“Azərbaycanlıları çox sevirəm”

Gürcüstan müxalifətinin lideri səsvermədən qabaq azərbaycanlılara üz tutdu

Oktyabrın 1-i səhər saat 8-də Gürcüstanda parlament seçkisinin səsvermə mərhələsi başlayıb. 150 mandat uğrunda 2805 namizəd mübarizə aparır. 75 nəfər proporsional, 75 nəfər majoritar sistemlə seçiləcək. Parlament seçkisinə 2 seçki bloku, 14  siyasi partiya qatılıb. Əsas favoritlər hakim Vahid Milli Hərəkat Partiyası və  müxalif “Gürcü arzusu” blokudur.

AzərTAc-ın məlumatına görə, “Gürcü arzusu” blokunun lideri Bidzina İvanişvili müşahidə missiyaları nümayəndələri ilə görüşəndən sonra Gürcüstan azərbaycanlılarına müraciət edib: “Mən azərbaycanlıları çox sevirəm. Xalqlarımız bir-birinə çox yaxındır, bizi mehriban dostluq əlaqələri birləşdirir. Dəfələrlə demişəm və indi də bəyan edirəm ki, Gürcüstan azərbaycanlılarının vətəndə özlərini tamhüquqlu vətəndaş kimi hiss etmələri, bu ölkənin onların əsl vətənlərinə çevrilməsi üçün əlimdən gələni edəcəyəm. Çalışacağam ki, etnik azərbaycanlılar cəmiyyətə inteqrasiya olunsunlar, özlərinin, ailələrinin, övladlarının talelərini təyin edə bilsinlər, seçkilərdə əvvəlki kimi deyil, real iştirak etsinlər. Biz onlarla çox işləmişik, çoxlu vədlər vermişik. Qoy onlar əmin olsunlar ki, verdiyimiz bütün vədləri yerinə yetirəcəyik. Onlar öz ölkələrinin idarə olunmasında maksimum iştirak edəcək, hökumətin yuxarı eşelonlarında təmsil olunacaqlar. Mən bu xalqı çox sevirəm və biz hakimiyyətə gəldikdə bunu işimizlə təsdiq edəcəyik”.