Azərbaycanda əzilən sahibkarlara beynəlxalq dəstək

Nüfuzlu beynəlxalq təşkilatlar İlham Əliyevə müraciət etdi

“Biz oliqarxlardan xahiş yox, tələb edirik ki, təzyiqləri dayandırsınlar!”

Dünən Beynəlxalq Mətbuat Mərkəzində vəkil Aslan Ismayılov, hüquq müdafiəçiləri Eynulla Fətullayev və Fuad Həsənov mətbuat konfransı keçirərək Zülfüqarlıların işi başda olmaqla, Azərbaycanda sahibkarların mülkiyyət hüquqlarının müdafiəsi istiqamətində aparılan beynəlxalq kampaniya barədə geniş məlumat veriblər. Tədbirdə yüzdən artıq yerli sahibkar, həmçinin Zülfüqarlı qardaşlarının bağlanmış müəssisələrinin işçiləri də iştirak ediblər.

Yüzdən artıq sahibkar bir araya gəldi

Eynulla Fətullayev çıxışa başlamazdan əvvəl tədbirə qatılan sahibkarlara minnətdarlıq edib. O bildirib ki, ilk dəfədir bu qədər sahibkar çəkinmədən bir araya gəlib: “Ilk dəfədir ki, sahibkarlar həmrəyli nümayiş etdirərək hüquqları tapdanmış Zülfüqarlı qardaşlarının və onların timsalında müstəqil sahibkarların müdafiəsinə biganə qalmayıblar”.

“Əliyev Putinin yolu ilə getməsin!”

E.Fətullayev xatırlatdı ki, bir ilə yaxındır ki, Zülfüqarlı qardaşlarının işini nəzarətə götürüblər: “Onların hüquqlarının hüquqi vasitələrlə qorunması üçün bütün addımlara dəstək verdik. Ümid etdik ki, nəhayət ədalət mühakiməsi və siyasi rəhbərliyin iradəsi ilə bu məsələyə  son qoyulacaq. Azərbaycan rəsmiləri daim ölkədə azad bazar iqtisadiyyatının və müstəqil sahibkarlıq sinfinin təşəkkülündə maraqlı olduqlarını bildiriblər. Amma zaman göstərdi ki, bu heç də belə deyil. Artıq Zülfüqarlıların işi rəmzi bir problemə çevrilib. Biz bu işi Azərbaycanda Xodorkovskinin presedenti kimi təqdim etmişdik.
Xodorkovskinin işi artıq Rusiya üçün böyük başağrısna çevrilib. Yaxşı olar ki, Ilham Əliyev Putinin aqibətindən nəticə çıxarsın, onun yolu ilə getməsin. Son biabırçı olay – qardaşların müəssisəsinə olan son hücum beynəlxalq ictimaiyyətin diqqətini cəlb etdi. Bizə hər gün sorğular gəlir. Beynəlxalq təşkilatlar məyusluq içindədirlər ki, necə olur, sabit Azərbaycan dövlətində günün günorta çağı idmançı görkəmli şəxslər zavodlara hücum edir, müstəqil sahibkarların mülkiyyətini qəsb etməyə cəhd edir. Biz belə qənaətə gəldik ki, bu məsələdə maraqlı olan oliqarxlar ölkə rəhbərliyindən baş verənləri gizlətməyə çalışırlar. Ona görə fəaliyyətə keçdik. Iki ay əvvəl Zülfüqarlı qardaşları ilə bağlı çox ciddi beynəlxalq kampaniyaya başlayacağımızı bəyan etmişdik. Iki-üç həftə əvvəl diplomatik korpus təmsilçiləri ilə geniş görüş keçirdik və onlara problemin mahiyyətini izah etdik. Beynəlxalq ictimaiyyət üçün Azərbaycanda mülkiyyət hüququ məsələsi olduqca vacibdir. ABŞ səfiri Morninqstarın son bəyanatını yadınıza salın. Morninqstar açıq şəkildə demişdi ki, biz Azərbaycanda azad bazar iqtisadiyyatının, azad rəqabətin olmasında maraqlıyıq. Mülkiyyət hüquqları Qərb liberal dəyərlərinin əsasıdır. Azad bazar iqtisadiyyatı olmayan ölkədə demokratik institutlar yaşaya bilməz”.

