “İsrail İranın nüvə məntəqələrini bombalamağa hazırlaşırsa, onun mütləq yanacaqdoldurma problemləri olacaq. Məncə Azərbaycan onların planlarına daxildir. Bizim müasir naviqasiya vasitələrimiz, hava hücumundan tam təchizata malik müdafiə sistemimiz və amerikalıların təlim keçdiyi heyətimiz var. Zəruri olarsa onlardan hazırlıqsız istifadə etmək mümkündür”.

Agentlik yazır ki,  Tehran və Tel-Əviv arasında olan min millik məsafə İsrailin Amerika istehsallı F-16 bombardmançılarını və onları müşayiət edən F-15-ləri normal mənzil xaricində qoyur. Odur ki, təkrar yanacaqdoldurma son dərəcə mühümdür.
Məqalədə İsrailin İrana qarşı hərbi əməliyyata çağırışlarından ABŞ-ın narahat olduğu da yada salınır: “Obama administrasiyası açıq şəkildə bildirib ki, İsrailin ara-sıra müharibədən söz açmasını alqışlamır və o, İranın nüvə proqramını cilovlamaq üçün diplomatiyaya və iqtisadi sanksiyalara üstünlük verir”. Agentliyə görə, Əfqanıstana tranzit ölkə kimi Azərbaycanın müdafiə sisteminə və qurğularına pul xərcləmiş Vaşinqton Əliyevin İrana qarşı hər hansı hərəkətə qoşulmasını alqışlamazdı.
Agentlik yazır ki, əslində, İlham Əliyev hökuməti bunun baş verməyəcəyini deyir, lakin söz-söhbət də kəsilmir.

“Reuters” daha sonra Azərbaycanla İsrail arasında kəşfiyyat əməkdaşlığının artıq təsdiqləndiyinə diqqət yönəldir: “İsrailin baş naziri Benyamin Netanyahunun ötən həftə BMT-dəki çıxışı bu ölkənin İranı vurmaq ehtimalını ən azı yaxın aylar üçün heçə endirir. Bir sıra İsrail siyasətçiləri də Azərbaycandan hərbi pladstarm kimi istifadə etmək ideyasını “ağlasığmaz” adlandırırlar. Lakin hətta onlar da müştərək Azərbaycan-İsrail kəşfiyyatının mümkünlüyünə inanırlar. Belə bir əməkdaşlığın qurulduğunu Azərbaycan mənbələri də bildiriblər”.
Məqalədə deyilir ki, ötən il əldə olunmuş silah sövdələşməsinə uyğun olaraq Azərbaycan İsraildə layihələnmiş 60 pilotsuz təyyarə hazırlayır. Mütəxəssislər isə bunun hətta neft qurğularını qorumaq və separatçı Dağlıq Qarabağda əməliyyat aparmaq üçün də çox olduğunu bildirirlər.
Məqalədə o da qeyd olunur ki, İsraillə hər hansı hərbi əməkdaşlıq Azərbaycanın neft platformalarını və kəmərlərini zərbə altında qoya bilər. “Hərçənd, Amerika Azərbaycana üç sahil patrul kateri verib və yeddi sahil radarını maliyyələşdirib”.

“Azərbaycandakından iki dəfə çox azərbaycanlı əhalinin yaşadığı İran və Bakı arasında münasibətlər həmişə gərgin olub. İran Azərbaycan liderini «Qərbin və İsrailin oyuncağ»ı adlandırır, Bakı isə islamçı müxalifətin arxasında Tehranın durduğuna inanır.
Qeyri-bərabər qüvvə ilə üzləşən Əliyev hökuməti İsraillə müttəfiq olduğunu gizlətmir”, – deyə yazan “Reuters” Azərbaycan prezidentinin adını gizli saxladığı müşavirlərindən birinin sözlərinə yer verir: “Biz çox təhlükəli bir qonşuluqda yaşayırıq və bizim İsraillə münasibətlərimizi zəruri edən əsas amil budur».