STOP!!!

Kimsənin haramla qazandığını sona qədər yediyini görən olmadı. Istər prezident olsun, istər nazir, istərsə də deputat, fərq etməz, dövlətdin görəvə layiq bildiyi şəxs halal yolla yaşamalıdır, arvad-uşağı KIŞI kimi dolandırmalıdır, əks-təqdirdə burnundan gələcək, buna kimsə şəkk etməsin. 
Bir neçə ay əvvəl metronun Nərimanov stansiyasının yanındakı parkda – Istanbul çayxanasında uzun illər hüquq-mühafizə orqanlarında yüksək vəzifədə işləmiş bir zavallı mənə öz bioqrafiyasını danışdı və mən o bədbəxtin dedikərini “Azadlıq” qəzetinin dəyərli oxucuları ilə bölüşdüm. Maraq edənlər qəzetin bu internet səhifəsinə nəzər yetirsin. (“http://azadliq.info/index.php?option=com_content&;view=article&id=15661:haramzadnin-aqibti&catid=323:sxavt-lisoy&Itemid=41″.
Xatırlatmaqda məqsədim odur ki, Azərbaycnda bəzi vəzifə sahibləri varlandıqca, qudurur, qudrduqca, gözləri ayaqlarının altını görmür və bir gün əməlləri faş olanda illərlə topladığı sərvəti olmayan MƏNlərinin xilasına sərf etsələr də nəticə hasil olmur. Və görəvlə, mandatla vidalaşmaq beyinə qan sızması ilə sonuclanır. Yəni haramla, cinayət yolu ilə topladıqları burunlarından gəlir.
Rejimin Gülər Əhmədovanı hansı üsulla cəzalandıracağını cümlə siyasətçilər maraqla gözləyir. Olay o qədər ilgincdir ki, təkcə mandatdan məhrumetmə ilə prosesin səngiyəcəyini düşünmək sadəlövhlük olar. Nədən ki, söhbət hər hansı bir JEK müdirinin arayışı pula satmasından və ya gömrük, vergi məmurunun iş adamına “qiymət” oxumasından getmir. Söhbət ölkənin ali qanunverici orqanına üzv olmaq üçün satışa çıxarılan mandatdan gedir və mümkündür ki, bu olayın oxşarları da yaxın zamanlarda təzahür etsin. Çünki Milli Məclis bazarında bir deyil, onlarla deputat mandatı satışa çıxarılır və bu alver haqqında dəfələrlə müxalif mətbuat cəmiyyəti məlumatlandırıb. Fəqət Azərbaycanda qanun hər zaman ZORUN, GÜCÜN, KRESLONUN tərəfində olduğuna görə seçki proseslərində baş verən ağır cinayətlər saya salınmayıb.
2010-cu ilin parlament seçkilərində parlamentə seçilmiş 125 deputatdan neçəsinin halal yolla qələbə qazandığı cəmiyyətə məlumdur. Kimsəyə sirr deyil ki, bu parlamentin siyahısı Bakının Ağ evində tərtib olunur. Iri vəzifə sahibləri- nazirlər, komitə sədrləri, universitet rektorları və oliqarxlar adlarını o siyahıya yazdırmaq üçün min oyundan çıxırlar. O min oyundan çıxmanın açması da hər kəsə bəllidir.
Təbii ki, analoqu olmayan olaydır, dövlətin sütunlarından birində bazar açılıb. YAP Siyasi Şursının bir üzvünün də necə maklerlik etdiyi ortadadır.
Dəyərli oxucu, çox ciddi düşünməyin zamanıdır. DÖVLƏT bazara çıxarılıb, fərqindəsinizmi?
Maklerlər vasitəsi ilə seçilmiş o deputatlar VƏTƏNI, MILLƏTI, DÖVLƏTI necə təmsil edə bilər? Əminəm ki, bu suallara cavab axtaran hər bir Azərbaycan vətəndaşının beynindən bir “STOP” əmri keçir. Dövləti bazara çıxaranlara “STOP” deməyin zamanıdır.
Maklerlərin formalaşdırdığı parlament buraxılmalıdır! Bu olaydan sonra o parlamentin fəaliyyət göstərməsi xalqı təhqir etməkdir. Və özünə, xalqına, dövlətinə az da olsa sayğısı olan kəs o parlamentin qapısını açmaz. Mən belə düşünürəm və əminəm ki, mənim kimi düşünənlərin sayı yetərincədir.
Bəzi şeylər var ki, əbədiyyən gizlində saxlamaq mümkün deyil. Oğurluq, fahişəlik kimi bir şeydir RÜŞVƏT. Mütləq üstü açılır. Və bu faşolmalardan xalq bir nəticə çıxarmalıdır. Xalq dövlətə sahib çıxmalıdır. Xalq rüşvətxor bir rejimə “STOP” deməlidir. “STOP” deməlidir ki, dövləti hərraca çıxaranlar geri çəkilsin…
YAP Siyasi Şursının üzvü, deputat Gülər Əhmədova mənsub olduğu iqtidarın cinayət əməllərindən birinin üstünü məharətlə açdı. Sırada kimdir?