“N” adlı ölkədə “n” saylı marketə girəndə düşündüm ki, əcəba, necə bazarlıq edim ki, həm pula qənaət edə bilim, həm də zənbilim dolu olsun. Marketin divar rəflərinə səliqə ilə düzülən göy-göyərtini görəndə çox sevindim. Bəlkə də uzun müddət ot axtaran quzu göy çəmənlik görəndə heç mənim kimi sevinməmişdi. Fikirləşdim ki, göy-göyərti alıb uşaqlara dovğa, qutab, kükü bişirib bir xeyli pula qənaət etmiş olaram. Eynilə ölkəmizdəki kimi.
Zənbilimi çuğundur yarpağı, keşniş, şüyüd, cəfəri, ispanaq dəstələri ilə doldurub kassaya yaxınlaşdım. Ətrafımda olan əcnəbi alıcıların, kassada işləyən xanımın heyrətlə göyərti dolu zənbilimə baxmalarının səbəbini öncə anlamadım. Göyərti torbası üzərinə vurulan qiymət çekini görəndə mən də heyrətlə zənbilimə baxdım. Və hesablamada bir yanlışlıq olduğunu düşündüm. Fikrimi kassada işləyən xanıma bildirəndə, o, təəccüblə əlini göyərti torbasının üstünə qoyub, “bunlar çox dəyərli bitkilərdi” dedi. Xanım və ətrafımdakı alıcılar aldığım göy-göyərtini elə təriflədilər ki, onların keşniş, şüyüd olduğuna şübhə etdim. Elə bildim zənbilimə yığdıqlarım cənnət çiçəkləridi.
Dözməyib, göyərti dəstələrinin hərəsindən bir yarpaq qırıb dadına baxdım: eyni ilə Azərbaycanda əkib-becərdiyimiz, yediyimiz göyərtilərdən idi. Sadəcə, bizdə 10 dəstəsini bir manata aldığımız göyərti “N” adlı ölkədə 20 dollardan da baha idi. Evə gələndə qonşu xanıma əhvalatı danışdım və dedim ki, bu bitkilər bizdə çox ucuzdur, hətta o qədər çoxdur ki, toxumlarını əzib, şirniyyatlara, xörəklərə vururuq. Sonra, özümlə qoğal, dolma bişirmək üçün apardığım keşniş, şüyüd, cəfəri, reyhan toxumlarını ona göstərdim. Qonşu qadın gülərək əlini kürəyimə vurub, zarafatla “sən bir milyonçusan, bizim xəbərimiz yox imiş” dedi…
Zarafat bir yana, ən faciəvi olan odur ki, bizdə təkcə dəyərli bitkiləri deyil, dəyərli insanları da əzib “milli yeməklər”ə qatırlar. Azərbaycanda bir göyərti dəstəsi ilə bir insan eyni dəyərdədir. Azğın polislərin göyərtisatan qadınların torbalarını təpikləyib dağıtdığını, haqqını tələb edən insanların saçlarından yapışıb yerlə sürüdüyünü kim görməyib ki? Etiraf edim ki, “N” adlı ölkənin dükan-bazarında bir ayda xərclədiyimi ölkəmizdə bir ildə də xərcləməmişəm. Amma onu da etiraf edim ki, “ərzağı bahalı ölkə”də bir ayda yaşadığım ömür “INSANı ucuz ölkə”dəki bütün ömrümə dəyər. Çünki mən orda insan kimi yaşadım: qorxu-hürküsüz, dedi-qodudan, şantajdan, böhtandan uzaq. Mən orda sanki yenidən dünyaya gəldim. Sağlığımla bağlı ciddi problemlər iynəsiz, dərmansız həll olundu. Mən indi anladım ki, ölkə xaricinə gedən ən ağır xəstə də niyə sağalıb geri qayıdır. Məşhur klinikalar, peşəkar həkimlər, milyonlar boş söhbətdir. Sağlıq üçün ən əsas azadlıqdır, insana verilən dəyərdir, dedi-qodusuz yaşayan sağlam cəmiyyətdir. Əmin oldum ki, cənnət və cəhənnəmi bu dünyada da görmək mümkündür.
Təəssüf ki, hazırda biz Cəhənnəm vətəndaşlarıyıq. Ölkədə meydan sulayan yüzlərlə siyasi partiyalar, ağsaqqallar şuraları, ağbirçəklər komitələri axı kimə və nəyə lazımdır? Yerindən duran özünü lider, ağsaqqal, ağbirçək sayır. Adam bilmir öz ağlının, ürəyinin səsinə qulaq asıb yaşasın, yoxsa milyonlarla “müdrik məsləhətçinin”. Son vaxtlar ölkədə bir əcaib adət-ənənəni də müşahidə etmişəm: parklara, yolların kənarına əkilən ağacları, gül-çiçəyi elə sirli, gözəgörünməz çərçivəyə salıblar ki, hamısı eyni ölçüdə, eyni formada inkişaf edir. Sanki bağbanlar əllərində yekə qayçılarla bəzək, yaraşıq üçün əkilən ağacların, gül-çiçəyin başı üstündə dəllək kimi keşik çəkirlər: zavallı budaqlar, yarpaqlar, ləçəklər bir damcı uzanan kimi onu kəsib, yolub atırlar. Bəli, ölkədəki gül-çiçək, ağaclar da eynilə vətəndaşlarımız kimi nəzarət altındadır: bitkiləri bağbanlar qayçıları ilə, vətəndaşları isə polislər “dubinka”ları ilə “səliqə-sahmana” salır. Ölkədəki süni səliqə-sahman matəm məclislərinə bənzəyir. Burda sevinmək, ucadan danışmaq, qaqqıldamaq ayıb sayılır…
P.S. Ab-havasıyla məni müalicə və xoşbəxt edən cənnət ölkənin adını qəsdən köşədə yazmıram, hətta dostların da qulağına onun adını pıçılıtı ilə deyəcəyəm. Yoxsa acgöz milyonçularımız hərəsi arxasına beş kisə toxum bağlayıb, ora göyərti əkməyə gedərlər…

Cənnət və cəhənnəmi bu dünyada da görmək mümkündür
•