Gözün aydın, Qırğız gənci!

Gənclər və idman naziri Azad Rəhimov bildirib ki, Azərbaycanda tətbiq olunan gənclər siyasəti modelinin Qırğızıstanda tətbiq olunması istiqamətində işlər görülür. Bu onun göstəricisidir ki, Azərbaycan yeni bir mərhələ yaşayır və donor ölkə kimi çıxış edir.
Əvvəla, bir haşiyə çıxım. Bu donor söhbəti aydındı, ancaq nə qədər aydın olsa da, ağlıma qanköçürmə stansiyası və ya qan deposu kimi müəssisələr gəldi. Elə bil, Azərbaycan gənclərinin qanını sümürüblər, şüşəyə tutublar, indi də başlayıblar başqa xalqların gənclərinə köçürməyə. Bəlkə bütün analizləri bir yana qoyub, elə gənclərimizin qanını şüşəyə tutmağı bu hakimiyyətin gənclər siyasəti kimi qəbul edək, iş də tamam olsun? Yaxşısı, bunu bir variant kimi əlimizdə saxlayaq, başqa bir şey tapmasaq, yapışarıq. Tərkibində “yap” hissəciyi olan sözlərdən də ki heç olmaz. Adamın qanını qaraldır.
Hə, haşiyəni buraxıb, keçək mətləbə. Bir anlıq təsəvvür eləyək: Azərbaycanın gənclər siyasəti necədi, nəymiş və onun hansısa başqa bir ölkədə tətbiq olunmasının bəşəriyyət üçün hansı yaxşı nəticələri ola bilərmiş ki, hətta BMT-nin qatqısıyla bu, dünyaya tətbiq olunmağa başlayıb? Özü də birinci öz türk qardaşlarımıza.
Belə fikirləşirəm ki, gənclər siyasəti deyilən bu zadın əsas tərkib hissəsi “Irəli”çilikdən ibarətdi. Yəni adamlar boyunlarının pioner qalstuku zamanını bitirdiyi andaca yerinə hakim partiya qalstuku asmaq. Körpələr gözlərini açan kimi bələmək, yaxşı-yaxşı sarımaq və südünü-filanını bol eləmək ki, “inqa” eləməyə belə macalı olmasın. Elə “a” eləyən kimi hakimiyyətin döşünü soxursan ağzına, səsini kəsir. Beləcə, cəmiyyət üçün sakit, uslu gənclik yetişir. Başın sakit olur, qulağın dinc! Əsas odu ki, südü bol olsun.
Siyasətin ikinci əsas hissəsi, yəni astarı isə ondan ibarətdi ki, bələyə sığmayan körpələrin, hətta cəsarət eləyib “inqa” deyib sonunda da bir nida qoya bilənləri narkotikdə, polisə müqavimətdə, dövlətçiliyə düşmənçilikdə suçlayıb həbs edir atırsan əvvəlcə onbeşsutkalığa, sonra üçaylığa, sonra da 4-5, 6-7 il iş verirsən, gedir ağıllanmağa. Əgər möcüzə baş verməsə, həmin körpə o illərin içində zindanda yatmaqdan bezib, amallarından, əqidəsindən, üsyankar ruhundan əl götürüb əfv edilir və… azadlığından imtina edib, olur hüquq müdafiəçisi-filan. Öz azadlığını əfvə satan adam başlayır başqalarının azadlığını müdafiə eləməyə. Al sənə gənclik siyasəti!
Heç şübhəm yoxdu ki, Qırğızıstanda layihəyə start verilincə Azərbaycan hakimiyyətinin gənclər siyasəti haqda orada “Irəli”çilər moizə oxuyacaq və necə mütərəqqi bir siyasətlə Qırğızıstana gəldiklərini qırğız gənclərinə müjdələyəcəklər.
Zənnimcə, təsadüfi deyil. Azad Rəhimov təxminən bu layihə haqda açıqlama verdiyi vaxt şəhərin o biri başında gənc fəal, N!DA Vətəndaş Hərəkatının Idarə Heyətinin üzvü, blogger Zaur Qurbanlı (Baş) Mütəşəkkil Cinayətkarlıqla Mübarizə (BAŞ) Idarəsi əməkdaşları tərəfindən saxlanılıb. Evini axtarıblar. BMCMI Zauru Azərbaycanın gənclər siyasətinin əsas prinsiplərindən olan narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı saxlayıb. Bax, elə siyasət də budu: kim bələyə sığmırsa, hakimiyyətin döşlərini qoyub, meylini başqa yerə salırsa, demək, orada narkotik söhbəti var. Bununçün ciddi əməliyyata-zada gərək yoxdu. Gəlirsən, alırsan və gedirsən. Indi Qırğızıstanda Zaurun həbsi xüsusi əhəmiyyətli əyani vəsait kimi istifadə olunacaq.
Gülər Əhmədovanın işiylə isə bundan sonra şəxsən dövlət başçısı məşğul olacaq. Bu məsələni isə siyasiləşdirmək lazım deyil. Illa da gənclər siyasətinə bunun heç bir dəxli yoxdu. Yəni Qırğızıstanda Gülərin adaşları rahat nəfəs ala bilərlər.