Beynəlxalq aləm ayağa qalxıb

Hüquq müdafiəçisi məlumat verib ki, 44 beynəlxalq təşkilat Zülfüqarlı qardaşları başda olmaqla, azərbaycanlı sahibkarlara basqılarla bağlı prezident Ilham Əliyevə müraciət hazırlayıb. Təşkilatlar arasında Human Rights Watch, ABŞ-ın Milli Demokratiya Institutu, “Amnesty International”, Helsinki Assambleyası, Norvegian Refugee Council, Solicitors International Human Rights Group (London), International Partnership for Human Rights (Brüssel), Amnesty Poland, Open Dialog Foundation (Polşa),
Human Rights Committee of Egypt, Foundation of Regional Initiatives, Macedonian Lawyers Association, Baltic Association, Helsinki Citizens Assembly of Turkey
kimi nüfuzlu təşkilatlar, həmçinin Polşa, Norveç, ABŞ, Ukrayna, Türkiyə və onlarla başqa ölkənin aparıcı qurumları var: “Müraciət müəllifləri Ilham Əliyevi Zülfüqarlı qardaşlarına, onların mülkiyyətinə və biznesinə qarşı qanunsuz əməllər törətmiş şəxslərin hüquqi məsuliyyətə cəlb edilməsi və iş adamlarının biznesinin bərpa edilməsi üçün fövqəladə addımlar atmağa səsləyiblər. Həmçinin Zülfüqarlı qardaşlarının milli və beynəlxalq hüquqi sənədlərdə təsbit edilmiş hüquqlarını təmin etməyə çağırıblar”.

ATƏT-in illik sammitində mülkiyyət müzakirələri

Hüquq müdafiəçisinin sözlərinə görə, imzaların bir çoxu bu günlərdə ATƏT-in Varşavadakı illik sammitində toplanıb. Sammitdə Azərbaycanda mülkiyyət hüquqlarının vəziyyətiylə bağlı müzakirələr təşkil olunub. Müzakirələrdə sammit iştirakçılarının diqqətinə Azərbaycandakı bu problemin miqyası çatdırılıb. Həmçinin ABŞ dövlət katibi Hillari Klintonun köməkçisi, ATƏT sədri və ABŞ-ın ATƏT-dəki səfiri ilə məsələni müzakirə etmək üçün ayrıca görüşlər keçirilib.
Müraciətə imza atanlar Azərbaycanda mülkiyyət hüquqlarının bu formada pozulmasından, Zülfüqarlıların işindən dəhşətə gəldiklərini və müdafiə kampaniyası üçün lazımi dəstəyi göstərməyə hazır olduqlarını bəyan ediblər. Onlar deyiblər ki, Azərbaycanda problemlərin olduğunu bilirlər. Amma bu səviyyədə yox. Eynulla Fətullayev öz növbəsində bildirib ki, bu Azərbaycandakı reallıqların beynəlxalq aləmə çatdırılması istiqamətində hələ başlanğıcdır. Azərbaycan hökumətini qarşıda ciddi beynəlxalq təzyiqlər gözləyir: “Biz oliqarxlardan artıq xahiş yox, tələb edirik ki, Zülfüqarlılara qarşı təzyiqləri dayandırsınlar. Əks halda çox ciddi beynəlxalq rüsvayçılıqla üz-üzə qalacaqlar”.

“Sahibkarların da günahı az deyil”

Aslan Ismayılov bildirdi ki, ilk dəfədir bu qədər beynəlxalq təşkilat bir araya gələrək məlum problemin həlli üçün dəstək verir: “Bu gün baş verənlərdə birmənalı olaraq hakimiyyət günahkardır. Amma sahibkarların da günahı az deyil. Çoxları elə hesab edir ki, Aslan Ismayılov Zülfüqarlı qardaşlarının milyonlarına şərik olub müdafiəni həyata keçirir. Xeyr. Zülfüqarlı qardaşları yeganə sahibkarlardır ki, qorxmurlar. Olanı danışırlar, ad çəkməkdən çəkinmirlər. Başqa bir neçə sahibkar gəlib mənimlə müqavilə bağlasa da, səhəri gün zəng edir ki, bizim adımızı hallandırma. Bəsdir qorxdunuz, hər şeyinizi əlinizdən alıblar. Indi nədən qorxursunuz? Fariz Ramizzadə kimdir ki, beş quldurla gəlib hamınızı döyüb, işsiz-gücsüz qoyub. Mən əminəm ki, Gülər Əhmədova olayı Azərbaycanı necə silkələdisə, eynilə də Zülfüqarlıların işi silkələyəcək. Hakimiyyətə bir daha müraciət edirəm ki, gec olmamış bu daşı ətəklərindən töksünlər. Sahibkarların malına quldurluqla sahib çıxmaq olmaz”.
Hüquq müdafiəçisi Fuad Həsənov isə bildirdi ki, Zülfüqarlı qardaşlarının işini Varşava sammitinə daşımaqla beynəlxalq ictimaiyyətin bu məsələyə diqqətini artırıblar: “Sammitdə beynəlxalq təşkilatların nümayəndələri Azərbaycanda insan haqlarının, xüsusilə mülkiyyət hüquqlarının qorunması ilə bağlı tez-tez sual verirdilər. Hesab edirəm ki, bu gündən sonra atılan bütün addımlar effektiv olacaq. Bu kampaniyanın ciddi nəticəsi olacaq və proses Azərbaycanda hüququ pozulan digər sahibkarların problemimin həll olunmasında atılmış böyük bir addıma çevriləcək”.

Gültəkin